Məhkəmə qərarları › İş №2(125)-5396/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-5396/2023

24.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-5396/2023 24.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı «mənzilə vurulan zərərin əvəzinin ödənilməsi, cavabdehlərin bütün avadanlıqlarının, o cümlədən kabellərin və blok sxemlərin mənzilin üzərindən götürülməsi və girişlə balkonun təmir edilməsi» tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 MMC və Cavabdeh3 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin ona məxsus, yaşadığı ünvan 1 ünvanda yerləşən evə və digər əmlakına vurduğu zərərin əvəzi olaraq 3000 manatın cavabdehlərdən alınıb ona verilməsi, cavabdehlərin bütün avadanlıqlarının, o cümlədən kabellərin və blok sxemlərin mənzilinin üzərindən götürülməsi, girişin və balkonun cavabdehlərin hesabına təmir edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdırıb məhkəmə hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsində baxılmalı olmadığından iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İddia ərizəsinə əlavə edilmiş, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, cavabdehlər Cavabdeh1 MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət, ev 11, mənzil 17; Cavabdeh2 MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 81 və Cavabdeh3 MMC-nin hüquqi ünvanı ünvan 4r. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edlmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Аzərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Göründüyü kimi, cavabdehlərin hüquqi ünvanları Bakı şəhərinin Səbail və Yasamal rayonlarının ərazisində yerləşir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsi ilə öz seçiminə görə cavabdehlərdən birinin hüquqi ünvanı üzrə məhkəməyə müraciət etməli olduğu halda ərazi aidiyyəti qaydalarını pozmaqla Gəncə Şəhər Məhkəməsinə müraciət etdiyindən iddia ərizəsi geri qaytarılmalıdır. MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, iddiaçı qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməmişdir. Halbuki, MPM-in 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bununla belə qeyd edilməlidir ki, iddiaçı yaşadığı yer üzrə məhkəməyə müraciət etdiyini MPM-in 36.9-cu maddəsinə istinad etməklə əsaslandırmağa çalışmışdır. Lakin, iddia ərizəsinin məzmunundan hazırki tələbin istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı olduğu görünmür. Beləliklə, göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iş ərazi aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsində baxılmalı olmadığından və iddiaçı qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 152.1.3, 152.1.5, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 MMC və Cavabdeh3 MMC-yə qarşı «mənzilə vurulan zərərin əvəzinin ödənilməsi, cavabdehlərin bütün avadanlıqlarının, o cümlədən kabellərin və blok sxemlərin mənzilin üzərindən götürülməsi və girişlə balkonun təmir edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar