Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5168/2023 18.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3600 manat məbləğində pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh yaşadığı küçənin baş tərəfində kirayə ət dükanı işlədirdi, iri buynuzlu və xırda buynuzlu heyvanlar alıb kəsərək həmin dükanda satırdı. İddiaçı da bir neçə dəfə ondan ət almışdır. Bu vasitə ilə də tanışlıqları olub. İddiaçının Samux rayonunun Qiyaslı kəndində 4 baş iri buynuzlu ətlik heyvanları olmuş, pul lazım olduğuna görə cavabdehlə görüşüb 4 baş iri buynuzlu heyvanlarını satmaq istədiyini bildirmişdir. Bundan sonra cavabdeh iddiaçı ilə birlikdə gedərək kənddə heyvanlara baxmış və tərəflər 4 baş iri buynuzlu heyvanları 3600 manata razılaşmışlar. Cavabdeh, 05 mart 2023-cü il tarixdə iddiaçı ilə görüşüb 3600 manat pulu 1 həftəyə verəcəyini bildirərək həmin heyvanları aparmış və apardığı heyvanları kəsib satmışdır. Aradan bir həftə keçəndən sonra iddiaçı cavabdehdən pulunu tələb etdikdə cavabdeh bir həftə də vaxt istəmişdir ki, nisyədə olan ətin pullarını yığıb verəcək. O da cavabdehin dediyi sözə görə onu 10 gün də gözləmişdir. On gündən artıq vaxt da tamam olsa da cavabdeh borclu olduğu 3600 manat pulu qaytarmamışdır. Cavabdeh hər gün bir bəhanələr edərək pulu qaytarmadığı üçün iddiaçı məcbur olub bu barədə xx.xx.2023-cü il tarixdə Samux RPŞ-nə ərizə ilə müraciət etmiş, Samux RPİ-nin xx.xx.2023-cü il tarixli cavab məktubunda ona bildirilmişdir ki, müraciəti mülki xarakterli olduğu üçün məhkəməyə müraciət edə bilər. Aradan 5 ay keçməsinə baxmayaraq cavabdeh pulu vermədiyi üçün o məcbur olub hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddiasını müdafiə edərək onun məzmununa uyğun izahat verdi və cavabdehin iştirakı olmadan mülki işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməyərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 238.1-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin baxış iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, iddiaçını çoxdan tanıyır, həm dostu, həm də həmkəndlisidir. 3 ay həmin dörd baş iri buynuzlu heyvana o, baxmışdır. Bir gün iddiaçı gəlib ona demişdir ki, “bir nəfər var, gəl heyvanları ona sataq”. Təxminən bir neçə ay bundan əvvəl iddiaçı heyvanları satmaq istədiyi şəxslə gəlib heyvanları maşına yığıb aparmışdır. Məhkəmə, iddiaçının izahatını və şahidin ifadəsini dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Məhkəmə ilk öncə qeyd edir ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. Hazırki iş üzrə tərəflər arasında “nisyə alğı-satqı müqaviləsi” adlanan xx.xx.2023-cü il tarixli şifahi müqavilənin bağlanması işin müəyyən edilmiş halıdır. Belə ki, bu hal iddiaçının izahatı ilə yanaçı iş üzrə şahid ifadəsi ilə təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (maddə 600.1). Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir (maddə 601.2). Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir (maddə 529.1). Beləliklə, iddiaçının izahatına və şahid ifadəsinə əsasən məhkəmə hesab edir ki, xx.xx.2023-cü ildə tərəflər arasında dörd baş iribuynuzlu heyvanın nisyə alqı-satqısına dair şifahi alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin razılaşmaya əsasən iddiaçı qeyd edilən heyvanları 3600 manat müqabilində cavabdehə satmış, cavabdeh isə heyvanların dəyərini bir həftəyə verəcəyini vəd etsə də heç bir ödəniş etməmişdir. Göründüyü kimi, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, nisyə alqı-satqı müqaviləsi üzrə əşyanı cavabdehə vermiş, cavabdeh isə nisyə alqı-satqı müqaviləsi əsasında iddiaçıdan əşyanı almasına dair hüququndan istifadə etmiş, əşyanın dəyərini ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Hazırda iddiaçı cavabdehdən nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış borcunu tələb edir. Odur ki, məhkəmə hesab edir ki, nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 3600 manat borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlar borcun olduğunu təsdiq edir, cavabdeh tərəf isə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlı olsa da məhkəməyə gəlməmiş, iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, 3600 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 57 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 3600 (üç min altı yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 57 (əlli yeddi) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qiyabi qətnamənin rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə, Gəncə Şəhər Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-5168/2023
Gəncə Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(125)-5168/2023
18.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver