Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-5320/2024 05.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və ilkin ödənişin qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə xx.xx.2023-cü il tarixdə bağladığı 03513736 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehdən güzəştli şərtlərlə, 150 manat məbləğində ilkin ödənişin alınıb ona qaytarılması, ödədiyi 30 manat dövlət rüsumunun və iddia ərizəsinin tərtibinə görə “Hüquqi Xidmət Mərkəzinə” ödədiyi 70 manat xidmət haqqının cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi, həmçinin əlavə etdi ki, mübahisənin qabaqcadan həlli üçün məhkəmədən kənar (pretenziya qaydasında) cavabdehə müraciət etmişdir, lakin bunu təsdiq edən sənədi evdə qalmışdır. Cavabdehin nümayəndəsi X1 məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı nisyə qaydada mağazadan mobil cihaz əldə etmişdir, lakin qızıl zəmanəti olmamışdır, sadəcə istehsalçının verdiyi adi zəmanət olmuşdur. Əgər iddiaçının qızıl zəmanəti olsa idi, cihazı maye keçmə zamanı ödənişsiz təmir edilərdi. İddiaçı bir müddət cihazdan istifadə etdikdən sonra malda qüsur olması ilə bağlı müraciət etmişdir. Bu zaman iddiaçının müraciətinə uyğun malı mütəxəssis tərəfindən servis mərkəzində müayinə edilmişdir. Müayinə nəticəsində verilən akta görə malda maye keçmə aşkar edilmiş, yaranmış nasazlığın səbəbi bu olmuşdur. Yəni malda maye keçmə olması istehlakçı kimi iddiaçının istismar qaydasını pozmasından irəli gəlir. Bu hal zəmanətə aid olmadığından, istehsalla bağlı qüsur olmadığı üçün iddiaçıya ödənişli təmir təklif edilmişdir. Lakin o, razılaşmamış və çıxıb getmişdir. Həmin vaxtdan sonra müştəriyə dəfələrlə zənglər edilsə də, o cavabdehə qarşı iddia qaldırmamış və mövqeyini bildirməmişdir. Sadəcə iddiaçıya qarşı məhz pul iddiası ilə məhkəməyə müraciət etdikdən sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Bu da göstərir ki, iddiaçının iddiası əsassızdır, sadəcə vaxt udmaq istəyir. İşə əlavə edilən çıxarışdan da görünür ki, məhsulda həqiqətən maye keçmə halı olmuşdur. Yaranmış hal satıcıdan və istehsalçıdan asılı olan hal deyildir. Buna görə də, iddiaçıya ödənişli xidmət göstərilə bilər. İddiaçının hazırki iddiasının heç bir hüquqi əsası yoxdur. Bir digər tərəfdən, iddiaçının hazırki iddiası müqavilənin ləğv edilməsi ilə bağlı olsa da, iddiaçı məhkəməyə qədər pretenziya qaydasında cavabdehə müraciət edərək müqavilənin ləğv edilməsi ilə bağlı mövqeyini bildirməmişdir. Odur ki, Gəncə şəhərində nümayəndə olmadığı üçün məhkəmə hazırlıq iclasının iştirakları olmadan keçirilməsini və qeyd edilənlərə əsasən, iddiaçının pretenziya tələbinə əməl edilmədən irəli sürülən müqavilənin ləğvi tələbinə dair ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin vəsatətini nəzərdən keçirərək hesab edir ki, verilmiş vəsatət təmin olunmalı, iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1, 260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdehnə qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və ilkin ödənişin qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-5320/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-5320/2024
05.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver