Məhkəmə qərarları › İş №2(125)-5357/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5357/2024

02.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5357/2024 02.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İsa oğlunun sədrliyi, Bayramova Zöhrə Oktay qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmədə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1400 manat pulunun və 34 manat məbləğində dövlət rüsumunun alınaraq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Mingəçevir şəhərində yaşayır və Cavabdeh uzun illərdir ki tanıyır. Belə ki, o, əvvəlcə ona su filtiri satmış, daha sonra münasibətləri yaranmışdır. Pula ehtiyacı olmasını bildirmiş və onu inandırmışdır ki, vaxtında borcunu qaytaracaqdır. O da bankdan kredit götürüb cavabdehə vermişdir. Ayrı-ayrı vaxtlarda 800 manat, 200 manat, 140 manat, 120 manat, 40 manat və 100 manat şəxsi kartına pul göndərmişdir. O, cavabdehdən borclu olduğu pulu tələb etsə də, heç bir nəticəsi olmamışdır. Bu səbəbdən onun barəsində Mingəçevir şəhər Polis şöbəsinə müraciət etmək məcburiyyətində qalmışdır. Polis şöbəsində müvafiq araşdırma aparılmış və ona məhkəməyə müraciət etməsi izah olunmuşdur Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədə İddiaçı iştirak etmiş, iddianı müdafiə edərək, iddia ərizəsində göstərdiyi xüsusatlara uyğun izahat vermiş, sonda iddianın təmin edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmişdir və ona qarşı irəli sürülən iddiaya heç bir etiraz etməmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək, belə qərara gəlir ki, irəli sürülən iddia tələbi qismən əsaslı olduğundan, qismən təmin edilməlidir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh hesabına müxtəlif tarixlərdə 800 manat, 200 manat, 140 manat, 120 manat və 100 manat məbləğlərində pul köçürülmüşdür. İddiaçı Cavabdeh daha 40 manat göndərdiyini iddia etsə də, məhkəməyə təqdim edilmiş qəbzdən həmin məbləğdə pulun Cavabdeh deyil, başqa şəxsə göndərildiyi müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh məhkəməyə gəlmədiyindən və iddiaçının iddia ərizəsində göstərdiklərinə heç bir etiraz bildirmədiyindən məhkəmə iddiaçının izahatını və iddiaçının iddia ərizəsinə əlavə etdiyi sübutları işin hallarının müəyyən edilməsində mötəbər sübutlar kimi qəbul edir. Beləliklə, məhkəmədə iddiaçı tərəfindən təqdim edilmiş sübutlara müəyyən edildi ki, iddiaçı cavabdehə 1360 məbləğində borc vermiş, cavabdeh isə öz üzərinə götürdüyü öhdəliklərini icra etməmiş və aldığı həmin 1360 manat borcu ödəməmişdir. Məhkəmə işin müəyyən edilən faktiki hallarına tətbiq edilməli olan maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsi ilə nəzərdə tutulmuşdur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh öhdəliklərini lazımınca yerinə yetirmədiyindən iddiaçının cavabdehdən borcun tutulmasını tələb etmək hüququ vardır. Beləliklə də, məhkəmə aparılmış araşdırmalar nəticəsində belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh iddiaçının xeyrinə 1360 manat məbləğində pul tutulmalıdır. Bundan başqa, iş materiallarından müəyyən edilir ki, hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 34 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Hazırki işdə 34 manat məbləğində ödənilmiş dövlət rüsumunun ödənilmiş tələblərə mütənasib olan hissəsi 33.60 manat məbləğini təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsaslanan məhkəmə hesab edir ki, 1400 manat tələbinə dair iddia qismən 1360 manat hissədə əsaslı sayıldığından, 1400 manat məbləğində pul tələbi üçün ödənilmiş 34 manat dövlət rüsumunun 33.60 manat hissəsinin əvəzi də Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1360 (bir min üç yüz altmış) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 33,60 (otuz üç) manat 60 qəpik məbləğində pul alınıb, İddiaçı verilsin. Qalan hissədə iddia əsassız olduğundan təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar