Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5165/2025 27.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borc olaraq verdiyi qızıl-zinət əşyalarının ümumilikdə dəyərinin, yəni 2500 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 45 manat məbləğində pulun cavabdehdən alınaraq onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 25 ildir tanıyır, onunla birlikdə Tibb Kollecində təhsil almışdır və bir-birləri ilə mütəmadi əlaqələri olmuşdur. Cavabdeh Gəncə şəhər 3 saylı xəstəxanada təcrübə keçən zaman onunla daha yaxın münasibətdə olmuşdur. Belə ki, Cavabdeh ona bildirmişdir ki, hal-hazırda oğlu nişanlıdır, xahiş etmişdir ki, Gəncə univermağında qızıl-zinət əşyalarının satışı ilə məşğul olan yaxın adamından qızıl-zinət əşyaları götürsünlər, hissə-hissə ödəyəcəkdir. Həmçinin cavabdeh həyat yoldaşının və oğlanlarının işlədiyini bildirərək, hər ay oğlunun əmək haqqından 300 manat ödəmək imkanının olduğunu bildirmişdir. Onunla aralarında olan səmimi münasibətə inanaraq, onun xahişini yerinə yetirib, Gəncə univermağında işləyən tanışından qızıl-zinət əşyalarını öz adına götürüb cavabdehə vermişdir. Cavabdeh öncədən götürdüyü qızıl-zinət əşyalarının pulunu danışdıqları kimi vaxtlı-vaxtında mütəmadi olaraq ödəmişdir. Lakin, cavabdeh sonuncu dəfə götürdüyü 3200 manat məbləğində qızıl-zinət əşyalarının pulunu verməkdən dolayısı yollarla imtina etmişdir. O, 2024-cü ilin dekabr ayında Gəncə şəhər 3-cü Polis Bölməsinə iş üzrə Cavabdeh qarşı 3200 manat pul tələbinə dair şikayət etdikdən sonra o, ümumi borcundan üç dəfə ödəməklə ümumilikdə 700 manat məbləğində ödəniş etmişdir. Lakin cavabdeh qalıq 2500 manat məbləğində olan borcunu ödəməkdən dolayısı yolla imtina etmişdir. Beləliklə cavabdehin ona 2500 manat məbləğində borcu yaranmışdır. Cavabdeh 2500 manat məbləğində olan borcunu qaytarmasına dair dəfələrlə müraciət etsə də, cavabdeh müxtəlif bəhanələrlə borcunu qaytarmaqdan yayınaraq, imtina etmişdir. O, mütəmadi olaraq onunla üz-üzə və ona məxsus olan mobil nömrələri ilə əlaqə quraraq, borc olaraq verdiyi qızılzinət əşyalarının pulunu qaytarmasını tələb etsə də, hər dəfə ona olan borcunu olduğu kimi etiraf edərək, gündə bir vaxt təyin edib qaytaracağını bildirmişdir. Lakin cavabdeh dörd aya yaxındır ki, ona olan borcunu qaytarmamışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, cavabdehi lotereyaya qoşmuşdur ki, borcunu hissə-hissə də olsa ödəsin. Ancaq cavabdeh borcunu ödəmədiyi üçün məcbur olub kredit götürərək, qızıl-zinət əşyalarının pulunu ödəmişdir. Hazırda cavabdehin ona 2500 manat borcu olduğunu göstərərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək, iddiaçıya 2500 manat məbləğində borcu qaldığını göstərmişdir. İddiaçı iddia etmişdir ki, cavabdehin xahişi ilə Gəncə univermağında işləyən tanışından qızıl-zinət əşyalarını öz adına götürüb cavabdehə vermişdir. Cavabdeh həmin qızıl-zinət əşyalarının dəyərini hər ay hissə-hissə ödəyəcəyini öhdəsinə götürsə də, bir hissəsini ödəməklə yerdə qalan 2500 manat məbləği ödəməkdən yayınmışdır. Cavabdeh xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iddianı qəbul edərək, iddiaçıya 2500 manat məbləğində borcu qaldığını göstərmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında qızıl-zinət əşyalarının borc verilməsi ilə bağlı razılaşma olmuş, cavabdeh iddiaçıdan 3200 manat dəyərində qızılzinət əşyasını borc almışdır. Lakin cavabdeh borc aldığı qızıl-zinət əşyasının dəyərinin bir hissəsini ödəmiş, yerdə qalan 2500 manatını qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. MM-in 329.2-ci madəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Göründüyü kimi, tərəflər arasında şifahi razılaşma olmuş, cavabdeh iddiaçıdan 3200 manat dəyərində qızıl-zinət əşyasını borc almış, həmin məbləğin 700 manatını qaytarsa da, qalan 2500 manatını qaytarmadığı üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Bununla yanaşı məhkəmə hesab edir ki, tərəflər arasında 3200 manat dəyərində qızıl-zinət əşyasının borc verilməsinə dair müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından onlar arasında bağlanmış razılaşma etibarsızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Bununla belə tərəflər arasında borc müqaviləsinə dair şifahi razılaşma üzrə iddiaçı tərəfindən 3200 manat dəyərində qızıl-zinət əşyasının cavabdehə verilməsi və cavabdeh tərəfindən həmin məbləğin 2500 manatının qaytarılmaması iş materiallarında olan sübutlarla və cavabdehin etirafı ilə öz təsdiqini tapır. Bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmış hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 2500 manat pul alınaraq İddiaçı verilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş 45 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 2500 (iki min beş yüz) manat pul və 45 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-5165/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5165/2025
27.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver