Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-539/2024 24.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" ASC Cavabdeh qarşı cavabdehin əsassız varlanma nəticəsində əldə etdiyi vəsaitin əvəzi qismində 59 manat 34 qəpik, cərimə qismində 13 manat 80 qəpik, cəmi 73 manat 14 qəpik borcun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2022-ci il tarixli ərizəsi və xx.xx.2021-ci il tarixli ümumi ofertaya əsasən iddiaçı "xxxx" KB ASC cavabdehə bank hesabı açmış və onun əsasında debet (hesab) kartı təqdim edilmişdir. xx.xx.2021-ci il tarixli ümumi ofertanın 5.1-ci maddəsinə əsasən bank müştərinin ödəniş kartına xidmət göstərilməsini və karta bağlı olan cari hesab vasitəsilə hesablaşma-kassa əməliyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsini, müştəri isə bankın müəyyən etdiyi tarif üzrə ona göstərilən bank xidmətlərinə görə müvafiq haqq ödəməyi öhdəsinə götürür. xx.xx.2021-ci il tarixli ümumi ofertanın 6.4.1-ci maddəsinə əsasən müştəri tərəfindən kart vasitəsilə bir qayda olaraq hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və hesab üzrə texniki overdrafta yol verməmək, texniki Overdraft bankla razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin bank qarşısında yaranmış borcudur və müştəri tərəfindən məcburi qaydada ödənilməlidir. Həmin overdraft məbləğindən qismən ödəniş edilsə də, sonradan borclu ona məxsus hesab üzrə yol verdiyi texniki overdraft məbləğini müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə bu günədək geri qaytarmamışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. xx.xx.2024-cü il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi X1 mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixdə bağlanmış xx.xx.2021-ci il tarixli bank xidmətlərinə dair ümumi oferta müqaviləsindən görünür ki, bu oferta üzrə müştəri banka məxsus mobil əlavə üzərindən və ya istənilən filiala yaxınlaşmaqla karta bağlı bir daimi bərkidilmiş hesab seçir. Bank tərəfindən xidmət aktivləşdirildikdən sonra müştəriyə mobil əlavə vasitəsi ilə və ya mümkün olan digər elektron üsullarla məlumat verildikdən sonra müştəri banka məxsus mobil əlavə və ya istənilən filiala yaxınlaşmaqla əlavə olaraq bir müvəqqəti bərkidilmiş hesab seçə bilər. Daha sonra, müştəri fərqli valyutadan istifadə etmək istədikdə mobil əlavə üzərindən hesabı manual olaraq dəyişərək əməliyyatlar edə bilər. Yalnız mobil tətbiqdə nəzərdə tutulan əməliyyatlardan bank tərəfindən texniki imkan yaradıldıqda digər elektron üsulla istifadə edilə bilər. Müştəri kartdan debet, kredit/kredit xətti, əmək haqqı kartı kimi istifadə etmək hüquq əldə edir. Həmçinin, kart müştəriyə nağd qaydada rəsmiləşdirilən kredit vəsaitinin əldə edilməsi üçün bir alət kimi (yəni POS/ATM terminaldan nağdlaşdırılmaqla) istifadə hüququ verir. Kartı ancaq debet kartı kimi əldə edən müştəri mobil tətbiq vasitəsi ilə kredit üçün müraciət edərsə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və Asan-Finans dövlət portalından müştəri haqqında olan bütün məlumatların bank tərəfindən sorğu edilməsinə və məlumatların ötürülməsinə dair müvafiq sənədləri analoq imza vasitəsi ilə təsdiq edir. Bu oferta müştəriyə təqdim edilən kart əmanət üçün hesablanan faiz gəlirlərinin əldə edilməsi üçün istifadə edilə bilər. Bu oferta üzrə müştəri ilə bank arasında bütün münasibətlər yazılı qayda ilə yanaşı, internet, elektron poçt ünvanı, SMS və/vəya mobil əlavə vasitəsi ilə də tənzimlənə bilər. Tərəflər razılaşırlar ki, internet, elektron poçt ünvanı, SMS və/və ya mobil mobil əlavə vasitəsi ilə və bu müqavilədə nəzərdə tutulmuş istənilən digər qaydada təqdim edilən və təsdiq edilənlər onların həqiqi imzasının analoqudur. İşdə olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh "xxxx" ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli, 01U/21 nömrəli ümumi oferta müqaviləsi ilə tanış olmuş və onun bütün şərtlərini qəbul etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Cavabdeh "xxxx" ASC-dən 409809ZNLJDE9878 nömrəli plastik kartı təhvil almışdır. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixində 68 manat 06 qəpik overdraft borcu yaranmışdır.xx.xx.2023-cü il tarixində 10 manat 40 qəpik ödəniş olunmuşdur. Müştərinin xx.xx.2023-cü il tarixində olan əsas borcu 59 manat 34 qəpik və həmin borca hesablanmış cərimə borcu 13 manat 80 qəpik təşkil edir. Ümumi olaraq Cavabdeh "xxxx" ASC-yə 73 manat 14 qəpik borcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh borcu könüllü ödəməsi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh istifadəsində olan "xxxx" ASC-yə aid plastik karta texniki yalnışlıq nəticəsində 68 manat 06 qəpik məbləğində pul vəsaiti köçürülmüş və həmin pul vəsaiti Cavabdeh tərəfindən istifadə edilmişdir. Cavabdeh qeyd olunan pul vəsaitini "xxxx" ASC-yə qaytarmalı olmasına baxmayaraq, onu "xxxx" ASC-yə qaytarmamışdır. Bununla da Cavabdeh "xxxx" ASC-nin hesabına hüquqi əsas olmadan pul vəsaiti əldə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1 və 1091.2-ci maddələrinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bundan başqa, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, iddiaçı cavabdehə qarşı digər tələblərlə yanaşı «həmin vəsaitin məbləğindən ödənildiyi günə qədər bank uçot dərəcəsi üzrə hesablanacaq faizlərin cavabdehdən tutulub «Kapital Bank» açıq səhmdar cəmiyyətinə ödənilməsi» barədə tələb irəli sürsə də, həmin pul vəsaitinin hansı məbləğdə olmasını göstərməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, 13 manat 80 qəpik təşkil edən cərimə məbləğinin 5 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin əvəzi qismində 59 manat 34 qəpik və cərimə qismində 5 manat, cəmi 64 manat 34 qəpik məbləğində pul vəsaiti alınaraq "xxxx" ASC-yə ödənilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı «X2» Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin əvəzi qismində 59 (əlli doqquz) manat 34 (otuz dörd) qəpik, cərimə qismində 5 (beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat, cəmi 94 (doxsan dörd) manat 34 (otuz dörd) qəpik məbləğində pul vəsaiti iddiaçı «X2» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddiaçı «X2» Açıq Səhmdar Cəmiyyətinin iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-539/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-539/2024
24.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver