Məhkəmə qərarları › İş №2(125)-5393/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5393/2023

15.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5393/2023 15.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı1, onun nümayəndəsi və vəkili Nümayəndə, İddiaçı2 və Cavabdeh iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul və qızıl-zinət tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd etdiyi 9 adda qızıl-zinət əşyalarının özlərinin, olmadıqları halda isə 8025 manat dəyərinin və borclu olduğu 12500 manat məbləğində pul vəsaitinin, eləcə də 150 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq onlara verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia ərizəsində qeyd etmişlər ki, cavabdeh İddiaçı1 bacanağıdır. İddiaçı1 arvadı, digər İddiaçı2 ilə cavabdehin arvadı Yeganə bacıdırlar. İddiaçı1 Türkiyə Respublikasının vətəndaşıdır, 20 ildir ki, Gəncə şəhərində yaşayır və burada sahibkarlıq fəaliyyəti ilə məşğul olur, 2016-cı ilin əvvəllərində cavabdeh iddiaçıların yaşadıqları evə gələrək borcunun olduğunu və təcili ona 3000-4000 manat pul lazım olduğunu bildirmişdi. Həmin vaxt iddiaçılar cavabdehə qızıl aldıqlarını və evlərində pullarının olmadığını demişlər və cavabdehin iddiaçılardan qızılları götürməyəcəyini fikirləşmişlər. Lakin bu vaxt cavabdeh qızılı lombarda qoyub pul götürərək borcunu qaytaracağını və sonradan lombarda pulu ödəyərək iddiaçıların qızıllarını çıxarıb 3 ay müddətində iddiaçılara qaytaracağını bildirərək ona qızılları verməyi xahiş etmişdir. Həmin vaxt iddiaçılar cavabdehə təxminən 8000 ABŞ dolları dəyərində olan qızılları vermişlər. Bundan sonra cavabdeh bir müddət ərzində lombarddan qızılları götürüb qaytaracağına dair özü vaxtlar təyin etsə də, müxtəlif bəhanələrlə vaxtı uzatmaqda davam etmişdir. Yaxın qohum olduqlarına görə və onun maddi vəziyyətinin düzəlmədiyini bildiklərinə görə, iddiaçılar onun vədləri ilə razılaşıb ciddi tələb etmişlər. 2019-cu ilin oktyabr ayında cavabdeh iddiaçıların evinə gəlib maddi durumunun pis olduğunu, ağlında yaxşı bir fikir olduğunu deyərək İddiaçı1lə birlikdə şərikli Bakı şəhərindən mebel istehsalı üçün nəzərdə tutulan aparatlar alıb mebel sexi qurmağı təklif etmişdir. İddiaçı1 onun bu yolla pul qazanaraq həm onun vəziyyətdən çıxacağı, eyni zamanda qızıl-zinət əşyalarını qaytaracağı ümidi ilə onun fikri ilə razılaşmışdır. Bundan sonra cavabdeh həmin ərəfələrdə iddiaçıların evinə gəlib ilkin olaraq İddiaçı1 4000 manat pul almışdır, 1 ay keçdikdən sonra yenidən onun yanına gəlib Bakıdan alacağı mebel aparatının qiymətinin 10000 ABŞ dolları olduğu üçün kreditlə alacağını deyərək ona görə də, əlavə olaraq depozit qoymaq üçün 2000 manat pul lazım olduğunu bildirmiş və həmin pulu İddiaçı1 almışdır. Daha sonra Bakı şəhərindən aparatın gəlmədiyini görüb ondan bu məsələni soruşan zaman cavabdeh 6000 manat pulu depozit qoyduğunu deyərək pandemiya ilə əlaqədar olaraq gecikdiyini bildirmişdi. Bundan sonra, 2020-ci ildə pandemiya dövründə, cavabdeh guya açacaqları mebel sexinə taxta materialları gətirəcəyini deyərək, bu adla İddiaçı1 əlavə olaraq 2000 manat pul almışdır. Bundan başqa, cavabdeh həmin ərəfədə ayrı-ayrı vaxtlarda hissə-hissə olmaqla, əlavə olaraq İddiaçı1 4500 manat pul almışdır. Bu hesabla cavabdeh 2016-2020-ci illərdə yuxarıda qeyd etdikləri şəraitdə iddiaçılardan ümumilikdə 12500 manat pul və təqribən 8000 ABŞ dolları dəyərində qızıl-zinət əşyalarını almış və geri qaytarmamışdır. 2022-ci ilin mart ayında İddiaçı1 cavabdehin artıq pul və qızılları qaytarmaq istəmədiyini başa düşüb, Kəpəz rayon Polis İdarəsinə ərizə ilə müraciət etmiş, cavabdehin əməlində dələduzluq cinayəti əlamətinin olduğuna görə onun cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. İdarənin təhqiqatçısı Elçin Mansırovun xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Onun şikayəti əsasında təhqiqatçının həmin qərarı Gəncə şəhər Prokurorun xx.xx.2022-ci il tarixli qərarı ilə ləğv edilərək, təkrar araşdırılması üçün 2-ci Polis Şöbəsinə göndərilmişdir. 2-ci Polis Şöbəsinin təhqiqatçısı Azər İsmayılovun xx.xx.2022-ci il tarixli qərarı ilə yenidən cinayət işinin başlanması rədd edilməsi barədə qərar qəbul edilmişdir. Gəncə şəhər Prokurorunun xx.xx.2022-ci il tarixli qərarı ilə yenidən təhqiqatçının qərarı ləğv edilərək təkrar araşdırılması üçün 2-ci Polis Şöbəsinə göndərilmişdir. 2-ci Polis Şöbəsinin təhqiqatçı polis mayoru X1 xx.xx.2022-ci il tarixli qərarı ilə material üzrə yenidən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Təhqiqatçının həmin qərarı xx.xx.2022-ci il tarixdə Gəncə şəhər prokuroru tərəfindən ləğv edilərək təkrar araşdırılması üçün Gəncə şəhər BPİ-nin İTİ-nin Təhqiqat Şöbəsinə göndərilmişdir. Bundan sonra Gəncə şəhər BPİ-nin təhqiqatçısı polis polkovnikleytenantı Gündüz İsmayılov tərəfindən xx.xx.2023-cü ildə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Göründüyü kimi, İddiaçı1 cavabdeh barəsində təhqiqat orqanına yazdığı ərizə üzrə müxtəlif vaxtlarda polisin təhqiqatçıları tərəfindən 4 dəfə cinayət işin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, əvvəlki qərarlar prokuror tərəfindən ləğv edilmişdir. Polisin axırıncı xx.xx.2023-cü il tarixli qərarından sonra iddiaçılar cavabdehin onlardan aldığı pul və qızıl-zinət şeyləri tələbinə dair məhkəmədə mülki iddia ilə müraciət etmək qərarına gəlmişlər. Təhqiqat bölməsinin bütün araşdırmalarında cavabdeh iddiaçılardan aldığı qızıl-zinət şeylərini və borc pullarını qismən etiraf etmişdir. Bundan başqa, cavabdehin həyat yoldaşı olan Yeganə, iddiaçıların onlara verdiyi qızıl-zinət əşyalarının çeşidi və qiyməti ilə bağlı heç bir vaxt mübahisə yaratmamış, hər bir vaxt iddiaçıların tələbini etiraf etmiş və qəbul etmişdir. İddia tələbinə görə cavabdehin 2016-cı ildə iddiaçılardan aldığı qızıl-zinət əşyalarının çeşidi və dəyəri aşağıdakılardan ibarət olmuşdur.

1. Burma qolbağı 916 əyarlı-1 ədəd-10 qram-1200 manat

2. Burma qolbağı 916 əyarlı-1 ədəd-10 qram-1200 manat

3. Burma qolbağı 916 əyarlı-2 ədəd-8 qram-1920 manat

4. Onluq (türk) 916 əyarlı-1 ədəd-8 qram-960 manat

5. Tunda sep 585 əyarlı-1 ədəd-4 qram-345 manat

6. Rekert sep 585 əyarlı-1 ədəd-4.5 qram-370 manat

7. Rekert qolbağı 585 əyarlı-1 ədəd-4 qram-340 manat

8. Sünbül qolbağı 585 əyarlı-1 ədəd-9 qram-760 manat

9. Komplekt tək qaş 585 əyarlı-1 ədəd-11 qram-930 manat. Ümumi çəki 76 qram, qiyməti 8025 manat. İddia ərizəsində göstərilir ki, 08 iyun 2023-cü ildə Yeganə yenidən İddiaçı2 ilə birlikdə mərkəzi univermağa gedərək orada onlara verdikləri qızıl şeylərinin eyni nümunələri ilə qiymətləndirmə aparıb Yeganənin xətti ilə siyahı tərtib etmişlər. Həmin siyahını iddia ərizəsinə əlavə etmişlər. İddiaçılar cavabdehdə olan qızıl-zinət şeylərinin dəyəri ilə əlaqədar bildirmişlər ki, polisə verdikləri ərizə və izahatlarda iddiaçıların onların qiymətini təqribən 8000 ABŞ dolları qiymətləndirmişlər. 6 il əvvəl cavabdeh qızılları iddiaçılardan alarkən, onların özlərini lombarddan götürüb iddiaçılara qaytaracağını dediyinə görə, həmin qızılların qiymətini təqribi qeyd etmişlər. Qızılların real qiyməti isə məhkəmədə iddia qaldırılmazdan əvvəl, İddiaçı2 və cavabdehin arvadı Yeganənin birlikdə müəyyən etdikləri 8025 manatdır. Məhkəmə iclaslarında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi, eyni zamanda əlavə etdi ki, o özü, cavabdehə 12500 manat məbləğində pul vermişdir, qızıl-zinət əşyaları isə digər iddiaçı ilə birgə mülkiyyətində olmuş, cavabdeh qızılları iddiaçıların evindən gəlib götürmüşdür. Məhkəmə iclaslarında iştirak edən İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və onu da əlavə etdi ki, qızıl-zinət əşyaları digər iddiaçı ilə onun birgə mülkiyyətində olmuşdur. Məhkəmə iclaslarında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən cavabdeh ərizə verərək qeyd etdi ki, iddia tələbini pul tələbinə dair hissədə qismən qəbul edir, onun İddiaçı1 12500 manat yox, cəmi 9700 manat borcu olub, bu borcdan 1000 manat qaytarmışdır. İddia tələbini qızıl-zinət əşyaları hissəsində isə tam qəbul edir, qızıl-zinət əşyalarının ümumi qiymətinin 8025 manat olması ilə razılaşır. Lakin o sözügedən qızılları “İnternational” BOKT lombard kredit təşkilatına qoymuşdur, həmin qızıl-zinət əşyalarının geri qaytarılması ilə bağlı Gəncə Şəhər Prokurorluğuna müraciət etmişdir. Cavabdeh izahatında onu qeyd etdi ki, qızıl-zinət əşyalarını iddiaçıların evindən götürmüşdür. Məhkəmə, iddiaçıları, İddiaçı1 nümayəndəsi və vəkilini, eləcə də cavabdehi dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə ilk öncə qeyd edir ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Eyni zamanda, MPM-in 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin hazırki iş üzrə İddiaçı1 Cavabdeh dələduzluq cinayəti törətməsi barədə müraciəti əsasında toplanmış HK-1/849 nömrəli rədd materialında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin iş üzrə verdiyi izahatında cavabdeh bildirmişdir ki, İddiaçı1 bacanağıdır və 10 ildən artıq müddətdir ki, öz yaşadığı evin həyətində mebel təmiri ustası kimi fəaliyyət göstərir. 2015-ci il tarixdə Rusiyada yaşayan atasının mövcud problemləri ilə bağlı olaraq ona həmin vaxt vacib pul lazım olduğu üçün bacanağından borc pul istəmişdir. Lakin bacanağı həmin vaxt pulu olmadığını deyərək borc kimi qızılzinət əşyaları verə biləcəyini demişdir. Həmin vaxt Ahmetdən Türkiyə istehsalı olan 58 qram qızıl zinət əşyasını götürüb, sonra da lombarda qoyaraq borc pul götürüb atasına kömək etmişdir. Lombarda qoyub pul götürən zaman 24 ay müddətinə lombardı bağlamalı idi. Lakin bir müddət keçdikdən sonra devalivasya olduğu üçün ABŞ dolları məzənnəsi yüksək qiymətə qalxdığından pul götürdüyü lombard həmin vaxt etdiyi sövdələşmədən kənara çıxaraq, borcunu yeni ABŞ dolları məzənnəsilə hesablayaraq borcunu 2 qata çıxartmışdır. O, ödəyə bilmədiyi üçün girov qoyduğu qızıl-zinət əşyalarını götürə bilməmişdir. Daha sonra da aralarında olan həmin mülki mübahisə ilə bağlı lombardı məhkəməyə vermişdir. 2019-cu il tarixdə bacanağı olan Ahmetlə söhbət zamanı işlərinin zəif getdiyi üçün işlədəcəyi yeni mebel sexi üçün mebel kəsim aparatı alıb mənfəət əldə edəcəyini, bunun üçün də pul lazım olduğunu demişdir. Həmin vaxt mebel kəsim aparatının qiymətinin 7000 manat olduğunu ona izah edib Ahmetdən borc pul verməsini xahiş etmişdir. Daha sonra onunla razılaşdıqdan sonra Bakı şəhərində, Sədərək ticarət mərkəzində yerləşən SES yəni mebel kəsimi aparatlarının satışı yeri ilə danışan zaman həmin aparatın alınması üçün ilkin ödəniş tələb olunduğunu və ilkin ödənişin 6000 manat olduğunu, yerdə qalan pulun isə 2 il ərzində ödənilməli olduğunu demişlər. Həmin ərəfədə, təxminən 2019-cu ilin oktyabr ayında Ahmetdən 4200 manat borc pul alıb üzərinə də özündən 1800 manat pul qoyub Bakı şəhərinə Sədərək bazarına getmiş, həmin bazarda SES satışı yerinə gedib həmin aparatın sifarişi üçün ilkin olaraq 6000 manat pul vermişdir və ona həmin aparat Çin Xalq Respublikasından sifariş nəticəsində 2-3 ay müddətində gələcəyi bildirilmişdir. 2-3 ay keçdikdən sonra pandemiya dövrü başladığı üçün həmin aparatın Çindən gəlməyi gecikmiş, 2020-ci ilin sonlarında həmin kəsim aparatı Çindən gəldikdən sonra Bakıdan zəng edib sifariş etdiyi aparatın gədiyini demişlər. Lakin həmin vaxt pandemiya olduğu, mebel satışı və təmiri işləri dayandığı üçün həmin aparatı oradan götürməyi biraz gecikdirmişdi. Çünki aparat götürüldüyü andan sonra hər ay yerdə qalan məbləğ üçün kredit ödənməli idi. Bir müddət keçdikdən sonra anasının onkoloji xəstəliyi ilə bağlı pul lazım olduğu üçün Bakı şəhərinə gedib Sədərək bazarında SES aparatı üçün verdiyi 6000 manat pulu geri istəyib aparatın lazım olmadığını demişdir. Həmin vaxt sifarişdən imtina etdiyi üçün 6000 manat pulun 1800 manatı cərimə kimi çıxılaraq yerdə qalan 4200 manat pulu özünə geri qaytarmışlar. Anası onkoloji xəstə olduğu üçün həmin pulu dərhal onun xəstəxana xərclərini ödəmək üçün istifadə etmiş və bu barədə bacanağı Ahmetə demişdir. Həmin vaxtdan 2021-ci il tarixədək olan müddət ərzində Ahmetdən hissə-hissə anasının xəstəxana xərcləri üçün əlavə olaraq təxminən 4500 manat borc pul almışdır. Lakin uzun müddətdir ki, işlədiyi mebel sexində sifarişlər az olduğu üçün normal səviyyədə gəlir əldə edə bilmədiyindən, maddi vəziyyəti yaxşı olmadığı üçün borclarını geri qaytara bilməmişdir. Təxminən 1 ay əvvəl Ahmetlə görüşən zaman ona 1300 manat pul verib borcundan çıxmasını istəsə də Ahmet pulu götürməyib borcunun hamısını birdəfəlik ödəməyini tələb etmişdir. Ahmetə ona olan borcunu birdəfəlik yox, hissə-hissə ödəyə biləcəyini demişdir. İş materiallarında olan, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən cavabdehə verilmiş xx.xx.2021-ci il tarixli, 01-26-2-2021-1008 nömrəli cavab məktubundan görünür ki, araşdırma nəticəsində məlum olmuşdur ki, 17 fevral 2021-ci il tarixli təhviltəslim aktına əsasən girovda olan qızıl-zinət əşyaları cavabdehə təqdim edilmiş, həmçinin aktın üzərində cavabdeh tərəfindən qızılların təhvil alındığına və heç bir narazılığının olmadığına dair qeyd mövcuddur. İş materiallarına, ümumi çəkisi 76 qram, ümumi qiyməti 8025 manat olan 9 adda (1.Burma qolbağı 916 əyarlı-1 ədəd-10 qram-1200 manat; 2. Burma qolbağı 916 əyarlı-1 ədəd-10 qram-1200 manat; 3. Burma qolbağı 916 əyarlı-2 ədəd-8 qram-1920 manat; 4. Onluq (türk) 916 əyarlı-1 ədəd-8 qram-960 manat; 5. Tunda sep 585 əyarlı-1 ədəd-4 qram-345 manat; 6. Rekert sep 585 əyarlı-1 ədəd-4.5 qram-370 manat; 7. Rekert qolbağı 585 əyarlı-1 ədəd-4 qram-340 manat; 8. Sünbül qolbağı 585 əyarlı-1 ədəd-9 qram-760 manat; 9. Komplekt tək qaş 585 əyarlı-1 ədəd-11 qram-930 manat) qızıl-zinət əşyaları qeyd edilmiş və cavabdehin imzası ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli “əl yazma” əlavə edilmişdir. Həmçinin, cavabdeh məhkəməyə verdiyi yazılı ərizəsində və izahatında İddiaçı1 9700 manat borca pul aldığını, ondan 1000 manatı qaytardığını, İddiaçı1 hazırda 8700 manat borcunun olduğunu bildirmişdir. Cavabdeh həmçinin ərizəsində və izahatında iddianı qızıl-zinət tələbi ilə bağlı hissədə tam qəbul etdiyini, tələb edilən sayda qızıl-zinət əşyalarını iddiaçılardan aldığını, onları lombard təşkilatına girov qoyduğunu, hazırda sözügedən əşyaların geri qaytarılması ilə bağlı Gəncə şəhər prokurorluğunda işinin olduğunu və qızıl-zinət əşyalarının dəyərinin 8025 manat olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. Hazırki iş üzrə tərəflər arasında şifahi borc müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. Aralarında yazılı müqavilə olmasa da, cavabdeh iddianı qismən qəbul edərək iddiaçılardan qaytarmaq şərti ilə 8025 manat dəyərində qızıl-zinət əşyaları alması, habelə İddiaçı1 9700 manat borca pul alması barədə məhkəməyə ərizə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MPM-in 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. MPM-in 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə qeyd edir ki, iddiaçılar cavabdehin onlara borclu olduğu 12500 manat məbləğində borcun, eləcə də 8025 manat dəyərində qızıl-zinət əşyalarının və ya həmin əşyalar olmadıqda dəyərinin qaytarılmasını xahiş etmiş, cavabdeh isə iddianı qismən qəbul edərək İddiaçı1 8700 manat məbləğdə borcunun, eləcə də qızıl-zinət əşyalarına görə iddiaçılara 8025 manat borcunun olması ilə razılaşmışdır. Cavabdehin iddianı etirafı qanuna zidd olmadığı və ya hər hansı başqa şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün məhkəmə tərəfindən qəbul edilməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə öhdəliyin yaranmasını sübuta yetirmək vəzifəsi iddiaçının, öhdəliyin icra edilməsini və ya öhdəliyə digər əsasla xitam verilməsini sübuta yetirmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə qeyd edir ki, cavabdeh İddiaçı1 9700 manat məbləğdə borc aldığını bildirsə də borcundan 1000 manatını qaytardığını qeyd etmiş, lakin bu qeyd etdiklərini təsdiq edən, o cümlədən iddianı həmin hissədə aradan qaldıran hər hansı sübut təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı1 cavabdehdən 9700 manat məbləğində borcun ödənilməsini tələb etməkdə haqlıdır və ona görə də iddia həmin hissədə təmin edilməli, 9700 manat pul cavabdehdən alınaraq İddiaçı1 verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, qızıl-zinət əşyaları hissədə iddia tələbi cavabdeh tərəfindən tam etiraf edildiyindən, bununla belə qızıl-zinət əşyalarının özü mövcud olmadığından onların dəyəri olan 8025 manat cavabdehdən iddiaçıların xeyrinə tutulmalıdır. Məhkəmə digər hissədə, yəni 2800 manat tələbi hissədə, o cümlədən digər İddiaçı2 12500 manat tələbi hissədə iddia tələbini əsaslı hesab etmir və qeyd edir ki, sübutetmə vəzifəsi müvafiq olaraq iddiaçıların üzərinə düşsə də iddiaçılar bu hissədə iddia tələbinin əsasını sübuta yetirə bilməmiş, tələbini təsdiq edən hər hansı mötəbər sübuta istinad etməmişlər. Halbuki, MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləlilklə, məhkəmə hesab edir ki, iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin edilməlidir. İş üzrə məhkəmə xərci İddiaçı2 tərəfindən ödənilmiş dövlət rüsumundan ibarətdir. İddia qismən təmin olunduğundan, MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehdən həmin iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İddia qismən təmin edilsin. Cavabdeh 9700 (doqquz min yeddi yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı1 ödənilsin. Cavabdeh qızıl-zinət əşyalarının dəyəri - 8025 (səkkiz min iyirmi beş) manat məbləğində pul vəsaiti alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xərcinə görə 143,18 (bir yüz qırx üç manat on səkkiz qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar