Məhkəmə qərarları › İş №2(125)-5657/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5657/2024

21.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5657/2024 21.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11000 manat məbləğində pulun və ödənilmiş 125 manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh ilə uzun müddətdir ki, tanışdır, həmişə bir-birlərinə köməklik etmiş, bir evin adamı kimi bir-birlərinə inanmışlar. Cavabdeh ona ailə vəziyyətinin ağır olduğunu, başqa şəxslərə borcu olduğunu, onu borcluların incitdiyini demiş və iddiaçıdan ona bir aylıq kömək olunmasını istəmişdir. İddiaçı isə ona pulunun olmadığını deyəndə cavabdeh iddiaçıya evdə olan qızılları lombarda qoymaqla ona köməklik edəcəyini xahiş etmiş, 1 ay müddətində pulu qaytaracağını bildirmişdir. O cavabdehin çarəsizliyini bir ana olaraq başa düşmüş, evdə qızına və gəlininə məxsus olan qızıl-zinət əşyalarını qoyaraq 11000 manat pul götürərək cavabdehə vermişdir. Bundan sonra cavabdeh özünəməxsus evi satdığını və borcu 2024-cü ilin iyul ayınadək tam olaraq bağlayacağını bildirmişdir. O cavabdehdən ona verdiyi 11000 manat pulu geri qaytarmasını tələb etmişdir. Cavabdeh isə həmin pulu qaytaracağına söz versə də, bugünə kimi pulu qaytarmamışdır. Hər dəfə cavabdehdən pulu tələb edəndə müxtəlif bəhanələrlə borcunu qaytarmaqdan imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi, əlavə etdi ki, cavabdeh ilə yaxın qonşu, hətta ana-qız münasibətində olmuşlar, özünə məxsus qızıl-zinət əşyalarını lombarda qoyaraq cavabdehə bu ilin aprel ayının 26-da 11000 manat məbləğində pul vermişdir, bugünədək lombarda həmin pula görə faizlər ödəyir. Cavabdehin üzünü axırıncı dəfə bu ilin avqust ayında görmüşdür, həmin vaxtdan bəri telefonlarını söndürmüşdür. Cavabdeh ona dəfələrlə evini satdığını, borcunu bağlayacağını bildirsə də, sonradan bunun yalan olduğunu, evinin satılmadığını öyrənmişdir. Belə ki, cavabdeh borcunu etiraf etmiş, bu barədə ondan yazılı iltizam almışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh yazılı ərizə də verərək iddia tələbini qəbul etdiyini, 11000 manat borcun ödənilməsinə razı olduğunu, hazırda həmin pulun ödənilməsinə maddi vəziyyətinin imkan vermədiyini, iki ay müddətinə borcunu ödəyəcəyini bildirmişdir. Həmçinin əlavə etmişdir ki, iddiaçı ilə qonşu olmuşlar, aralarında mübahisə olmayıb, telefonları söndürdüyünə görə iddiaçı onu məhkəməyə vermişdir. Hazırda Bakı şəhərində kirayə evdə yaşayır, cəmi 550 manat əmək haqqı alır, maddi imkanı zəifdir. Cavabdehin ünvanına sonrakı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin ərizəsini, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. İş materiallarına əlavə edilmiş, xx.xx.2024-cü il tarixli “iltizam” adlanan əlyazmaya görə, X3 qeyd etmişdir ki, 2024-cü il aprel ayı ərzində İddiaçı 11000 manat borc pul götürmüş, həmin pul tam şəkildə ona verilmişdir, pulu götürərkən xx.xx.2024-cü il tarixədək qaytaracağını bildirmişdir. İltizamı ondan ötrü verir ki, 2024-cü ilin iyul ayının 15dək 11000 manatı tam şəkildə ödəyəcək, əgər ödəyə bilməsə, 11000 manat pulun hüquqi müstəvidə ondan alınacağını bilir və dərk edir. Məhkəmə ilk öncə qeyd edir ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Eyni zamanda, MPM-in 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. İddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilən müddəalarda öhdəliyin yaranması əsasları və ümumi şəkildə dairəsi müəyyən edilmişdir. Adı çəkilən müddəaların məzmunundan göründüyü kimi, öhdəliyin yaranması üçün ilk növbədə onun iştirakçıları (tərəfləri) arasında hüquq münasibətləri yaranmalı və bu münasibətlər qanunla müəyyən edilmiş qeyd edilən əsaslara söykənməlidir. Yaranma formasına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər (deliktlər) və qanundan əmələ gələn öhdəliklərə (özgə işlərini tapşırıqsız aparma və əsassız varlanma) bölünür Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Mülki Məcəllənin 329.1-ci maddəsinə görə əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qanunvericilinin qeyd olunan normalarının tələbindən göründüyü kimi qanunla müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır və borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa, yazılı formada bağlanmalıdır. Hazırki halda isə tərəflər arasında 2024-cü ilin aprel ayında 11000 manat məbləğində pulun borc verilməsi barədə, predmetinin məbləği 3.000 manatdan çox olan borc müqaviləsi bağlansa da, həmin müqavilə qanunla müəyyən olunmuş qaydada yazılı formada bağlanmamışdır. Buna görə də tərəflər arasında bağlanmış, predmetinin məbləği 3.000 manatdan çox olan həmin borc müqaviləsi etibarsızdır, cavabdeh həmin əqd üzrə aldıqlarını iddiaçıya qaytarmalıdır. Belə ki, Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə xüsusən vurğulayır ki, cavabdeh iddianı qəbul edərək bu barədə məhkəməyə ərizə vermiş, aralarında “borc müqaviləsi” adlanan şifahi müqavilənin olmasını və bütövlükdə 11000 manat məbləğdə olan borcunu iddiaçıya qaytarmadığını etiraf etmişdir. MPM-in 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. MPM-in 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, iddiaçı cavabdehin ona borclu olduğu 11000 manat məbləğində borcun qaytarılmasını xahiş etmiş, cavabdeh isə iddianı qəbul edərək həmin məbləğdə borcunun olması ilə razılaşmışdır. Cavabdehin iddianı etirafı qanuna zidd olmadığı və ya hər hansı başqa şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün məhkəmə tərəfindən qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, MPM-in 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 125 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh X1 11000 (on bir min) manat və ödənilmiş dövlət rüsumuna görə 125 (bir yüz iyirmi beş) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar