Məhkəmə qərarları › İş №2(125)-5628/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5628/2025

23.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5628/2025 23.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 42900 manat məbləğində pulun və 218.7 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onun qonşusu Cavabdeh 10 ildir ki, tanıyır. O, Ramini tanıdıqdan sonra ona maşın alveri üçün pul lazım olduğuna görə dəfələrlə ondan müxtəlif vaxtlarda borc pul almışdır. Hal-hazırda cavabdehin ona 42900 manat borcu vardır. O, həmin borcu xx.xx.2025-ci il tarixdə qaytaracağına söz vermişdir. Lakin həmin borcdan Ramin heç bir manatda qaytarmamışdır. Hər dəfə ondan borcu tələb etdikdə vaxt istəyir, lakin dediyi vaxtda heç bir ödəniş etmir. O, Cavabdeh ilk dəfə xx.xx.2024-cü il tarixdə 1800 manat pul verib, sonra isə xx.xx.2024-cü il tarixdə 3500 manat, xx.xx.2024-cü il tarixdə 6000 manat, xx.xx.2024-cü il tarixdə 7800 manat, xx.xx.2025-ci il tarixdə 500 manat pul verib və hər dəfə borca pul götürəndə Ramin öz xətti ilə əlyazma yazmış və imza etmiş və bildirmişdir ki, maşın götürüb arendaya verib hər ayın axırında sənin pulunu hissə-hissə qaytarıb yazdığı əl yazmaları da götürəcək, lakin o, heç bir manat pul ödəməmişdir. xx.xx.2025-ci il tarixdə isə 10800 manat pul götürüb əvəzində ona **-CR-*** dövlət nömrəli, Toyota Prius markalı maşını verəcəyini bildirmişdir. Bu barədə də Ramin öz xətti ilə əl yazma yazmışdır, lakin maşını gətirib verməmişdir, bildirmişdir ki, maşınla avto qəza törətmiş, maşını düzəldəndən sonra gətirəcək, lakin gətiməmişdir. xx.xx.2025-ci il tarixdə Ramin yenə də ona pul lazım olduğunu bildirmiş və onlar birlikdə Gəncə şəhər 2 saylı notariat ofisinə gedib borc müqaviləsi bağlayıblar və o, ona 12500 manat pul verib. Həmin vaxt Ramin bildirmişdir ki, bütün ondan götürdüyü pulların hamısını bir yerdə xx.xx.2025-ci il tarixdə qaytaracaq və yazdığı əl yazmaları ondan götürəcək. Lakin həmin vaxtdan bu günə kimi Ramin heçnə ödəməmişdir. Buna görə də, o, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət edib. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizəsində yazılanların izahatı olaraq qəbul edilməsini və tələbinin təmin olunmasını xahiş etdi. İddiaçı həmçinin bildirdi ki, tələb etdiyi borcdan cavabdeh cəmi üç dəfə elektron qaydada ayrı-ayrı vaxtlarda 250 manat, 145 manat və 250 manat olmaqla, cəmi 645 manat pul qaytarmışdır, cavabdehin təqdim etdiyi qəbzlər həmin ödənişlərə dairdir, müvafiq ödənişlər edildikcə həmin borcu təsdiqləyən qəbzləri cavabdehə qaytarmışdır və hazırda tələb etdiyi borca həmin ödənişlərin aidiyyəti yoxdur; cavabdeh nağd qaydada hər hansı ödəniş etməmişdir; notariat qaydada təsdiqlənmiş borc müqaviləsində nəzərdə tutulmuş borc ilə ayrı-ayrı qəbzlərdə nəzərdə tutulmuş borcların bir-birinə aidiyyəti yoxdur, hər biri ayrı-ayrılıqda verilmişdir; cavabdeh avtomobil alqı-satqısı ilə məşğul olduğu üçün xx.xx.2025-ci il tarixdə 10800 manat pul alaraq onun üçün avtomobil gətirəcəyini bildirdi, lakin nə avtomobili gətirdi, nə də pulu qaytardı. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən cavabdeh iddiaya etiraz edərək bildirmişdi ki, iddia ərizəsinə əlavə olunmuş qəbzləri cavabdeh iddiaçının diqtəsiylə yazmış və imzalamışdır, həmin qəbzlərdə ayrı-ayrılıqda göstərilən borcları ümumi borc məbləği kimi yazaraq notariat qaydada borc müqaviləsi imzalayıblar, lakin bu halı təsdiqləyən hər hansı sübut təqdim edə bilmir, iddiaçıya etibar etdiyi üçün notariat qaydada müqavilə imzalayarkən borc barədə əvvəlki qəbzləri tələb etməmişdir, ayrı-ayrı vaxtlarda elektron qaydada 250 manat, 145 manat və 250 manat ödənişdən başqa digər ödənişlərini təsdiqləyən sübut təqdim edə bilmir. Məhkəmə, iddiaçını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan qəbzlərdən görünür ki, Hüseyn-X1 Naidə Qüdrət qızından xx.xx.2024-cü il tarixdə 1800 manat, xx.xx.2024-cü il tarixdə 3500 manat, xx.xx.2024-cü il tarixdə 6000 manat, xx.xx.2024-cü il tarixdə 7800 manat, xx.xx.2025-ci il tarixdə 500 manat pulu qaytarmaq şərti ilə almışdır; xx.xx.2025-ci il tarixdə “Toyota Prius” markalı, **-CR-*** dövlət qeydiyyat nömrəli avtomobilini İddiaçı 10800 manata satmış, 10800 manat pulu almışdır, avtomobili gətirib Naidə xanıma təhvil verərək yazdığı kağızı götürəcəkdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli notariat qaydada bağlanmış borc müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 12500 manat məbləğində pul borc verir, borc alan borcu xx.xx.2025-ci il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürür. Tərəflər borcun faizsiz verilməsini şərtləşdirirlər. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə "xxxx" KB ASC-nin vasitəsi ilə 416973****0897 nömrəli kart hesabına 250 manat məbləğində köçürmə edib. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə "xxxx" KB ASC-nin vasitəsi ilə 409858****4101 nömrəli kart hesabına 145 manat məbləğində köçürmə edib. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə "xxxx" KB ASC-nin vasitəsi ilə 416973****0897 nömrəli kart hesabına 250 manat məbləğində köçürmə edib. Azərbaycan Respublikası Mülki Məcəllənə əsasən, 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.

647. Alğı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir.

650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.3. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, M a d d ə 2 7 . Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı İİ. Mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatını Azərbaycan Respublikasının rayon, şəhər və bölgələrində aşağıdakılar aparırlar: 1) hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, yaxud konstruktiv maksimal sürəti saatda kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinin, onların qoşqularının və yarımqoşqularının - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı; M a d d ə 3 2 . Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi qaydası İ. Bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 1-ci bəndində nəzərdə tutulan nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsində və girov qoyulmasında maraqlı olan şəxs, müvafiq əqd bağlamazdan əvvəl, nəqliyyat vasitəsini müayinədən keçirilməsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı nəqliyyat vasitəsinin qeydiyyat sənədlərini, onun mühərrik, ban və şassi nömrələrini, rəngini informasiyaaxtarış bazasının məlumatları əsasında yoxlayır və yoxlamanın nəticəsi barədə nəqliyyat vasitəsini təqdim etmiş şəxsə müvafiq arayış verir. İİ. Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi, girov qoyulması yalnız nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında arayış təqdim edildikdən sonra, Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması” Qaydalarına 2 saylı Əlavənin 2-ci bəndinə əsasən, Hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kubsantimetr və daha çox, yaxud konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları növündə daşınar əmlakın rəsmi reyestrlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi aparır. Hazırkı iş üzrə iddiaçı 1) ayrı-ayrı vaxtlarda qaytarmaq şərtilə verilmiş 1800 manat, 3500 manat, 6000 manat, 7800 manat, 500 manat və 12500 manat pulun, 2) avtomobilin nisyə alqı-satqısı üçün verdiyi 10800 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir. Mülki işin tədqiq edilmiş hallarına əsasən, iddiaçının cavabdehə qaytarmaq şərtiylə cəmi 32100 pul verməsi, cavabdehin 250 manat, 145 manat və 250 manat olmaqla cəmi 645 manat ödəməsi müəyyən edilmişdir. İddiaçı cavabdehin ödəniş etdikcə borcları üzrə müvafiq qəbzləri qaytardığını bildirsə də, bu halı təsdiqləyən - cavabdehin ödənişlərinin tələb edilən borcdan çıxılmalı olduğunu təkzib edən hər hansı sübut təqdim etməmişdir. Cavabdeh notariat qaydada təsdiqlənmiş müqavilənin ayrı-ayrı qəbzlərdə nəzərdə tutulan borcları ehtiva etdiyini bildirsə də bu halı təsdiqləyən hər hansı dəlil təqdim olunmamışdır. Belə olan halda, borc üzrə ödənişlər (32100-645=31455) nəzərə alınmaqla, 31455 pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, tərəflər arasında nəqliyyat vasitəsinin nisyə alqı-satqısı barədə müqavilə bağlanarkən Mülki Məcəllənin tələblərinə riayət edilməmişdir. Belə ki, mübahisəli daşınar əmlak fiziki şəxslərə məxsus ola bilən nəqliyyat vasitəsidir və onun rəsmi reyestri, habelə, alqı-satqısı Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq, müvafiq icra hakimiyyəti orqanı qismində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən aparılır. Məhkəmə nəzərə alır ki, mülki qanunvericiliyə əsasən, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğısatqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir və Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Belə olan halda, mübahisəli nəqliyyat vasitəsinə dair qanunvericiliyin tələblərinə riayət edilmədən bağlanmış müqavilə etibarsız olduğundan tərəflər aldıqlarını digər tərəfə qaytarmağa borcludur. Beləliklə, əqdin etibarsızlığı nəticələri tətbiq edilməklə 10800 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, (31455+10800=42255) cavabdehdən 42255 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən ödənilmiş dövlət rüsumu əvəzi qismində 216.76 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 42255 (qırx iki min iki yüz əlli beş) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 216 (iki yüz on altı) manat 76 (yetmiş altı) qəpik pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar