Məhkəmə qərarları › İş №2(125)-5515/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5515/2025

13.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5515/2025 13.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı, İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək , borc verdiyi 5500 manat pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2023-cü ildə ondan İddiaçı 5500 manat pulu borc almış, bir ilə kimi qaytaracağına dair ona öz imzası ilə təsdiq edilmiş sənəd vermişdir. Hər dəfə cavabdehin ünvanına getdikcə borcunu 1 il ərzində qaytaracağını bildirmiş və ondan vaxt istəmişdir. O, hər dəfə pulunu tələb etdikdə cavabdeh yaxın gönlərdə qaytaracağına söz vermişdir. Cavabdeh hal-hazırda 45 №-li tam orta məktəbdə müəllimə işləyir. Yaxln günlərdə qaytaracağına söz versə də artıq başa düşmüşdür ki, cavabdeh onu aldadır. Ona görə də cavabdehdən ona borc olaraq verdiyi 5500 manat məbləğində pul məhkəmə qaydasında alınıb ona verilməsini xahiş edir. xx.xx.2025-ci il tarixində keçirilmiş məhkəmə hazırlıq iclasında İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək cavabdehdən 4900 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 06 oktyabr 2025-ci il tarixli məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh iddianı etiraf etdiyini və iddiaçıdan borc aldığı 4900 manat məbləğində pul vəsaitinin ondan alınaraq iddiaçıya verilməsinə razı olduğunu, həmçinin iddianın etiraf edilməsinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirdi və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan 21 fevral 2023-cü il tarixli əl yazısından ibarət qəbzdən görünür ki, Cavabdeh qonşusu İddiaçı xx.xx.2023-cü il tarixdən 1 il ərzində qaytarmaq şərtilə 5500 manat məbləğində borc pul almışdır. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh qonşusu İddiaçı xx.xx.2023-cü il tarixdən 1 il ərzində qaytarmaq şərtilə 5500 manat məbləğində borc pul almışdır. Lakin Cavabdeh həmin öhdəliklərini tam icra etməmiş və 4900 manat məbləğində pul vəsaitini hazırki tarixədək qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh iddianı etiraf etməsi, qanuna uyğun olmaqla, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur və buna görə Cavabdeh iddianın etirafı qəbul olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Buna görə də məhkəmə hesab edir ki, borcun əvəzi qismində 4900 manat pul məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 75 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh borcun əvəzi qismində 4900 (dörd min doqquz) manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 75 (yetmiş beş) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Orxan Dəmirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar