Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-561/2022 10.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 29990 manat pulun və əlavə olaraq, həmin evin sol tərəfində tikdirdiyi alt-üst iki otağın tikintisi ilə əlaqədar çəkdiyi 20000 manat xərcin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 1989-cu ilin avqust ayında Daşkəsən rayonunun Bayan kəndində məhəllə evi almışdır. Müəyyən səbəblərə görə aldığı evi oğlu Cavabdeh1 arvadı Pərvanə Tağıyevanın adına rəsmiləşdirməyə məcbur olmuşdur. Həmin ev 2 mərtəbədən ibarət olmaqla hər mərtəbədə 2 otaq olub. Ev sahibi birinci mərtəbədəki otaqlarım birində ev heyvanları saxlayıb və o biri isə istifadəsiz və yararsız vəziyyətdə olub. İkinci mərtəbədəki otaqlar isə yaşayış sahəsi olub və təmirsiz (bəzi yerləri dağılmış) olub. Dam örtüyünün ağacları çürüdüyü və şiferləri yararsız olduğu üçün evlərə yağış suyu daxil olub. Sonrakı illərdə yaz- yay fəslində orada yaşamaqla bərabər tədricən qeyd olunan işləri aparmışdır. İkinci və birinci mərtəbələrdəki otaqları, eyni zamanda hər iki balkonu təmir etdirmişdir; ikinci mərtəbdə açıq balkon tikdirmişdir; evin damının qabaq hassəsini sökdürüb təzə tikinti materialları (döşəmə,reyka, dayaqlar) ilə tikdirib təzə şifer vurdurmuşdur; təzə hamam tikdirmişəm, təzə santexnika avadanlıqları qoymaqla və kanalizasiya xətti çəkdirmişdir (dərin quyu qazdırmaqla); Evin qabaq hissəsində barı çəkdirib geniş meydança düzəltdirmişdir; məhlənin qabaq sol və sağ hissəsində ağ kubik və qara daşla 3 metr hündürlüyündə barı çəkdirmişdir; Məhlədə lazım olan abadlıq işləri aparmışdır; dağın başından çox çətinliklə və xərclə bulaq suyu çəkdirmişdir (4km. məsafədən meşənin ağaclarının köklərini kəsməklə və daşlıq yerləri çapmaqla); məhlənin torpaq sahəsində meyvə ağacları əkmişdir. Məhlədə tikinti işləri apararkən P.Tağıyeva və əri Cavabdeh1 maddi kömək etməyiblər. Tikinti təmir işləri üçün Şirindən pul istəyəndə o deyirdi ki, pulum yoxdur, sonra verəcəm. Şirinin ona maddi kömək etməsi üçün onu vəzifəyə (ekologiya idarəsində inspektor, ovçuluq cəmiyyətinə sədr təyin etdirmişdir, ovçuluq ləvazimatları satmaq üçün obyekt və lazım olan malları almışam və.s). Lakin o, hər dəfə deyirdi ki, xərclədiyin pulları qaytaracam. Lakin bu günə qədər bir manat pul verməyib. O, aldığı həmin evdə gördüyüm işlərə sərf etdilən tikinti materialları alınmasına, iş görən ustalara (fəhlələrə) verilən və s. pulların miqdarı qeyd edilib. Görülən işlərin həcmi üzrə yazılan məlumatlarda səhvlik ola bilər. Çünki dəqiq ölçü aparılmayıb. Odur ki, görülən işlərin həcminin onun iştirakı ilə müvafiq ekspertlər tərəfindən yerində ölçülməsini və görülən işlərin fotoşəkillərinin çəkilməsini məqsədə uyğun hesab edir. Evin həyətinin qabağına və kənarına çəkdiyi barının (uzunluğu 50 metr) tikilməsinə çəkilən xərclər: Ağ kubuk daşı 600 ədəd*0.80man.=480 manat; Qara qaş-3 Kamaz*400 manat.=1200 manat, Sement 40 kisə*8.50man.=340 manat; barının himinin hazırlanması-600 manat, qum 2 maşın-800 manat, usta və fəhlələrə əmək haqqı 700 manat, xörək və çay üçün xərc-350 manat olmaqla cəmi 4470 manat; Barı uzunluğunu 70 metr, eni 40sm.*3m=210kv.m, barının himinin hazırlanması -800 manat, qara qaş-84 kamaz*400 man.=3200 manat, sement 100 kisə*8.5=595 manat, qum 4 maşın 1 600 manat, usta və fəhlələrə zəhmət haqqı-1000 manat, xörək və çay-250 manat, ağ kubik daşı 800 manat olmaqla cəmi 8245 manat; Dam örütüyünün sökülməsi və təzə materillarla tikilməsi üçün çşfer 60*20man=1200 manat, palan 45*5 man=225 manat, taxta materialları və hazırlanması- 1000 manat, mismar (müxtəlif ölçülü)-100 manat, usta və fəhlə pulu-800 manat, xörək və çay-250 manat olmaqla cəmi 3575 manat; Balkon tikmək üçün potolok lambrin alınması və vurulması -400 manat, pol taxtası -400 manat, pol üçün mil-400 manat, şifer 400 manat, potolok üçün mil-400 manat, reyka-200 manat, usta pulu-300 manat, xörək və çay pulu- 150 manat olmaqla cəmi 2650 manat; Zirzəminin 1 otağının və qbağında olna balkonun təmiri üçün beton tökülməsi (material ilə birlikdə və metlaq-500 manat, lambrin -300 manat, reyka-200 manat, mətbəx döşəməsi və suvaq işləri -300 manat, xörək və çay pulu- 150 manat olmaqla cəmi 1450 manat; Yaşayış otaqlarının və balkonun təmiri üçün oboy alınması və çəkilməsi 400 manat, emusiya 25kq-150 manat, kraska (pol, potolok və qapı pəncərəsi)-200 manat, rəng çəkilməsi üçün usta pulu-300 manat, xörək və çay-300 manat olmaqla cəmi 1350 manat; Hamamın tikilməsi üçün kubik daşı (250*0.80)=200 manat, sement -20*8.50=170 manat, kafel-20*20 m və vurulması-400 manat, hörgü üçün usta və fəhləyə verilən pul-400 manat, pol üçün metlaq və vurulması -300 manat, potolok üçün beton tökülməsi -400 manat, su çəni-300 manat, xörək və çay pulu-200 manat olmala cəmi 2370manat; Dəmir setka ilə abadlıq isləri üçün su çəni 25 tonluq-2800 manat, su çəni 5 tonluq-500 manat, dörd tərəfi uqolnik olan dəmir setka (ramka) hazırlamaq-200 manat, xörək və çay pulu-200 manat, balkonun qabağına dəmirdən hazırlanmış reşotka- 300 manat, dəmir darvazanın alınmasına və qondarılmasına 1300 manat, meyvə ağaclarına və əkilməsinə-580 manat olmaqla cəmi 5880 manat, ümumilikdə 29990 manat təşkil edir. O, əsas təmir tikiniti işlərinin çox hissəsini uzun illər ərzində 2016-cı ildən aparmışdır. Cavabdehlər son günə kimi onun xərclədiyi pulu qaytaracaqlarını düşünürdü, lakin artıq aralarında olan mübahisə ilə bağlı pulu vermək istəmirlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, mübahisəli evi satın aldığını, tutuduğu vəzifəyə görə əmlakı gəlini olan Pərvanə Tağıyevanın adına rəsmiləşdirdiyini və orada yaşamaq fikri olduğu üçün təmir-tikinti işlərini apardığını, lakin indi orada yaşamaq imkanın olmadığını bildirmişdir. İddiaçı tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər hər biri ayrı-ayrılıqda iddianı qəbul etməyərək, mübahisəli evin Pərvanə Tağıyevanın atası tərəfindən həmin qızı üçün satın alındığını, iddiaçı tərəfindən mübahisəli evdə hər hansı təmir-tikinti işi aparılmadığını və həmin evdə sonuncu dəfə təmir işlərinin 2010-cu ildə özləri tərəfindən aparıldığını bildirdilər. Cavabdehlər hər biri ayrı-ayrılıqda iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (152.5). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (157.4). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir (157.5). Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.1989-cu il tarixli müqavilənin surətindən görünür ki, X1 rayonunun Bayan kəndində ümumi sahəsi 58.0 kv yaşayış sahəsi olan evi 9000 manata satın almışdır. İş materiallarına əlavə edilmiş Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Daşkəsən rayonunun Bayan kəndində yerləşən ümumi sahəsi 58.0 kv olan yaşayış sahəsi Daşkəsən Rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli sərəncamə əsasında X3 adına qeydiyyata alınmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə mübahisəli evə mülkiyyət hüququna dair mübahisə araşdırılmasa da, cavabdeh tərəfdən təqdim edilmiş və notariat qaydada təsdiq edilmiş sənədlərdən nübahisəli evin Pərvanə Tağıyeva tərfədən satın alınması və onun rasmiləşdirilməsi müəyyən edilir. İddiaçı tərəfdən təqdim edilmiş müqavilədə iradə ifadəsini əks etdirən imzalar olmadığı üçün mötəbər sübut kimi qəbul edilə və (ya) hazırkı iş üzrə əhəmiyyət kəsb edən hər hansı halı təsdiq edə bilməz. Bundan başqa, məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, Zahid adlı şəxsin evində işləyərkən İddiaçılə tanış olmuşdur. Qurbanın Gəncə şəhərindəki evində işləmişdir. Daha sonra, Qurbanın Bayanda yerləşən evində dam örtüyünün vurulmasında və çardağın tikintisində iştirak etmişdir. Bayanda yerləşən evdə təxminən 15-20 gün işləmişdir. İşlərin aparılma vaxtını deyə bilmir, təxminən 1990-cı ilin əvvəllərində orada işləmişdir. Onları işləmək üçün həmin evə Qurban aparmışdır, materialları özü alıb gətirmişdir, yeməyi onlar özləri bişirmiş və ya Qurban onlara yemək gətirmişdir, işə görə nə qədər pul verildiyini dəqiq xatırlamır. Cavabdeh1 Gəncə şəhərindəki evdə işləyən zamandan tanıyır, amma Bayandakı evdə işləyən zaman onu görməmişdir. Pərvanə Tağıyevanı isə görüb-görmədiyini xatırlamır. Məhkəmə iclasında dindirilmiş X2 ifadəsində bildirmişdir ki, İddiaçı 1987-ci ildən, universitetə daxil olan zamandan tanıyır, ailəvi dostdurlar. Bayan kəndində yerləşən evin həyətindəki qarajın üstündə yerləşən zalın tikintisində 10-15 gün fəhlə kimi iştirak etmişdir. Həmin evin həyətində 1990cı ilin əvvəllərində işləmişdir. İddiaçı onları yeməklə təmin edir, materialları satın alıb gətirirmiş, materialın satın alınması üçün onunla birlikdə getməmiş, materialın dəyəri onun yanında İddiaçı tərəfindən ödənilməmişdir və işlədiyi evə aparıb gətirirmiş. Həmin vaxt qeyd edilən evdə İddiaçı, həyat yoldaşı, qaynanası, Şirin və Pərvanə də yaşayırdı. Bayan kəndindəki evə həm İddiaçılə getmişdir, İddiaçı avtomobiliylə Cavabdeh1 aparmışdir. Şahid qismində dindirilmiş Zakir Niyazovun və Yusifəli Rüstəmovun ifadələri mübahisəli evdə təmir-tikinti işlərində iştirak etdiklərini bildirdikləri dövrdə sərf olunmuş materialların İddiaçı tərəfindən satın alınmasını, dolayısıyla həmin materialların, habelə görülən işlərin dəyərini təsdiqləyə, yəni əvəzi tələb edilən xərcin çəkilməsini və (ya) məbləğini təsdiqləyə bilməmişdir. Bununla yanaşı, iddiaçı ərizəsində əsas təmir-tikinti işlərini 2016-cı ildən apardığını bildirsə də, təqdim etdiyi şahidlər işlərin 1990-cı illərin əvvəllərində aparıldığını bildirir, beləliklə sübut olan şahid ifadələriylə iddia tələbi ilə ziddiyyət təşkil edir və təkzib olunur. Şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, Bayan kəndində yerləşən evdə barı çəkilərkən fəhlə kimi, günəmuzd olaraq 3-5 gün işləmişdir. İşlərin görülməsi vaxtını dəqiq xatırlamır, orada təxmini 18-20 əvvəl işləmişdir. Yeməklə İddiaçı təmin edirdi və günlük pulunu verirdi. Qurban başqa yerdə yaşayırdı, materialları alıb, gətirirdi, lakin o, İddiaçılə material satın almağa getməmişdir. Evdə kiminsə yaşadığını xatırlamır. Cavabdeh1 görməmişdir, tanımır. Onu Bayandakı evə işləməyə ağsaqqal usta apardı, onun adını isə xatırlamır. Əvəzi tələb edilən işlərin görülməsi vaxtını və (ya) mübahisəli evdə onu işləməyə aparan ustanın adını xatırlamayan şahid Xaqani Yusifli ifadəsiylə xatırladığı İddiaçı tərəfindən işlərin görülməsini və (ya) xərclərin görülməsini təsdiq edə bilməmişdir. Bununla yanaşı, iddiaçı ərizəsində əsas təmir-tikinti işlərini 2016-cı ildən apardığını bildirsə də, təqdim etdiyi şahid işlərin 18-20 il əvvəl, yəni təxmini 2002-2004-cü illərdə aparıldığını bildirir, beləliklə sübut olan şahid ifadələriylə iddia tələbi ilə ziddiyyət təşkil edir və təkzib olunur. Şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, İddiaçı nəvəsidir. Mübahisəli ev babası tərəfindən satın alınıb. Qurban evə barı çəkib, hamam-tualet tikib, ağac əkibdir. Həmin evdə görülən təmir-tikinti işlərinin dəqiq vaxtını xatırlamır. Babası materialları satın alırdı və usta pulunu ödəyirdi. Təxminən 2006-2008 illərdə İlham Həsənov tavan üzlüyünün vurulması işlərində iştirak, kömək etmişdir. Əvvəllər ailəvi həmin evə gedib orada qalmışlar, lakin 2014-cü ildən ora getmirlər. Şahid qismində dindirilmiş İlham Həsənova ifadə verməkdən qanunsuz imtina etməyə və bilə-bilə yalan ifadələr verməyə görə məsuliyyəti barədə xəbərdarlıq edilməsinə və əvəzi tələb edilən xərclərə dair ifadə verməsinin təklif olunmasına baxmayaraq, verdiyi ifadəsinə mübahisəli evin babası İddiaçı tərəfindən satın alındığını bildirməklə başlamışdır. Halbuki, həmin satın alınma araşdırılmamaqla yanaşı, hər iki tərəfdən yaşayış sahəsinin satın alma tarixi olaraq bildirilən 1989-cu ildə 1987-ci il təvəllüdlü həmin şahid barəsində ifadə verdiyi bu halı azyaşlı olduğuna görə düzgün qavraya bilməzdi, bu səbəbdən həmin məsələyə dair şahid qismində dindirilə və (ya) ifadə verə bilməzdi. Şahid ifadəsiylə əvəzi tələb edilən işlər və (ya) onlara çəkildiyi bildirilən xərclər təsdiqlənməmişdir. Bundan başqa, İddiaçı əksər işlərin 2016-cı ildə görüldüyünü bildirsə də, məhkəməyə təqdim etdiyi şahid İlham Həsənov 2014-cü ildən mübahisəli evə getmədiklərini bildirmiş, beləliklə sübut növü olan şahid ifadəsiylə həmin tarix təkzib edilmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X12 ifadəsində bildirmişdir ki, Bayan kəndindəki evdə barı çəkilməsində işləmişdir. İşlərin görülmə vaxtını dəqiq xatırlamasa da, təxmini 2010-2012-ci illərdə işləmişdir. Hər kvadrat metrə görə muzd alırdı, məbləğini dəqiq xatırlamasa da, günə 3-4 “şirvan”a işləyirdi. Hördüyü divarın ümumi uzunluğunu deyə bilməz. Təmir aparılan evdə həmin dövrdə yaşayış olmamışdır. İddiaçı onları yeməklə təmin edir, materialları satın alıb gətirmişdir. X15 ifadəsiylə mübahisəli evdə təmir-tikinti işlərində iştirak etdiklərini bildirdikləri dövrdə sərf olunmuş materialların İddiaçı tərəfindən satın alınmasını, dolayısıyla həmin materialların, habelə görülən işlərin dəyərini təsdiqləyə, yəni əvəzi tələb edilən xərcin çəkilməsini və (ya) məbləğini təsdiqləyə bilməmişdir. Bununla yanaşı, iddiaçı ərizəsində əsas təmir-tikinti işlərini 2016-cı ildən apardığını bildirsə də, təqdim etdiyi şahid işlərin 2010-2012-ci illərdə aparıldığını bildirir, beləliklə sübut olan şahid ifadəsiylə iddia tələbi ilə ziddiyyət təşkil edir və təkzib olunur. Digər tərəfdən, şahid gördüyü işlər üçün ona ödənildiyini bildirdiyi və el içində kağız pulun üzərində təsvir olunmuş sarayın təsvirinə istinadən “şirvan” adlandırılan 10000 manat dəyərində pul nişanı 2010-2012-ci illərdə dövriyyədən tam çıxarılmışdı. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında 07 fevral 2005-ci il tarixli Fərmanına əsasən, 2006-cı il yanvarın 1-dən etibarən yeni manatın tədavülünə başlanılmışdır. Bununla əlaqədar, 1 yeni manat 5000 manata bərabər edilmiş, mövcud manat yeni manatla birgə 2006 il ərzində dövriyyədə saxlanılmış, 2007-ci il yanvarın 1-dən isə tamamilə yeni manata keçilmiş, yeni manatların əskinasları və qəpiklik sikkələr mərhələlərlə dövriyyəyə buraxılmışdır. Beləliklə, iddiaçı pulun tutulmasına dair tələbini sübuta yetirmək üçün mübahisəli evdə yerinə yetiridiyini bildirdiyi işlərin görülməsini və (ya) on(lar)a görə çəkilən xərcləri təsdiqləyəcək yazılı və (ya) maddi sübutlar təqdim edə bilməmişdir, işdə iştirak edən şəxs qismində iddiaçının və (ya) cavabdeh tərəfin izahatı və (ya) etirafı ilə təsdiqlənməmişdir. Bununla yanaşı, iddia ərizəsində sadalanan xərclərin hansı sübut(lar)a əsaslanmaqla müəyyən edildiyi iş materiallarından görünmür. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bununla yanaşı, dindirilməsini xahiş etdiyi şahidlər təmir-tikinti işlərinin görülmə tarixləri daxil olmaqla, ziddiyyətli ifadələr vermiş, iddiaçının tələbini təkzib etmişdir. Bununla yanaşı, çəkişmə prinsipini təmin etmək məqsədi ilə dindirilən şahidlər əvəzi tələb edilən xərcləri təsdiqləyə bilməmişlər. Bundan başqa, iddiaçı bu barədə vəsatət versə də, ekspertiza keçirilməklə və (ya) yerində müayinə hərəkətini aparmaqla əvəzi tələb edilən işlərin və (ya) xərclərin iddiaçı tərəfdən icra edilməsini müəyyənləşdirməyə imkan verən sübutlar təqdim olunmamışdır. Ziddiyyətli olan şahid ifadələrinin ortaq cəhəti günəmuzdun və yemək xərclərinin İddiaçı tərəfindən ödənilməsidir ki, həmin məbləği dəqiq xatırlaya və (ya) bildirə bilmirlər. Beləliklə, iddiaçı öz tələbinin əsası kimi istinad etidiy halları sübut edə bilməmişdir. Digər tərəfdən, iddiaçı tələbinin əsaslı olduğunu təsdiq edə bilmək üçün onun tərəfindən oğlu olan Cavabdeh1 maddi yardım göstərildiyini əks etdirən müxtəlif sənədlər təqdim edilmişdir. Lakin MPM-in 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tələbin faktiki əsas(lar)ından başqa, hüquqi əsas(lar)ı da iddiaçı tərəfindən təqdim edilməmiş, habelə məhkəmə araşdırması zamanı müəyyən edilə bilmir. Belə ki, Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Belə ki, iddiaçı mübahisəli evi satın aldığını və həmin evdə təmir-tikinti işlərini aparıldığını bildirsə də, bu hal həm iddiaçının təqdim etdiyi imzalanmamış müqavilənin surəti, həm də cavabdeh tərəfdən təqdim edilən və alıcı qismində X3 imzaladığı müqavilənin təsdiq olunmuş surətiylə təkzib edilməklə yanaşı, iddiaçının ona məxsus olduğunu bildirdiyi evdə aparılan təmir-tikinti işlərinin əvəzini cavabdehlərdən tələb etməsi üçün əsas ola bilməzdi. Mülki Məcəlləyə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (1091). Mübahisəli evin İddiaçı tərəfindən deyil, Pərvanə Tağıyeva tərəfdən satın alınması təqdim edilmiş sübutlar əsasında müəyyən edildiyindən, əvəzi tələb edilən təmir-tikintini cavabdehlərin hüquqi əsas olmadan əldə etməsi sübuta yetirilmədiyindən hazırkı işin tənzimlənməsi üçün əsassız varlanmaya dair normalar tətbiq edilə bilməz. Bundan başqa, Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Mülki Məcəllənin 777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 782.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Hazırkı iş üzrə iddiaçının əvəzini tələb etdiyi işlərin yerinə yetirilməsinə dair cavabdeh tərəfdən hər hansı tapşırıq alması sübuta yetirilmir, habelə cavabdehlər belə tapşırığın verilməsini və (ya) iddiaçı tərəfdən qeyd edilən işlərin görülməsini təsdiqləmir. Bundan başqa, Mülki Məcəllənin 1087.1-ci maddəsinə əsasən, özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. Mülki Məcəllənin 1087.2-ci maddəsinə əsasən, işlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur. Mülki Məcəllənin 1088.1-ci maddəsinə əsasən, icraçı işləri idarəetməyə qəbul etməsi barədə sahibkarı mümkün qədər qısa müddətdə xəbərdar etməli və əgər ləngimə hər hansı risklə bağlı deyilsə, onun qərarını gözləməlidir. Mülki Məcəllənin 1088.2-ci maddəsinə əsasən, icraçı başladığı işləri sahibkarın özünün fəaliyyət göstərə biləcəyi vaxtadək davam etdirməlidir. Hazırkı iş üzrə iddiaçının sahibkarı mümkün qədər qısa müddətdə xəbərdar etdikdən sonra onun qərarını gözləməməsinin ləngimənin hər hansı risklə bağlı olduğu və bu səbəbdən icraçı qismində yerinə yetirdiyini bildirərək əvəzini tələb etdiyi işləri idarəetməyə qəbul etdiyini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən, özgəsinin (sahibkarın) işlərini tapşırıqsız aparmaya istinadən pulun tələb edilməsi üçün hüquqi əsas yaranmamışdır. Bundan başqa, Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Mülki Məcəllənin 666.2-ci maddəsinə əsasən, bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Mülki Məcəllənin 673.1-ci maddəsinə əsasən, hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə, hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Mülki Məcəllənin 673.3-cü maddəsinə əsasən, imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. Hazırkı iş üzrə hədiyyə alanın hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətməsi; hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş hansısa vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozması; hədiyyə alanın bağışlama ilə bağlı hansısa öhdəlikləri əsassız olaraq icra etməməsi müəyyən edilmədiyindən, hədiyyə verənin bağışlamanın predmeti kimi əmlak hüquqlarını bağışlamaqdan imtina edərək mübahisəli evdə aparıldığı bildirilən təmir-tikinti işlərinin əvəzini tələb etməsi üçün hüquqi əsas yaranmamışdır. Bundan başqa, Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Hazırkı iş üzrə hüquqla və ya qanunla müdafiə edilən zərərçəkən qismində iddiaçıya qarşı cavabdeh tərəfdən birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl törədilməsi müəyyən edilmədiyindən iddiaçı üçün belə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranmamışdır. Beləliklə, iddiaçının iddia ərizəsində istinad etdiyi Mülki Məcəllənin 386.1 və 442-ci maddələrinə müvafiq olaraq, qarşılıqlı razılaşdırılmış iradə ifadəsini əks etdirən şifahi və ya yazılı müqavilə olması müəyyən edilmədiyindən, müqavilə öhdəliyinə əsasən borclu qismində cavabdehlərin kreditor qismində iddiaçının xeyrinə müəyyən hərəkəti etməli olması, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ müəyyən edilmir. Bundan başqa, zərər vurma, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində sözü gedən tələb hüququ, dolayısıyla hazırkı iddia ilə məhkəməyə müraciət etmək hüququ əmələ gəlməmişdir. Beləliklə, tələbin faktiki əsası, dolayısıyla onu tənzimləməli olan hüquqi əsası müəyyən edilməmişdir. Belə olan halda, cavabdeh tərəf iddia müddətinin tətbiqinə dair ərizə təqdim etsə də, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququnun mövcud olması müəyyən edilmədiyindən, həmin hüququn məhkəmə qaydasında müdafiəsindən iddia müddətinin tətbiqinə dair verilmiş ərizə də təmin edilə bilməz. Belə ki, Mülki Məcəlləyə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (372). Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (375). İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müd dəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır (377). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarı əks olunmuş hüquqi mövqeyinə uyğun olaraq, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, hazırkı iş üzrə iddia əsaslı hesab edilə və təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin olunmasın. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-561/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-561/2022
10.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver