Məhkəmə qərarları › İş №2(125)-5645/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5645/2024

30.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5645/2024 30.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əİirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 Faxrəddin oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü Nümayəndə2 İlkin oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən sabit pul məbləğində tutulan alimentin miqdarının artırılaraq hər ay, hər uşaq üçün 300 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində müəyyən edilməsinə, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 55 manat mediasiya xərcinin cavabdehən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki hallarına görə tərəflər rəsmi nikahda olmuş, nikahdan iki uşaq – xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü Nümayəndə2 İlkin oğlu doğulmuşdur. Uşaqlar hazırda iddiaçı ilə birgə yaşayır. İddiaçı ilə Cavabdeh arasında olan nikah Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 235 nömrəli akt qeydi aparılaraq AZ-İ seriyalı, 313769 nömrəli nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Nikah ləğv olunandan sonra kişinin soyadı Əliyev, qadının soyadı Əhmədzadə qeyd edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-6057/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı iddiasının qismən təmin edilməsi, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(044)-1587/2021 nömrəli qətnaməsi ilə uşaqların saxlanması üçün tutulması qət edilmiş alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh 15 avqust 2013-cü il tarixdə anadan olmuş X1 və 08 avqust 2017-ci il tarixdə anadan olmuş Nümayəndə2 İlkin oğlunun yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, İddiaçı iddiasının qalan hissədə təmin edilməməsi, miqdarı dəyişdirilmiş alimentin tutulmasının məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)-1415/2019 nömrəli qətnaməsinə əsasən onunla cavabdeh arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan xx.xx.2013-cü il tarixdə anadan olmuş X1 və xx.xx.2017ci il tarixdə anadan olmuş Nümayəndə2 İlkin oğlunun onun yanında qalması müəyyən edilmiş və uşaqların yetkilik yaşlarına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay hər uşağa görə 130 manat, cəmi 260 manat sabit pul məbləğində alimentin və xx.xx.2017-ci il tarixdə anadan olmuş Nümayəndə2 İlkin oğlunun 3 yaşına çatana kimi saxlanılması üçün hər ay 40 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Bundan başqa, o alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə 2021-ci ilin aprel ayında məhkəməyə müraciət etmiş və Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-1587/2021 nömrəli qətnaməsi ilə iddiası qismən təmin edilmiş, birgə nikahdan doğulmuşxx.xx.2013-cüil təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü Nümayəndə2 İlkin oğlunun yetkinlikyaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq, hər ay hər uşaq üçün 150 manat, cəmi 300 manat sabit pul məbləğində olması müəyyən edilmişdir. Bundan sonra o cavabdehə qarşı əvvəlki məhkəmə qətnaməsi ilə uşaqların saxlanılması üçün tutulması müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi və uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 220 manat, cəmi 440 manat sabit pul məbləğində pul vəsaitinin və ödənilmiş mediasiya xərcinin yarısı olan 25 manat pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə iddia ərizəsi ilə müaciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-6057/2023 nömrəli qətnaməsi ilə iddiası qismən təmin edilmiş, əvvəlki məhkəmə qətnaməsi ilə uşaqların saxlanılması üçün tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilib, cavabdehdən xx.xx.2013-cü ildə anadan olmuş X1 və xx.xx.2017-ci il tarixdə anadan olmuş Nümayəndə2 İlkin oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Halbuki, o cavabdehə qarşı “məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılması tələbi” barədə iddia ərizəsində qeyd etmişdir ki, müəyyən edilmiş alimentin məbləği uşaqların saxlanılmasına kifayət etmir. Belə ki, uşaqların yaşı artdıqca onların tələbatı da artır. Birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü Nümayəndə2 İlkin oğlu xəstə olduğundan, onun müalicəyə ehtiyacı olduğundan onu mütəmadi olaraq həm psixoloq, həm də loqoped qəbuluna aparır. Buna da böyük vəsait tələb olunur. Cavabdeh isə aliment ödənişindən başqa, uşaqlara hər hansı bir maddi köməklik göstərmir. Cavabdehin maddi vəziyyəti kifayət qədər yaxşıdır və adına rəsmiləşdirilmiş işlər aparılmasa da, Gəncə şəhərində keçmiş Kəpəz rayon İcra Hakimiyyətinin qarşısında “İlki” adlı market, həmçinin bir mənzili və “Range Rover”markalı avtomobili var. Məhkəmənin sonuncu qətnaməsi ilə cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan aliment uşaqların heç bir tələbatının ödənilməsinə yetmir. Uşaqlar orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Uşağın saxlanılması üçün hazırda cavabdehin ödədiyi aliment həddan artı azdır və “Yaşayış minumumu” haqqında qanunun qoyduğu tələblərə tamamilə uyğun gəlmir. O övladlarının saxlanılması üçün hər ay hər uşağa 300 (üç) manatdan çox xərc çəkir. Başqa bir tərəfdən isə yuxarıda qeyd etdiyi kimi, birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü Nümayəndə2 İlkin oğlu xəstə olduğundan, onun müalicəyə ehtiyacı olduğundan mütəmadi olaraq həm psixoloq, həm də loqoped qəbuluna aparır və əlavə xərcləri də o təkbaşına çəkməli olur. Cavabdeh ayda 1500 - 1800 manatdan çox gəlirə və qazanca malikdir. İddia ərizəsi verməmişdən əvvəl ilkin olaraq o 2024-cü ilin avqust ayında Gəncə 1 saylı Mediyasiya Təşkilatına müracət etməli olmuş və ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 55 (əlli beş) manat məbləğində xərci ödəmişdir. Gəncə 1 saylı Mediyasiya Təşkilatının mediatoru X6 tərəfindən ona prosessin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayış da verilmişdir. Buna görə də görə o hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, çox təəssüf ki, iddiaçı heç bir əsası olmayan uydurma sözlər yazaraq məhkəməni aldatmağa çalışır. Bu, tamamilə açıq-aşkardır. Əslində isə iddiaçının məqsədi ona mümkün qədər çox maddi zərər vurmaq, qurduğu yeni ailəsinin nizamına təsir etməkdir. Belə ki, iddiaçı ilə ümumi övladları olan Özləm və İbrahim adlı uşaqlarının saxlanması üçün hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat aliment ödəyir. Halbuki öz maddi vəziyyəti yaxşı deyil. İddiaçı ilə 2019-cu ildə ayrılmışlar. İddiaçı onunla yaşamaq istəmədiyini bildirmiş, demişdir ki, ona, yəni iddiaçıya pulsuz, evsiz ər lazım deyil və onu məcbur etmişdir ki, nikahın pozulması üçün müraciət etsin. İddiaçı ondan ayrılmışdır, hazırda iddiaçı Bakı şəhərində yaşayır, həm işləyir, həm də 500 manatdan artıq ünvanlı dövlət sosial yardımı alır. O isə 2020-ci ildə yeni ailə həyatı qurmuşdur. Həmin nikahdan xx.xx.2022-ci il təvəllüdlü X7 adlı bir övladı var. Özü isə 345 manat əmək haqqı alır. İddiaçı heç bir əsası, sübutu olmadan guya onun 1500-1800 manat qazancının olmasını iddia edir. Bu sözlə də məhkəmədə yanlış təsəvvür yaratmağa çalışır. İddia ərizəsində yazılmışdır ki, guya mənzili, “Range Rover” markalı maşını var. Halbuki bu hərəkət iddiaçının və ya ərizəni tərtib edən şəxsin taktikasıdır. Çünki iddiaçı əvvəlki ərizələrində də eyni üsuldan istifadə edərək guya 3 mənzilinin olmasını yazmışdır. Sonra yeni gediş düşünərək maşın böhtanı ataraq onun guya imkanlı olması təəssüratı yaratmağa çalışmışdır. Halbuki ailələrində yalnız atasının bir köhnə 2008-ci il buraxılış olan kiçik həcmli “Kia Rio” markalı maşını var. İddiaçının bu uydurmalarını sübut etmək üçün o məcbur qalmışdır ki, müvafiq icra hakimiyyəti orqanlarından bütün bunların yalan olmasına dair sübutlar alsın. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-1587/2021 saylı qətnaməsi ilə hər uşaq üçün 175 manat olmaqla, ümumilikdə 350 manat alimentin qət edilməsindən sonra, yəni xx.xx.2022-ci ildə onun ikinci nikahdan X8 adlı bir övladı dünyaya gəlib və bununla da məhz onun ailə vəziyyətində dəyişiklik olub. İddiaçının isə ailə və maddi vəziyyətində heç bir dəyişiklik olmayıb, odur ki, onun iddiası əsassızdır. Hazırda çox çətin maddi vəziyyətdədir. İkinci nikahdan olan övladını saxlamaq vəzifəsi də var, bu uşağın da mənafeyi mütləq nəzərə alınmalıdır. İddiaçının uydurma sözləri məhkəmənin yanlış nəticəli qərar verməsinə səbəb olmamalıdır. Üstəlik o da nəzərə alınmalıdır ki, o və yeni qurduğu ailədə heç kim sosial ödəniş almır, iddiaçı isə 500 manatdan yuxarı ünvanlı dövlət sosial yardımı alır. Odur ki, sonuncu alimentin qət edilməsindən sonra məhz və yalnız onun ailə vəziyyətində maddi məsuliyyəti artıran dəyişiklik olmasını, yəni ikinci nikahdan bir övladının dünyaya gəlməsini və həmin uşağı da saxlamaq vəzifəsinin olmasını, yüksək gəlirinin olmamasını, heç bir sosial ödəniş almadığını, əksinə iddiaçının 500 manatdan yuxarı ünvanlı dövlət sosial yardım alması nəzərə alınaraq iddiaçının iddiası təmin edilməməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin əlavə etdi ki, iddiaçı onun qızıdır, cavabdeh atasının yanında işləyir, atası qəsdən cavabdehin əməkhaqqısını az yazdırıb. Azyaşlı uşaqlar idmana, hazırlıqlara gedir. Uşaqlardan biri 7 ildir ki, müalicə alır, anası onu daim loqopedə, psixoloqa aparır. Sonuncu dəfə keçən ilin bu vaxtında çıxan qətnamə ilə alimentin məbləği artırılsa da, həmin məbləğ uşaqların dolanışığını təmin etmir, tələbatlarını ödəmir. Hazırda iddiaçı azyaşlı uşaqları ilə birlikdə Bakı şəhərində kirayədə yaşayır. Cavabdehin adına üç ev var, heç olmazsa, həmin evlərdən birini uşaqların adına keçirtsin. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi və iddia tələbinə etirazın məzmununa uyğun izahat verərək həmçinin qeyd etdi ki, cavabdeh onun oğludur, oğlu ikinci dəfə ailə qurmuşdur. Cavabdehin ikinci evliliyindən bir azyaşlı uşağı var, bir uşağı da olacaq. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan cavabdehə məxsus əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, cavabdeh işəgötürən Nümayəndə2 məxsus mağazada xx.xx.2019-cu il tarixli əmək müqaviləsi əsasında xx.xx.2019-cu il tarixdən işə başlamış, əmək müqaviləsi müddətsiz olmaqla, aylıq əmək haqqı 345 manatdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin cavabdehə xx.xx.2024-cü il tarixli, 3-13-16-3/2-273xx/xx/2024 nömrəli cavab məktubundan görünür ki, kompüter uçot bazasında olan məlumata əsasən onun mülkiyyətində qeydiyyatda nəqliyyat vasitəsi yoxdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən cavabdehə verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, cavabdehin adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli müraciətinə əsasən daşınmaz əmlak aşkar edilməmişdir. Cavabdehin iş materiallarına əlavə etdiyi Gəncə “ASAN xidmət” X4 tərəfindən verilmiş AZ-İİ seriyalı, 391487 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və X3 nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 520 nömrəli qeyd aparılmışdır. Nikah bağlandıqdan sonra ərin soyadı Əliyev, arvadın soyadı Həsənova qeyd edilmişdir. Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 541144 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2022-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur, atası Cavabdeh, anası X2r. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından anadan olmuş yetkinlik yaşına çatmamış uşaqlarının saxlanılması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilsə də, hazırda həmin məbləğ uşaqların maddi tələbatlarının ödənilməsi üçün yetərli olmadığından, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, qanunla valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşaqların saxlanması üçün yetərli olmadığından, müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin uşaqlarını saxlamalı olmasına dair qanunla müəyyən edilmiş vəzifəsinin icrasını tam əhatə etmir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Həmçinin, “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2 №-li qərarının 8.2-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Şərh edilənlərə əsasən məhkəmə iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə qismən haqlı olduğu qənaətinə gəlsə də, hesab edir ki, aliment təyin edilərkən, eyni zamanda cavabdehin də maddi vəziyyəti və digər hallar nəzərə alınmalıdır. İddiaçı tərəf məhkəməyə cavabdehin rəsmi gəliri barədə, o cümlədən onun maddi vəziyyətində dəyişikliyin baş verməsi barədə hər hansı sübut təqdim etməmişdir. Ailə Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə qeyd edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə aliment müəyyən edildikdən sonra, tərəflərin maddi və ailə vəziyyətində hər hansı dəyişikliyin baş verməsi iş materiallarından görünmür. Bununla belə, məhkəmə qətnaməsi ilə aliment müəyyən edilməsindən sonra uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləği dəyişmişdir. Belə ki, Azərbaycan Respublikasında 2024-cü il üçün uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edildiyi halda, 2023-cü il üçün bu məbləğ 220 manat həddində müəyyən edilmişdir. Tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da uşaqların valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını, habelə cavabdehin qazancının stabil olması barədə hər hansı sübutun olmamasını, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, cavabdehdən tutulacaq alimentin məbləği ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğinin artmış hissəsinə mütənasib olaraq artırılmalı və hər ay, hər uşaq üçün 190 manat olmaqla, cəmi 380 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə alimentin tutulma müddəti barədə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, hazırki alimentin tutulma müddəti hazırki məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Belə ki, yuxarıda qeyd olunan, Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2 №-li qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir və bu halın üzürlü olması iş materiallarından görünmür. Belə halda iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan başqa, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda — bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olmaqla qismən əsaslı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iş üzrə ödənilməli olan 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli və cavabdehdən iddiaçının xeyrinə tutulan mediasiya xərcinin həmin rüsumu əhatə etdiyi nəzərə alınmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-6057/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq, xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü Nümayəndə2 İlkin oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay hər uşaq üçün 190 (bir yüz doxsan) manat olmaqla, ümumilikdə 380 (üç yüz səksən) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xərcinin əvəzi kimi 50 (əlli) manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar