Məhkəmə qərarları › İş №2(125)-5268/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5268/2023

25.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5268/2023 25.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa görə 220, cəmi 440 manat sabit pul məbləğində Cavabdeh alimentin artırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2016-cı ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X5 anadan olmuşlar. Cavabdehlə bir müddət mehriban yaşasalar da, aralarında xx.xx.2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinin 2(125)- 202/2023 saylı qətnaməsinə əsasən nikahları pozulmuşdur. Məhkəmə qətnaməsi ilə hər uşağın saxlanılmaları üçün 75 manat, cəmi olaraq 150 manat məbləğində aliment müəyyən edilərək ona ödənilməsi qət edilmişdir. Cavabdeh aylıq gəlirə nisbəti ilə daha az aliment ödəyir. Tərəfindən mediasiya təşkilatına müraciət edilmiş və ilkin mediasiya sessiyası təyin edilmişdir. Cavabdeh ilə mediasiya sessiyasında razılığa gəlmədiklərindən xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. 50 manat məbləğində mediasiya xərci tam şəkildə onun tərəfindən ödənilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, İddiaçı ilə birgə nikahlarından doğulmuş Əlirza və Xədicə adlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment ödəməyə razıdır. Odur ki, iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etdi. İddia ərizəsinə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş yazılı sübutlar; Gəncə Şəhər Məhkəməsinin 2(125)-202/2023 nömrəli, 18 yanvar 2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, X6 ilə Cavabdeh Fərhad oğlu arasında xx.xx.2016-cı ildə Gəncə “ASAN Xidmət” mərkəzinin Qeydiyyat şöbəsində 1300 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X1 iddiaçı X2 yanında saxlanılması və xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh Fərhad oğlundan xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 75 manat olmaqla, cəmi 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilməsi qət edilmişdir. AZ-T seriyalı, 204370 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.2019-cu il tarixdə doğulmuşdur. Valideynləri atası – Cavabdeh, anası – X4r. AZ-T seriyalı, 117806 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2017-ci il tarixdə doğulmuşdur. Valideynləri atası – Cavabdeh, anası – X4r. AZ-İ seriyalı, 450018 nömrəli, 13 aprel 2023-cü il tarixli, Gəncə şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X6 arasında nikah Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-202 saylı qətnaməsinə əsasən pozulmuşdur. Nikaha 03 mart 2023-cü il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 15 mart 2023-cü il tarixdə 137 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişiyə “Əhmədov”, qadına “Heydərova” soyadı verilmişdir. 19 iyun 2023-cü il tarixli, MŞG/1-MT007/2023-02007 nömrəli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə arayışdan görünür ki, bu arayış İddiaçı və Cavabdeh 17 iyun 2023-cü il tarixində, 12:00 saatlarında və xx.xx.2023cü il saat 14:00-da “alimentin artırılması” mübahisəsi üzrə keçirilən ilkin mediasiya sessiyasında iştirak etdiyini təsdiq etmək üçün verilir. Lakin, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, hesab edir ki, uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün sabit pul məbləğində müəyyən edilən alimentin miqdarının artırılması hissəsində iddia qismən təmin edilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş sübutların bilavasitə tədqiqi zamanı aydın oldu ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-202/2023 nömrəli, 18 yanvar 2023-cü il tarixli qətnaməsinə əsasən X6 ilə Cavabdeh Fərhad oğlu arasında xx.xx.2016-cı ildə Gəncə “ASAN Xidmət” mərkəzinin Qeydiyyat şöbəsində 1300 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X1 iddiaçı X2 yanında saxlanılması və xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh Fərhad oğlundan xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 75 manat olmaqla, cəmi 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilməsi qət edilmişdir. Lakin, həmin vaxtdan uşaqlar böyüdüyü və onların xərclərinin artdığı üçün qət edilmiş hər ay hər uşaq üçün 75 (yetmiş beş) manat olmaqla, cəmi 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment uşaqların saxlanması üçün yetərli olmadığından, cavabdeh uşaqların saxlanılması üçün iddiaçıya əlavə maddi yardım göstərmədiyindən, İddiaçı “alimentin artırılması” tələbinə dair mediasiya şurasına müraciət etmiş, tərəflər arasında razılıq əldə olunmamış, o səbəbdən də iddiaçı “alimentin artırılması” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün aliment miqdarının artırılaraq, hər uşağa görə 220, cəmi 440 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı cavabdehin mövcud gəlirləri barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Cavabdeh isə İddiaçı ilə birgə nikahlarından doğulmuş Əlirza və Xədicə adlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment ödəməyə razı olduğunu, iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə isə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinin tələbinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 №-li Qərarının 8.14-cü bəndində məhkəmələrin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanması qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün alimentin artırılması iddiaçının müəyyən etdiyi məbləğdə deyil, qismən təmin edilməlidir. Belə ki, uşaqlar böyüdükcə onların tələbatları və saxlanma xərclərinin nisbətən artması, hazırda uşaqların azyaşlı olmasını, tərəflərin ailə və maddi vəziyyəti nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehin gəlirləri barədə sübut təqdim edə bilməsə də, ötən vaxt nəzərə alınmaqla hazırki iş üzrə alimentin məbləği artırılan zaman əvvəlki qətnamə üzrə təyin olunan alimentin məbləği ilə yeni müəyyən olunacaq alimentin məbləği arasında mütənasiblik gözlənilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla iddiaçının tələbinin qismən əsaslı olmasına dəlalət edir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını, məhkəmə iclası zamanı müəyyən olunmuş halları, uşaqların maddi tələbat səviyyəsini, tərəflərin maddi və ailə vəziyyətini, tərəflərin gəlirləri barədə sübutların təqdim edilməməsini və habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşaqları saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu nəzərə alaraq, tərəflərin birgə ailə münasibətindən doğulmuş uşaqların təminatının mümkün qədər maksimal saxlanması üçün iddia tələbi qismən təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə tərəflərin faktiki ailə münasibətlərindən doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün Cavabdeh İddiaçı xeyrinə Gəncə Şəhər Məhkəməsinin 2(125)-202/2023 nömrəli, 18 yanvar 2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş, hər ay hər uşaq üçün 75 (yetmiş beş) manat olmaqla, cəmi 150 (bir yüz əlli) manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilməlidir. İddia tələbi üzrə miqdarı dəyişdirilmiş (artırılmış) alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı mediasiya xərci üçün ödədiyi məbləği tələb etmədiyindən həmin xərc onun özünə aid edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, İddiaçı olduğundan dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün ona hər ay cavabdeh tərəfindən ödənilməli olan alimentin artırılmış hissəsi 150 manat olmaqla, həmin məbləğin bir il ərzində məcmusu 1800 manat təşkil etdiyindən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən Cavabdeh 38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-202/2023 nömrəli, 18 yanvar 2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılsın və xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilsin. Artırılmış hissədə alimentin tutulması, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə mediasiya xidməti üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Cavabdeh 38 (otuz səkkiz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar