Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5065/2024 25.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1486/2022 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin məbləğini artırıb, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün sabit pul məbləğində ayda hər uşaq üçün 230 manat olmaqla, cəmi 460 manat alimentin tutulması, həmçinin ödənilən 50 manat mediasiya ödənişinin alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdehlə birgə nikahlarından 2015-ci ildə Günay və 2018-ci ildə Zeynəb adlı uşaqları anadan olmuşdur. Alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmiş, Gəncə Şəhər Məhkəməsinin 2022-ci il tarixli qətnaməsi ilə hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat məbləğində aliment kəsilmişdir. Uşaqların hər ikisi məktəblidir. Onların təhsil, geyim, yemək və s. xərclərini qarşılamaqda çətinlik çəkir. Həmin məbləğ uşaqların saxlanılması üçün kifayət deyildir. Cavabdeh 2 ildir ki, uşaqlarla maraqlanmır. Uşaqların ehtiyaclarını qarşılamaqda çətinlik çəkir, heç yerdə işləmir. Cavabdeh isə iş yerindən əlavə olaraq taksi fəaliyyəti ilə məğul olur.İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib, məhkəməyə yazılı etirazını təqdim etdiyini bildirərək izahatında göstərdi ki, əmək haqqı 700 manat olmaqla, Daşkəsən rayon Mərkəzi Xəstəxanasında sürücü işləyir. Əlavə heç bir yerdən gəliri yoxdur. Əmək haqqında isə artım olmamışdır, 320 manat aliment ödəyir. Hazırda başqa ailəsi vardır və uşağı dünyaya gələcəkdir. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- AZ-İİİ 687230 nömrəli və AZ-İV 119850 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2015-ci ildə Günay və xx.xx.2018-ci ildə Zeynəb adlı uşaqları anadan olmuşdur. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1486/2022 nömrəli qətnaməsindən görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-423/2021 nömrəli qətnaməsi ilə xx.xx.2015-ci ildə anadan olmuş X3 və xx.xx.2018-ci ildə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşağa görə 140 manat məbləğində tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 160 manat müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli, MŞG/1-01549 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə, saat 11:00da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmiş, 55 manat mediasiya xərcini İddiaçı tam ödəmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra - AM) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Göründüyü kimi Qanunvericiliklə, uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1486/2022 nömrəli qətnaməsi əsasında xx.xx.2015-ci ildə anadan olmuş X3 və xx.xx.2018-ci ildə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək tutulan alimentin miqdarı artırılaraq, hər ay hər biri üçün 200 manat sabit pul məbləğində müəyyən edilməklə Cavabdeh alınıb İddiaçı xeyrinə ödənilməlidir. Göründüyü kimi, iddiaçı aliment təyin olunandan sonra uşaqların böyüyərək tələbatının artmasını əsas gətirib alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 230 manat müəyyən edilməsini tələb etmişdir. «X7» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddiaçı tərəfindən cavabdehin gəlirləri barədə sübut təqdim etməməsini, ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 235 manat müəyyən edilməsini, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, alimentin məbləğinin qismən artırılaraq hər ay hər uşaq üçün 200 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Bundan başqa Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməli olduğu halda, iş üzrə ödənilməmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə ödənilmiş 50 manat mediasiya xərci cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2015-ci ildə anadan olmuş X3 və xx.xx.2018-ci ildə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1486/2022 nömrəli qətnaməsi əsasında hər uşağa görə tutulan 160 manat alimentin miqdarı artırılaraq, hər ay hər uşaq üçün 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilsin və qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh alınıb İddiaçı verilsin. Cavabdeh dövlət rüsumu hesabına 30 manat alınaraq dövlət büdcəsinə, 50 manat mediasiya xərci alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-5065/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5065/2024
25.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver