Məhkəmə qərarları › İş №2(125)-531/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-531/2025

17.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-531/2025 17.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 25129,45 manat əsas borc, 1536,05 manat faiz borcu və 3,57 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 26669,07 manat borcun və 170,01 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia həcminin artırılmasına dair ərizə ünvanlayaraq Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 25129,45 manat əsas borc, 2794,07 manat faiz borcu və 33,1 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 27956,62 manat borcun və 170,01 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 03 aprel 2024-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 17,5 faizlə 48 ay müddətinə 25500 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 2024-cü ilin sentyabrın 25-dək Cavabdeh1 banka xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 25129,45 manat əsas borc, 1536,05 manat faiz borcu və 14,29 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 26679,79 manat borcu vardır. Cavabdeh1 3.04.2024-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 14,29 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 3,57 manat məbləğində tələb olunmuşdur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən yayınmışdır. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, iddia həcminin artırılmasına dair ərizə təqdim etmişdirlər. Borcluya pretenziya məktubu göndərildikdə müqavilə ləğv olunmamış, sadəcə xəbərdarlıq edilmişdir. 5 gün müddətində borc ödənilmədiyi təqdirdə birtərəfli qaydada müqavilə ləğv olunur. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2024-cü il tarixli, 10-Z1-3-0-1278-24 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 17,5 faizlə 48 ay müddətinə 25500 manat məbləğində kredit verilmişdir. xx.xx.2024-cü il tarixli, 10-Z1-3-0-1278-24 saylı kredit müqaviləsinə əlavə edilən ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 krediti hissə-hissə ödəmək şərti ilə xx.xx.2028ci ilə qədər ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli, Z/05733/24 nömrəli zaminlik müqaviləsindən görünür ki, öhdəliyin icrasının təminatı kimi zamin Cavabdeh2 borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti üzərinə götürmüşdür. xx.xx.2024-cü il tarixli kassa məxaric qəbzindən görünür ki, Cavabdeh1 İddiaçı ASCdən 25500 manat məbləğində pulu qəbul etmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixli, 10-Z1-3-0-1278-24 saylı kredit müqaviləsi üzrə 25129,45 manat əsas borc, 1536,05 manat faiz borcu və 14,29 manat cərimə olmaqla, ümumilikdə 26679,79 manat məbləğində borcu qalmışdır. xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixli, 10-Z1-3-0-1278-24 saylı kredit müqaviləsi üzrə 25129,45 manat əsas borc, 2794,07 manat faiz borcu və 33,1 manat cərimə borcu olmaqla, ümumilikdə 27956,62 manat məbləğində borcu qalmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında zaminliklə təmin olunmuş kredit müqaviləsi bağlanmış, xx.xx.2024-cü il tarixli, 10-Z1-3-0-1278-24 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-dən illik 17,5 faiz olmaqla, 48 ay müddətinə 25500 manat məbləğində kredit götürmüş və zamin Cavabdeh2 borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdehlər müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdurlar. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, mülki işə əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in 472.2-ci maddəsinin tələbinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iddia tələbinin iddia həcminin artırılması hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə iddia təmin edilməməlidir. Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə bildiriş verərək müqavilə üzrə vaxtı çatmamış borcun bütövlükdə geri qaytarılmasını tələb etməklə müqaviləni ləğv etməsinə baxmayaraq müqavilə ləğv olunduqdan sonra da faiz borcu tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü l tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Həmin qərarda qeyd olunur ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı kredit müqaviləsi üzrə bütün borcu geri tələb etməsinə dair borcluya verdiyi bildirişdə əlavə müddət bitdiyi tarixdən müqavilə ləğv olunmuş sayıldığına görə bundan sonrakı dövr üçün cavabdehdən müqavilə üzrə faizi tələb edə bilməz. Odur ki, iddiaçı həmin tarixdən etibarən borcun tam qaytarıldığı vaxtadək öhdəliyin icra edilməməsinə görə faiz formasında zərərin (əgər digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, ən azı illik beş faizin) ödənilməsini borcludan tələb edə bilər. Kredit borcunun borclu Cavabdeh1 və zamin Cavabdeh2 müştərək qaydada tutulmasına gəldikdə isə məhkəmə qeyd edir ki, müqavilənin şərtlərinə görə iddiaçı tərəfindən kredit, zaminə kreditin tam qaytarılmasında iştirak etməyə borclu edən şəkildə verilmişdir. Ona görə də cavabdeh və zamin iddiaçı qarşısında birgə borclu olduqlarından iddiaçı qalan borcun ödənilməsini onların hər birindən tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2024-cü il tarixli, 10-Z1-3-0-1278-24 saylı kredit müqaviləsi üzrə 25129,45 manat əsas borc, 1536,05 manat faiz borcu və 3,57 manat cərimə olmaqla, cəmi 26669,07 manat kredit borcu tutuluraq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş 170,01 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2024-cü il tarixli, 10-Z1-3-0-1278-24 saylı kredit müqaviləsi üzrə 25129,45 manat əsas borc, 1536,05 manat faiz borcu və 3,57 manat cərimə olmaqla, ümumilikdə cəmi 26669,07 (iyirmi altı min altı yüz altmış doqquz manat 07 qəpik) manat pul və dövlət rüsumunun əvəzi olaraq 170,01 manat alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar