Məhkəmə qərarları › İş №2(125)-5389/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5389/2023

18.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5389/2023 18.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, tərəflərin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə borc müqaviləsinə əsasən nağd şəkildə borc olaraq verdiyi ümumilikdə 18000 manat məbləğində pulun, ödənilmiş 145 manat dövlət rüsumu və iddia ərizəsinin tərtibi üçün ödədiyi 100 manat məbləğində pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixdə notarial qaydada təsdiq edilmiş 3M-630 reyestr nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə görə, cavabdeh iddiaçıdan aldığı 18000 manat məbləğində pulu hər ay 500 manat ödəmək şərti ilə xx.xx.2025-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh ilə qonşudur, bundan əlavə onun oğlu Nurlan ilə yaxın olmuş və qızı Mətanət ilə eyni məktəbdə bir sinifdə oxumuşlar. Cavabdeh və onun ailəsi ilə daim xoş münasibətdə olmuş və onlara daim inamı olub. Cavabdeh oğlu Nurlan ilə birlikdə ona müraciət edərək təcili pula ehtiyacları olduğundan işlədiyi lombarddan 18.000 manat pul götürməsini xahiş etdi. O isə onlara izah etmişdir ki, lombarddan pul götürmək üçün əvəzinə qızıl-zinət əşyaları qoyulmalıdır. Sonra cavabdeh və oğlu problemlərinin ciddi olduğunu və ondan öz adına bankdan pul götürüb onlara verməyini israrla xahiş etmişlər. Cavabdehin öz təklifi ilə həmin borcdan hər ay 500 manat ödəyəcəklərini notariat kontorunda rəsmiləşdirmişlər. O, 31 oktyabr 2022-ci il tarixdə 18.000 manat məbləğində pulu cavabdehə vermiş və həmin gün 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisində cavabdehlə birlikdə kredit müqaviləsi bağlamışlar. Lakin, cavabdeh bu günə kimi ona olan borcunu ödəməkdən dolayısı yollarla boyun qaçırır və bu günə kimi heç bir ödəniş etməmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, cavabdeh və onun ailəsinin niyyəti onun inamından sui-istifadə edərək iddiaçıdan pul ələ keçirmək olmuşdur. Beləliklə cavabdehin iddiaçıya 18.000 manat məbləğində borcu yaranmışdır. O, cavabdehə 18.000 manat məbləğində borcunu qaytarmasına dair dəfələrlə müraciət etsə də, cavabdeh müxtəlif bəhanələrlə borcunu qaytarmaqdan yayınaraq dolayısı yollarla borcunu ödəməkdən imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və izahatında bildirdi ki, borcunun ödənilməsi ilə bağlı cavabdehə xəbərdarlıq göndərsə də, cavabdeh borcunu ödəməkdən yayınmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul edərək izahatında qeyd etdi ki, iddiaçı məhkəmədən qabaq ondan dəfələrlə pulun ödənilməsini tələb etsə də, o, iddiaçıya borcunu bu ilin noyabr ayından ödəyəcəyini bildiyinə görə iddiaçının tələbini yerinə yetirməmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Tərəflər arasında notarial qaydada təsdiq edilmiş borc (kredit) müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. Müqavilədə borcun məbləği, qaytarılması şərtləri və müddəti açıq göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Qeyd edilən maddi hüquq normalarının mənasından da aydın olur ki, hazırkı mübahisəyə tətbiqi nəzərə alınmaqla, borc müqaviləsi o halda bağlanmış hesab edilir ki, borc verən özünə məxsus olan pula mülkiyyət hüququnu borc alana keçirmiş (vermiş) olsun. Həmçinin, Məcəllənin 740.2-ci maddəsində qanunvericilik borc müqaviləsinin forması ilə bağlı imperativ qaydada da müəyyən etmişdir ki, məbləği üç manatdan çox olan müqavilə yalnız yazılı olduqda, bağlanmış sayılır. Mülki Məcəllənin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM, həmçinin müəyyən edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddə 88). İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (maddə 106.1). Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə öhdəliyin yaranmasını sübuta yetirmək vəzifəsini iddiaçının, öhdəliyin icra edilməsini və ya öhdəliyə digər əsasla xitam verilməsini sübuta yetirmək vəzifəsi isə cavabdehin üzərinə düşür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, həmin müqavilə notarial qaydada təsdiq edilmişdir. Belə ki, müqaviləyə əsasən 18000 manat pulun xx.xx.2025-ci il tarixədək hər ay 500 manat ödəməklə qaytarılması nəzərdə tutulmuşdur. Müqavilədə borca görə faiz nəzərdə tutulmamışdır. İddiaçı cavabdehin heç bir ödəniş etməməsinə əsaslanaraq notarial qaydada təsdiq edilmiş müqavilə ilə öhdəliyin yaranmasını sübuta yetirmişdir. Cavabdeh iddianı aradan qaldıran hər hansı mötəbər sübut təqdim etməmiş, əksinə iddiaçıdan aldığı 18000 manat borcdan heç bir ödəniş etmədiyini bildirmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən sözügedən müqavilə üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır və iddia təmin edilməli, 18000 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə həmin müqvilə üzrə borcun ödənilməsinə 2023-cü ilin noyabr ayından başlamalı olması barədə cavabdehin dəlilinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasındakı müqavilədə belə bir şərt nəzərdə tutulmamışdır. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin iddiaçı tərəfindən 100 manat məbləğində vəkilə çəkilən xərclərin əvəzinin cavabdehdən tutulmasına dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məcəllənin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Həmin Məcəllənin 121.1.-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 145 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bununla belə, iddiaçı 100 manat məbləğində pulu ona hüquqi xidmət göstərilməsi barədə hər hansı müqavilə əsasında vəkilə ödədiyini təsdiq edən sübutlarını məhkəməyə təqdim etmədiyindən məhkəmə hesab edir ki, qeyd edilən 100 manat xərc cavabdehdən iddiaçının xeyrinə tutula bilməz. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 18000 (on səkkiz min) manat və ödənilmiş dövlət rüsumuna görə 145 (bir yüz qırx beş) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar