Məhkəmə qərarları › İş №2(125)-5518/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5518/2024

29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5518/2024 29.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayev Ələddin Anar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş əsas borcun əvəzi qismində 2.280 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 42 manat 80 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında bildirdi ki, o, mobil telefonların onlayn alqı-satqısı ilə məşğul olur. 2024-cü ilin fevral ayında o, «İnstagram» sosial şəbəkəsində «İphone 14 pro» markalı mobil telefonun satışı ilə əlaqədar paylaşım edildiyini görmüşdür. Paylaşım edən nömrə ilə əlaqə saxlayıb telefonu almaq istədiyini bildirdi. xx.xx.2024-cü il tarixdə telefonu satan Cavabdeh1 və Cavabdeh2 ilə görüşərək 2.280 manat qiymətinə onlardan «İphone 14 pro» markalı mobil telefonu almışdır. Lakin daha sonra həmin telefonun yaxşı işləmədiyini, enerjisinin tez tükəndiyini görümüş və onu cavabdehlər geri qaytarmaq istəmişdir. Cavabdeh1 və Cavabdeh2 ona telefonun pulunu borca verdiklərini bildirmişlər. Odur ki, 12 ay ərzində hissə-hissə 2.280 manat məbləğində pul vəsaitini ona geri ödəyəcəklərini bildirmişlər. Bununla bağlı onlar şəxsiyyət vəsiqələrinin kserosurətlərinə əl yazmaları ilə qeyd edib imza etmişlər. Lakin cavabdehlər bu günə qədər borclarından heç bir ödəniş etməmişlər və nəticədə 2.280 manat məbləğində ödənilməmiş borcları qalmışdır. O, cavabdehlərdən borcun ödənilməsini tələb etdikdə isə cavabdehlər müxtəlif bəhanələrlə borcun ödənilməsindən boyun qaçırmışlar. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə təqdim etdikləri xx.xx.2024-cü il tarixli ərizələrində iddianı tam həcmdə etiraf etdiklərini və ödənilməmiş borcun əvəzi qismində 2.280 manat məbləğində pul vəsaitinin onlardan alınaraq iddiaçıya verilməsinə razı olduqlarını, həmçinin iddianın etiraf edilməsinin hüquqi nəticələrinin onlara məlum olduğunu bildirmişdirlər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, Cavabdeh1 və Cavabdeh2 ********* İMEİ kodlu «İphone 14 Pro» markalı mobil telefonun dəyəri olan 2.280 manat məbləğində pul vəsaitini 12 ay müddətinə, hər ay 190 manat olmaqla İddiaçı ödəyəcəklərinə dair öhdəlik qəbul etmişdirlər. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh1 və İddiaçı arasında xx.xx.2024-cü il tarixdə «İphone 14 pro» markalı telefonun 2.350 manat məbləğinə alqı-satqısına dair şifahi müqavilə bağlanmış, həmin müqavilə üzrə Cavabdeh1 İddiaçı həmin markalı telefonu, İddiaçı isə Cavabdeh1 2.280 manat məbləğində pul vəsaitini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 və İddiaçı müqavilə öhdəliklərini icra etsə də, sonradan alqı-satqınının predmeti olan əşyada qüsur aşkarlanmış və İddiaçı əşyanı qaytarmaqla ödədiyi vəsaiti geri tələb etmişdir. Bu zaman Cavabdeh1 və onunla yanaşı Cavabdeh2 2.350 manat məbləğində pul vəsaitini hər ay 190 manat olmaqla, 12 ay ərzində geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh1 və Cavabdeh2 öz öhdəliklərini icra etməmiş, İddiaçı bununla əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işə məhkəmədə baxılarkən Cavabdeh1 və Cavabdeh2 iddianı etiraf etməklə, bu barədə ərizələrini məhkəməyə təqdim etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehlər X1 iddianı etiraf etməsi, qanunauyğun olmaqla, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur. Buna görə də Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddianın etiraf edilməsi qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinin tələbinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 587.2-ci maddəsinə görə əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alq-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Həmin Məcəllənin 431.1-ci maddəsinə görə borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş nəzərə alaraq, hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 ödənilməmiş əsas borcun əvəzi qismində 2.280 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 42 manat 80 qəpik məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilməmiş əsas borcun əvəzi qismində 2.280 (iki min iki yüz səksən) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 42 (qırx iki) manat 80 (səksən) qəpik, cəmi 2.322 (iki min üç yüz iyirmi iki) manat 80 (səksən) qəpik məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar