Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5634/2024 28.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh1 və onun nümayəndəsi Vəkil və digər Cavabdeh2 (sonuncu prosesə gəlməmişdir) iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmədə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı olaraq onun tərəfindən cavabdehlərə qısa müddətli nisyə olaraq verdiyi qızıl-zinyət əşyalarının ümumi dəyəri, 50.000 (əlli min) manat məbləğində pulun və dövlət rüsumu kimi ödədiyi 240 (iki yüz qırx) manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, uzun illərdir ki, Gəncə şəhərində yerləşən X1-zinyət əşyalarının alqı-satqısı ilə məşğuldur. Bildirmişdir ki, Gəncə şəhər sakini mülki iş üzrə Cavabdeh1 mütəmadi olaraq ondan qızıl əşyalarını topdan satış qiymətinə qısa müddətli nisyə götürərək, öz müştərilərinə satıb onun pulunu qaytarırdı. O, Cavabdeh1 ilə bu qaydada bir müddət problemsiz işləmişdir. Bir müddət sonra Cavabdeh1 ona yaxın rəfiqəsi kimi təqdim etdiyi digər Cavabdeh2 ilə yanına gələrək ona nisyə mal verməsini israrla xahiş etmiş və bildirmişdir ki, Cavabdeh2 Gəncə şəhər 30 saylı tam orta məktəbin direktor müavinidir. Cavabdeh1 digər Cavabdeh2 uzun illərdir bu işlə məşğul olduğunu və onun ətrafının böyük olduğunu, hətta ona zamin olduğunu bildirərək, ona istədiyi qızıl-zinyət əşyalarının qısa müddətli nisyə verməsini xahiş etmişdir. O, mütəmadi olaraq Cavabdeh1 və Cavabdeh2 nisyə qızıl-zinyət əşyaları vermişdir. Lakin, bir müddət sonra Gəncə şəhəri, Nizami küçəsində yerləşən qızıl dükanından tanış satıcılar tərəfindən ona zəng olunaraq onun cavabdehlərə nisyə verdiyi qızıl zinyət əşyalarının ucuz qiymətə onlara təklif olunduğu barədə məlumat almışdır. O, dərhal iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zəng edərək məsələyə aydınlıq gətirmək üçün onunla görüşmələrini tələb etmişdir. Görüş əsnasında öncə onlar boyunlarına almasalar da, ona qeyd etdiyi Gəncə şəhəri, Nizami küçəsində yerləşən qızıl dükanından tanış satıcılar tərəfindən vatsapına göndərilən foto şəkilləri göstərən zaman etiraf edərək bildirmişlər ki, ona ümumilikdə 50.000 (əlli min) manat borc pulu tez bir zamanda qaytaracaqlar. Onu da bildirmişdir ki, Cavabdeh1 onu özünü öldürəcəyi ilə hədələyərək ölüm səbəbinin onun olacağına dair təhdidlər edir. Onu da qeyd etmişdir ki, cavabdehlər barədə qısa araşdırma aparan zaman ona məlum olmuşdur ki, ondan başqa bir neçə şəxslərə qarşı bu və digər yollarla külli miqdarda ziyan vurulmuşdur. Onun inamından sui istifadə edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ondan ümumilikdə 50.000 (əlli min) manat məbləğində qızıl-zinyət əşyalarını dələduzluq yolu ilə mənimsəmişlər. Hər dəfə onlarla əlaqə saxlayanda onun pulunu qaytaracaqlarına dair söz verirlər. Lakin, bu günə kimi, onlar, müxtəlif bəhanələrlə ona olan ümumilikdə 50.000 (əlli min) manat məbləğində borclarını qaytarmırlar. Belə ki, o, üzərinə götürdüyü öhdəlikləri şifahi müqavilədə nəzərdə tutulan şərtlər əsasında əməl etmiş, cavabdehlər isə şifahi müqavilə üzrə götürdükləri öhdəliyi səbəb göstərmədən yerinə yetirməməklə ona ziyan vurmaqda davam edirlər. Hesab edir ki, öhdəliyini icra etməyən cavabdehlər kreditor olaraq ona vurduqları zərərin əvəzini ödəməyə borcludurlar. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh1 19000 manat, digər Cavabdeh2 isə 28500 manat məbləğində pulun, dövlət rüsumu kimi ödədiyi 240 manat pulun isə müştərək qaydada cavabdehlərdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iştirak etmiş, iddianı müdafiə edərək, iddia ərizəsində göstərdiyi xüsusatlara uyğun izahat vermiş və qeyd etmişdir ki, cavabdehlərdən Cavabdeh1 2024-cü ilin iyul ayından etibarən, ayrı ayrı tarixlərdə 1614, 3450, 2637, 4940, 3530 və 4562 manat dəyərində olmaqla, cəmi 20733 manat dəyərində qızıl zinət əşyalarını nisyə qaydada satmış, Cavabdeh1 ümumilikdə olan 20733 manat borcundan ona cəmi 2500 manat qaytarmış, qalan borcunu isə qaytarmamışdır. Digər Cavabdeh2 isə ayrı ayrı tarixlərdə cəmi 28700 manat dəyərində qızıl zinət əşyalarını nisyə qaydada satmış, Cavabdeh2 isə ona olan həmin məbləğdə borcundan heç bir məbləğdə pul ödəməmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi, vəkil Nümayəndə iştirak etmiş, iddianı müdafiə edərək, izahatında qeyd etmişdir ki, tərəflər arasında yaranan hüquq münasıbətlərindən sonrakı ötən müddət ərzində qızılın dəyərı artığından və iddiaçının cavabdehlərə nisyə qaydada satmış olduğu qızıl əşyaların dəyəri vaxtında ödənilmədiyindən iddiaçı maddi ziyana düşmüşdür. Hazırda iddiaçı cavabdehlərdən ona dəyən zərərin əvəzini tələb etməsə də, hesab edirik ki, Cavabdeh1 iddiaçıya 19000 manat ödəməlidir. Ona görə də iddia tələbi dəqiqləşdirilərkən Cavabdeh1 19000 manat, Cavabdeh2 isə 28700 manat pulun alınaraq, iddiaçıya verilməsi xahiş edilmişdir. Sonda nümayəndə təmsil etdiyi iddiaçının irəli sürdüyü iddianın əsaslı olduğunu bildirib, tam təmin edilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh1 iştirak etmiş və ona qarşı irəli sürülən iddianı qismən etiraf edərək, izahatında bildirmişdir ki, Qahirə adlı xanımı 2024-cü ilin fevral ayından tanıyır. Qahirə xanım Leyla xanıma da, ona da ayrı ayrılıqda nisyə qaydada qızıl əşyaları satmışdır. Sonuncu alverləri zamanı Qahirədən 18000 manat dəyərində qızıl əyşalarını nisyə qaydada almış, iddiaçıdan nisyə qaydada aldığı həmin qızıl əşyalara görə olan ümumi borcundan 2500 manat məbləğini qaytarmış və hazırda iddiaçıya cəmi 15500 manat borcu qalmışdır. Sonda iddiaçıya qaytardıqları pullar nəzərə alınmaqla qərar qəbul edilməsini, ona qarşı irəli sürülən iddianın 15500 manat məbləğində təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmədə Cavabdeh1 nümayəndəsi Vəkil iştirak etmiş, Cavabdeh1 iddiaçıya olan 18000 manat borcundan 2500 manatın qaytarıldığının nəzərə alınmasını və Cavabdeh1 qarşı irəli sürülən iddianın 15500 manat məbləğində təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmənin əvvəlki iclasında Cavabdeh2 iştirak etmiş, ona qarşı irəli sürülən iddianı qismən etiraf edərək, izahatında qeyd etmişdir ki, iddiaçıdan 2024-cü ildə nisyə qaydada xeyli miqdarda qızıl zinət əşyaları alımışdır. Nisyə qaydada alınmış əşyaların cəmi dəyərini dəqiq deyə bilmir, ancaq bu borc 70000 (yetmiş min) manat deyil, təxminən 25000 manat dəyərində olmuşdur. Borcun məbləği barədə Qahirə xanımın apardığı qeydlərdən əlavə, özü də qeydiyyat aparmışdır, ancaq, bu barədə sübutları hazırda məhkəməyə təqdim edə bilmir. Həmin əşyalara görə, olan borcunun bir qismini ödəmiş, iddiaçıya təxminən 13000 manat borcu qalmışdır. Ancaq, bu barədə də sübutları hazırda məhkəməyə təqdim edə bilmir. Həmin sübutları məhkəmənin sonrakı iclasında təqdim edəcəyini bildirmişdir. Məhkəmənin sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmənin sonuncu iclasına gəlməmişdir. Məhkəmə Cavabdeh2 iştirakı olmadan işə baxılmasını və yekun qərar çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X3 ifadə verərək, ifadəsində bildirmişdir ki, İddiaçı ilə eyni mağazada işləyir, qızıl zinət əşyalarının satışı ilə məşğul olur. Cavabdehləri də qızıl əşyaları alıcıları kimi tanımışdır. Bir gün İddiaçı Cavabdeh2 qızıl əşyalarının alqı satqısı ilə məşğul olan şəxs kimi onunla tanış etmiş və Leyla ondan nisyə qaydada qızıl əşyaları almış və bir neçə gün sonra həmin əşyaların dəyərini ödəmişdir. İkinci dəfə Leyla ondan nisyə qaydada daha böyük miqdarda qızıl əşyaları almaq istəsə də, ona etbar etməmişdir. Bu zaman iddiaçı həmin əşyaları Leylaya deyil, elə bil ki ona verdiyini, pulunu da ondan alacağını bildirmişdir. Bundan sonra iddiaçı onun əşyalarını və başqa polkalardan da böyük çəkidə qızıl əşyalarını Leylaya vermişdir. Leylaya nisyə satılmış əşyaların dəyərini onun yanında Qahirə ilə Leyla birlikdə hesablamışlar və Qahirə cəmi borcun 50000 manatı keçdiyini Leylaya demişdir. Leyla isə Qahirəyə narahat olmamasını, aldığı əşyaların pulunu tamamilə ödəyəcəyini bildirmişdir. Daha sonra, Leyla nisyə qaydada aldığı malların dəyərini ödəmədiyindən və qızılların hamısını Leylaya Qahirə verdiyindən, o Qahirədən pulunu tələb etmişdir. Qahirə isə bundan sonra Leyla barəsində polisə şikayət etmişdir. Məhkəmə tərəfləri, onların nümayəndələrini və ifadə vermiş şahid X2 dinləyib, iş materiallarını tədqiq edib, hesab edir ki, iddia qismən əsaslı olduğundan, qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan, Gəncə şəhər Baş Polis İdarəsinin Təhqiqat Şöbəsinin 28 oktyabr.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 barəsində polisə müraciət etmiş, ancaq, cavabdehlər barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarından və həm iddiaçının, həm də hər iki cavabdehin məhkəmədə verdikləri izahatlardan müəyyən edilir ki, cavabdehlər iddiaçıdan qızıl zinət əşyalarını nisyə qaydada satın almışlar və 2024-cü ilin iyul ayından sonrakı dövrdə aldıqları malların dəyərini vaxtında ödəmədiklərindən, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Cavabdehlərdən Cavabdeh1 ona qarşı irəli sürülən 19000 manat məbləğində iddianı qismən etiraf edərək, izahatında bildirmişdir ki, Qahirə adlı xanımı 2024-cü ilin fevral ayından tanıyır. Həmin vaxtdan o Qahirədən nisyə mal götürüb, satıb və pulunu hissəhissə ona qaytarmışdır. Sonuncu alverləri zamanı Qahirədən 18000 manat dəyərində qızıl əyşalarını nisyə qaydada almış, həmin əşyalara görə iddiaçıya 2500 manat ödəniş etmiş, hazırda onun iddiaçıya 15500 manat məbləğində borcu vardır ki, iddianın həmin məbləğdə təmin edilməsinə etiraz etmir. Məhkəmə məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmaqla belə qənaətə gəlir ki, Cavabdeh1 iddiaçıdan nisyə qaydada aldığı qızıl əşyalara görə borcu onun özünün etiraf etdiyindən daha çox-18233 manat məbləğindədir. Məhkəmə gəldiyi bu qənaətlərini onunla əsaslandırir ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Doğrudur ki, MPM-in 76.2-ci maddəsi tərəflərin izahatlarını işdə sübut növləri kimi nəzərdə tutur. Məhkəmə bununla yanaşı qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, işin məhkəmədə araşdırılması zamanı Cavabdeh1 iddiaçiya malların nisyə alqı satqısından 15500 manat məbləğində borcunun olmasını etiraf edib, iddianın həmin məbləğdə təmin olunmasına etiraz etməsə də, iddiaçı həmin borcun 19000 manat məbləğində olduğunu iddia etmiş və işin bu halını təsdiq edən sübut növü kimi cavabdehə nisyə qaydada satmış olduğu əşyaların satılma tarixi və dəyəri barədə məlumatların əks olunduğu dəftəri məhkəməyə təqdim etmişdir. Həmin dəftər iddiaçının və Cavabdeh1 iştirakı ilə məhkəmədə tədqiq edilmişdir. Dəftərin tədqiqatı zamanı iddiaçı tərəfindən Cavabdeh1 31.07. 2024-cü il tarixdən başlamaqla ayrı-ayrı tarixlərdə 1614 manat, 3450 manat, 2637 manat, 4940 manat, 3530 manat və 4562 manat dəyərində olmaqla, cəmi 20733 manat dəyərində qızıl zinət əşyalarının nisyə qaydada satıldığı barədə qeydlərin aparıldığı müəyyən edilmişdir. Cavabdeh, ona 20 avqust 2024-cü il tarixdə 3530 manat dəyərində qızıl zinət əşyalarının nisyə qaydada verildiyi qeyd istisna olmaqla, bütün qeydlərin doğru olduğunu təsdiq etmiş, həmin qeydləri mübahisələndirmədiyini bildirmişdir. Həmin dəftər tədqiq edilərkən sual-cavab zamanı cavabdeh iddiaçıdan ümumilikdə cəmi 18000 (əvvəlcə izahatında isə bəzən 18500) manat dəyərində qızıl əyşaları aldığını bildirmişdir. Tədqiqat zamanı adi riyazi hesablama aparılmış, cavabdehin etiraf etdiyi qeydlərdə göstərilən əşyaların cəmi dəyərinin (1614+3450+2637+4940+4562)=17203 manat məbləğini təşkil etdiyi myəyyən edilmişdir. Yəni, həmin əşyaların cəmi dəyərinin cavabdehin özünün etiraf etdiyi dəyərdən daha aşağı olduğu aşkar edilmişdir. Bu məsələyə aydinlıq gətirilməsi Cavabdeh1 təklif edilsə də, o, iddiaçıdan daha hansı əşyanı və hansı tarixdə aldığına heç bir aydınlıq gətirə və borcunun daha hansı əşyalara görə 18000 manat olduğunu izah edə bilməmişdir. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, Cavabdeh1 izahatı onun iddiaçıya olan borcunun məhz 15500 manat məbləğində olduğu qənaətinə gəlməyə əsas verən mötəbər sübut növü kimi qəbuledilən deyildir. Belə olan halda, yalnız Cavabdeh1n izahatına istinad edilməklə iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi yolverilməzdir. İddiaçı isə məhz həmin əşyaların da Cavabdeh1 nisyə qaydada satıldığını və onun borcunun 15500 manat deyil, daha çox məbləğdə olduğunu bildirmişdir. Yaranmış vəziyyətdə, iddiaçının izahatı onun məhkəməyə təqdim etdiyi sübutlarla əlaqəli olaraq qiymətləndirildikdə işin araşdırılması nəticəsində iddiaçının Cavabdeh1 nisyə qaydada satdığı qızıl əşyaların cəmi dəyərinin 20733 manat məbləğini təşkil etməsi işin faktiki halları kimi təsdiq olunur. Cavabdehin isə həmin məbləğdə borcundan cəmi 2500 manat ödəməsini iddiaçı da təsdiq edir. Adi riyazı hesablamadan müəyyən edilir ki, Cavabdeh1 iddiaçıya olan qalıq borcu (20733-2500)=18233 manat məbləğindədir. Ona görə də, məhkəmə bu qənaətdədir ki, Cavabdeh1 iddiaçıya olan borcu 18233 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə aparılmış araşdırmalar nəticəsində belə qənaətə gəlir ki, digər Cavabdeh2 qarşı irəli sürülən iddia təsdiqini tapdığından tam təmin olunmalıdır. Belə ki, baxılan işdə Cavabdeh2 özü iddiaçıdan sonuncu dəfə təxminən 25000 manat dəyərində qızıl əşyalarını nisyə qaydada aldığını etiraf etmişdir. İddiaçı isə həmin cavabdehə cəmi 28500 manat dəyərində nisyə mal verdiyini göstərmişdir. Məhkəmə məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmaqla belə qənaətə gəlir ki, Cavabdeh2 iddiaçıdan sonuncu dəfə 25000 manat dəyərində deyil, 28500 manat dəyərində qızıl əşyalarını nisyə qaydada almışdır. Belə ki, məhkəmədə izahat verərəkən, Cavabdeh2 izahatında qeyd etmişdir ki, iddiaçıdan 2024-cü ildə nisyə qaydada xeyli miqdarda qızıl zinət əşyaları alımışdır. Nisyə qaydada alınmış əşyaların cəmi dəyərini dəqiq deyə bilmir, ancaq bu borc 70000 (yetmiş min) deyil, təxminən 25000 manat dəyərində olmuşdur. Borcun məbləği barədə Qahirə xanımın apardığı qeydlərdən əlavə, özü də qeydiyyat aparmışdır, ancaq, bu barədə sübutları hazırda məhkəməyə təqdim edə bilmir. Həmin sübutları məhkəmənin sonrakı iclasında təqdim edəcəyini bildirmişdir. Göründüyü kimi, Cavabdeh2 izahatında iddiaçıdan nisyə qaydada almış olduğu əşyaların cəmi dəyəri barədə dəqiq məlumat verə bilməmiş, borcun təxminən 25000 manat dəyərində olduğunu göstərmişdir. Bundan başqa, məhkəmənin Cavabdeh2 da iştirak etdiyi 16 dekabr 2024-cü il tarixli iclasında ifadə vermiş şahid X3 ifadəsində bildirmişdir ki, Leylaya nisyə satılmış əşyaların dəyərini onun yanında Qahirə ilə Leyla birlikdə hesablamışlar və Qahirə cəmi borcun 50000 manatı keçdiyini Leylaya demişdir. Leyla isə Qahirəyə narahat olmamasını, onun pulunu tamamilə ödəyəcəyini bildirmişdir. Şahidin bu ifadəsini dinləyən Cavabdeh2 ümumu borcun 50000 manat olduğu barədə məlumat verən həmin şahidin ifadəsində göstərdiyi bu xüsusata heç bir etiraz bildirməmiş, ancaq borcunun bir hissəsini qaytardığını onun diqqətinə çatdırmışdır. Şahid isə Cavabdeh2 əvvəlki borcunu qaytardığını, sonradan götürdüyü əşyaların dəyərini isə ödəmədiyini bildirmişdir. Bundan başqa, məhkəmənin sonuncu iclasında iddiaçının məhkəməyə təqdim etdiyi səs yazıları dinlənilmiş və iddiaçı danışığın onunla Cavabdeh2 arasında aparıldığını bildirmişdir. Danışıqlar zamanı ümumi borcun 50000 (əlli min) manat olduğu qeyd edilərək, borcun ödənilməsi Cavabdeh2 tələb edilmiş, Cavabdeh2 isə buna heç bir etiraz etməyərək, öz borcunu ödəyəcəyinə iddiaçıya söz vermişdir. Məhkəmə göstərir ki, artıq yuxarıda qeyd edildiyi kimi MPM-in 76-cı maddəsi tərəflərin izahatlarını, şahid ifadələrini və səs yazılarını işdə sübut növləri kimi nəzərdə tutur. Baxılan işdə məhkəmə Cavabdeh2 iddiaçıdan sonuncu dəfə 28500 manat dəyərində qızıl əşyalarını nisyə qaydada alması barədə iddiaçının məhkəməyə bildirdiklərini (iddiaçının izahatını) yuxarıda qeyd edilən sübutlarla əlaqəli şəkildə qiymətləndirib, belə qənaətə gəlir ki, Cavabdeh2 iddiaçıdan sonuncu dəfə 28500 manat dəyərində qızıl əşyalarını nisyə qaydada alması işin faktiki halı kimi təsdiq olunandır. Cavabdeh2 isə izahatında borclarını qismən ödədiyini, hazırda onun iddiaçıya təxminən 13000 manat borcunun qaldığını iddia etsə də, iddiaçı izahatında Cavabdeh2 həmin 28500 manat məbləğində borcundan heç bir ödəniş etmədiyini göstərmişdir. Məhkəmə göstərir ki, belə halda MPM-in sübutlarla bağlı tələblərinə əsasən, Cavabdeh2 malların nisyə alqı satqısından iddiaçı qarşısında yaranmış 28500 manat məbləğində borcundan hansısa məbləğdə pul ödədiyini sübut etmək yükü Cavabdeh2 üzərinə düşür. Cavabdeh2 isə izahatından başqa, işin bu halını təsdiq edə bilən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda, yalnız Cavabdeh2 izahatına istinad edilməklə iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi yolverilməzdir. Ona görə də məhkəmə bu qənaətdədir ki, iddiaçıya onun iddia etdiyi 28500 manat məbləğində borcdan heç bir məbləğ Cavabdeh2 tərəfindən qaytarılmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, aparılmış araşdırmalar nəticəsində işin faktiki halları kimi müəyyən olunur ki, tərəflər arasında malların nisyə alqı satqısı barədə şifahi müqavilələr olmuşdur və hazırda nisyə satılmış mallara görə Cavabdeh1 iddiaçıya 18233 manat məbləğində, digər Cavabdeh2 isə iddiaçıya 28500 manat məbləğində borcu vardır. İddiaçının polısə şikayət etməsinə baxmayaraq, cavabdehlər iddiaçıdan nisyə qaydada aldıqları əşyaları geri qaytarmamışlar. Tərəflər arasında yaranan hüquq münasibətləri malların nisyə alqı satqısından əmələ gələn münasibətlərdir, ona görə də mübahisənin həlli üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin belə münasibətləri tənzimləyən aşagıdakı normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdehlər iddiaçı ilə bağladıqları əşyaların nisyə alqısatqı müqavilələri üzrə əmələ gələn öhdəliklərə görə məsuliyyət daşıyırlar və irəli sürülən iddianın təmin edilməsi üçün qanuni əsaslar Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarında nəzərdə tutulmuşdur. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia Cavabdeh1 aid hissədə qismən- 18233 manat məbləğində, digər Cavabdeh2 aid olan hissədə isə tam-28500 manat məbləğində təmin edilməlidir. Bundan başqa, iş materiallarından müəyyən edilir ki, iddiaçı hazırki iddianı qaldırmaq üçün 240 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə göstərir ki, iddia qismən əsaslı sayılmışdır, ona görə də iddiaçı tərəfindən ödənilən 240 manat məbləğində dövlət rüsumunun 144 manat hissəsinin əvəzi Cavabdeh2, 92 manat hissəsi isə Cavabdeh1 alınıb, iddiaçıya verilməli, qalan 4 manat isə iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 357 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 18233 (on səkkiz min iki yüz otuz üç) manat məbləğində pul, digər Cavabdeh2 isə 28500 (iyirmi səkkiz min beş yüz) manat məbləğində pul alınıb, İddiaçı verilsin. Qalan hissədə iddia əsassız olduğundan təmin edilməsin. İddiaçı tərəfindən ödənilən 240 manat məbləğində dövlət rüsumunun 144 (bir yüz qırx dörd) manat hissəsinin əvəzi Cavabdeh2, 92 (doxsan iki) manat hissəsinin əvəzi isə Cavabdeh1 alınıb, iddiaçıya verilsin. Qalan 4 manat isə iddiaçının özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-5634/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5634/2024
28.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver