Məhkəmə qərarları › İş №2(125)-5122/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5122/2025

20.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5122/2025 20.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixdə Gəncə şəhəri 5 saylı notariat ofisində 18000 manat məbləğində bağlanmış borc kredit müqaviləsinə əsasən həmin məbləğdə pulun, müqaviləyə görə ödədiyi 92 manatın, dövlət rüsumu kimi ödənilmiş 145 manat pulun cavabdehlərdən alınıb ona ödənilməsinə, eləcə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əməllərində 18000 manat pulun ələ keçirilməsinə görə cinayət faktının olmasına görə MPM-in 265.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlərlə aralarında Gəncə şəhəri 5 saylı notariat ofisində kredit borc müqaviləsi bağlanmaqla 92 manat rüsum ödənilərək, cavabdehlərə 18000 manat məbləğində nəğd şəklində borc pul vermiş, 2019cu ildən başlayaraq, pandemiya şəraitinə düşdüklərindən, cavabdehlər tərəfindən xahiş olunmuşdur ki, pulun geri qaytarılması üçün bir az müddət uzadılsın. O da sahibkar olaraq cavabdehlərin düşdükləri vəziyyətdən çıxmaları üçün müəyyən vaxt pulu tələb etməmişdir. Artıq xeyli müddət vaxt keçməsinə baxmayaraq, cavabdehlər aralarında olan borc kredit müqaviləsinin şərtlərinə əməl etməyərək, borcu qaytarmaqdan yayınmış, onun zənglərinə cavab verməmiş, borcun qaytarılması öhdəliklərinə əməl etməmişdirlər. Bu da notariatda bağlanmış müqavilənin bütün şərtlərinin bilə-bilə qərəzli surətdə qəsdən dələduzluq etməklə pozulmasının sübutudur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, cavabdeh əvvəl onun yanında işləmiş, tanışlığı bu cür olmuşdur. Daha sonra özü satmaq üçün ondan mal almışdır. Maşın ona məxsus olmuş, cavabdeh həmin maşınla rayonlara mal aparıb satmışdır. Cavabdehin 18000 manat pulu ondan almasındakı məqsəd isə o olmuşdur ki, cavabdehə nisyə mal satmamış, demişdir ki, borc müqaviləsi bağlasınlar, nəğd pulunu verib malını alsın. Cavabdeh isə tək ondan yox, başqasından da mal ala biləcəyini demişdir. Beləliklə notariat qaydada müqavilə bağlanmış, cavabdehə demişdir ki, pulu borc kimi götürüb kimdən istəyir mal alıb satsın, həmçinin onun malını da satsın. Bir müddət həm nəğd, həm nisyə işləmiş, daha sonra müxtəlif bəhanələrlə borcunu ödəməmişdir. Həmin pul ona qaytarılmamış, yalnız cavabdeh onun malını aldığı zaman malın pulunu verməklə həmin pulun 1/5, 1/6 hissəsini ona qaytarmış, başqa yolla qaytarmamışdır. Borc müqaviləsi bağlanan zaman cavabdehin özünə etibar etməmiş, ona görə yoldaşının da gəlib qol çəkməsini demişdir. Birinci məhkəmə iclasından sonra cavabdeh borcundan 6000 manat ödəyəcəyini, qalanını da hissə-hissə ödəyəcəyini təklif etmiş, dəfələrlə görüşsələr də, yola verməsini, evi satıb ödəyəcəyini demiş, özünə maşın almış, ancaq borcunu qaytarmamışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, 2 ildən artıq iddiaçının yanında işləmiş, meyvə qurularının satışı ilə məşğul olmuşdur. Həm satıcı, həm də sürücü kimi işləmiş marketlərə aparıb mal təhvil-təslimi etmişdir. İşlədiyi müddətdə iddiaçıya 12000 manat ticarət borcu yaranmışdır. Özünün razılığı ilə nisyə mal satmış, sonra pulunu ala bilmədiyi üçün borcu yaranmışdır. Mal satdığı müştəridən 7000 manat alacağı vardır, lakin ala bilməmişdir, aldığı zaman borcunu ödəyəcəkdir, heç bir etirazı yoxdur. 2 il işlədiyi müddətdə maaş almamasının səbəbi də həmin borcu olmuşdur. İddiaçı nə vaxt borcları yığıb versə, maaşını da həmin vaxt verəcəyini demişdir. Ancaq həmin borcun hazırki iddiada göstərilən 18000 manatla əlaqəsi yoxdur. İddiaçı ona şərt qoymuşdur ki, borc müqaviləsinə qol çəksin, işləsin. İşsiz qalmaq istəmədiyi üçün qol çəkmişdir. Borcu 12000 manat olmuş, iddiaçı 18000 manat yazdırmışdır ki, “Onsuz işləyirik, qoy artıq olsun.” Yoldaşı Günelə isə özü demişdir ki, iddiaçı tək ona etibar etmədiyindən gəlib qol çəksin. Yoldaşının həmin pula əli dəyməmişdir. Pul sənəd üzərində onun adında qalmışdır. Muğan Bankda iddiaçı 9000 manat onun, 9000 manat yoldaşının hesabına pul qoymuş, 10 dəq sonra həmin pulu çıxarıb, maşında iddiaçının özünə təhvil vermişdir. Aralarında güvən olduğuna görə iddiaçıya inanmışdır. İddiaçı isə məhkəmə qarşısında yalan iddia qaldırmışdır. Digər Cavabdeh2 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarında olan:- Gəncə şəhəri 5 saylı notariat ofisində təsdiqlənmiş xx.xx.2019-cu il tarixli, 3M-483 reyestr nömrəli borc müqaviləsindən görünür ki, borc verən İddiaçı borc alanlar Cavabdeh1 və Cavabdeh2 18000 manat məbləğində borc pul verməyi, borc alanlar Cavabdeh1 və Cavabdeh2 isə borcu xx.xx.2020-ci il tarixədək borc verənə qaytarmağı öz öhdəsinə götürmüşdür. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında borc müqaviləsi bağlanmış, cavabdehlər iddiaçıdan 18000 manat məbləğində borc almışdır. İddiaçı iddia etmişdir ki, cavabdehlər 18000 manat məbləği xx.xx.2020-ci il tarixədək qaytarmağı öhdələrinə götürsələr də, aldıqları pulu qaytarmayaraq müqavilənin şərtlərini pozaraq, öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdirlər. Cavabdeh1 iddia tələbinə qarşı etiraz edərək öz etirazının əsası kimi, həmin pulun sənəd üzərində ona verildiyini, müqavilə bağlandıqdan 10 dəq sonra 18000 manat məbləğində pulu bank hesabından çıxararaq, iddiaçıya təhvil verdiyini, iddiaçı ilə birlikdə işlədiklərinə görə aralarında olan güvən münasibətlərinə inanaraq bunu etdiyinə istinad etmişdir. Lakin həmin pulu iddiaçıya qaytarmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, işdə olan sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İddia tələbinin 92 manat notariat xərcinin tutulması ilə bağlı məhkəmə hesab edir ki, bununla bağlı sübut təqdim edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin olunaraq, cavabdehlərdən müştərək qaydada 18000 manat pul alınıb iddiaçının xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş 145 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 18000 (on səkkiz min) manat məbləğində pul və 145 manat dövlət rüsumu alınıb İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar