Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5723/2024 15.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi ziyanın əvəzi qismində pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzi qismində 2.277 manat 40 qəpik pul vəsaitinin cavabdehdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(125)-434/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Cəzanın icrası ilə bağlı xx.xx.2024-cü il tarixdə Cavabdeh yaşadığı ünvanda onun üzərinə «Attenti» markalı sadə elektron qolbaq tətbiq edilmişdir. Bununla yanaşı Cavabdeh bir ədəd mobil nəzarət qurğusu və mobil qurğunun adapteri təhvil verilmişdir. Həmin elektron nəzarət vasitələrinin dəyəri və həmin vasitələri itirəcəyi və ya zədələyəcəyi, yaxud digər üsulla yarasız vəziyyətə salacağı halda dəyərinin ondan tutulacağı elan edilmiş və bu barədə protokol tərtib edilmişdir. xx.xx.2024-cü il traixdə elektron nəzarət vasitələrinə baxış keçirilmiş və mobil nəzarət qurğusunun işləmədiyi müəyyən edilmişdir. Bununla bağlı olaraq məhkumdan izahat alınmış və o, Gəncə çayından keçərkən yıxıldığını, bu zaman mobil nəzarət qurğusunun içinə su dolaraq yararsız vəziyyətə düşdüyünü etiraf etmişdir. Cavabdeh mobil nəzarət qurğusunun dəyərini könüllü olaraq ödəyə bilməyəcəyini bildirmişdir. Belə ki, «Attenti» markalı sadə elektron nəzarət vasitəsinin dəyəri 2.277 manat 40 qəpik təşkil edir. Sonda iddiaçının nümayəndəsi iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsində İddiaçı rəisi ədliyyə müşaviri Elmar Cəfərov mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Lakin Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsində iddianı tam həcmdə etiraf etdiyin, həmçinin iddianın etiraf edilməsinin hüquqi nəticələrinin ona izah olunduğunu və məlum olduğunu bildirmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(125)-434/2023 nömrəli hökmünün surətindən görünür ki, təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ilə təqsirli bilinib 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Cavabdeh üzərində qəti olaraq 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşdə olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(125)-434/2023 nömrəli göstəriş surətindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(125)-434/2023 nömrəli hökmü icra olunması üçün xx.xx.2024-cü il tarixdə İddiaçı icraatına daxil olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli protokolun surətindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(125)-434/2023 nömrəli hökmü ilə təqsirli bilinib 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Cavabdeh tətbiq edilən elektron nəzarət vasitələrinin dəyəri, həmçinin həmin vasitələri itirəcəyi və ya onu zədələcəyi, yaxud digər üsulla onu yararsız vəziyyətə salacağı halda dəyərinin ondan tutulacağı elan edilmişdir. Sadə elektron qolbağ mobil nəzarət qurğusu (stansionar və mobil enerji qida mənbəyini dəstəkləyən cihazla) 2.277 manat 40 qəpik təşkil edir. İşdə olan 02.085.2024-cü il tarixli «azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə tətbiq edilmiş elektron nəzarət vasiətlərinin texniki vəziyyətinin yoxlanılması» barədə protokolun surətindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(125)-434/2023 nömrəli hökmü ilə təqsirli bilinib 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Cavabdeh tətbiq edilən elektron nəzarət vasitələrinə baxış keçirilmiş, qurğunun işləmədiyi və ekranında su ləkələrinin qaldığı və qurğunun düşdükdən sonra plastmasında yaranana nasazlıq (sıradan çıxması) müəyyən olunmuşdur. İş materiallarında olan "xxxx" QSC-nin xx.xx.2021-cü il tarixli, ED-M 96-21 nömrəli texniki rəyindən görünür ki, «Attenti» markalı mobil qurğusunun dəyəri 2.277 manat 40 qəpik təşkil edir. İşdə olan Cavabdeh İddiaçı rəisi Elmar Cəfərova ünvanladığı xx.xx.2024-cü il tarixli izahatının surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 17-18 radələrində Gülüstan qəsəbəsində yerləşən un dəyirmanından işdən çıxmış və yaşadığı ünvana yaxın olduğu üçün Gəncə çayını keçərkən ayağı burxularaq çaya düşmüş və bu zaman mobil nəzarət qurğusu da cibində olduğu üçün qurğununun içinə su dolduğunu bildirmişdir. O evə gələn zaman qurğununun işləmədiyini görmüşdür. Cavabdeh maddi imkanı olmadığı üçün mobil nəzarət qurğusunun dəyərini könüllü ödəməkdən imtina etmişdir. Beləliklə, işdə olan sübutlarla müəyyən olunur ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(125)-434/2023 nömrəli hökmününə əsasən təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ilə təqsirli bilinib 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Cavabdeh üzərində qəti olaraq 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Həmin hökm icra olunması üçün İddiaçı icraatına xx.xx.2024-cü il tarixdə daxil olmuş və 35639169 nömrəli mobil nəzarət qurğusu Cavabdeh təhvil verilmişdir. Lakin 35639169 nömrəli mobil nəzarət qurğusuna baxış keçirilən zaman Cavabdeh tərəfindən sözügedən qurğunun yararsız vəziyyətə salınması aşkar olunmuşdur və Cavabdeh təqsirli hərəkətləri nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə yenidən 2.277 manat 40 qəpik məbləğində maddi ziyan vurulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh iddianı etiraf etməsi, qanunauyğun olmaqla, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur. Buna görə də Cavabdeh tərəfindən iddianın etiraf edilməsi qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddia təmin edilməli, vurulmuş zərərin əvəzi qismində 2.277 manat 40 qəpik məbləğində pul vəsaiti Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddianin təmin edilmiş hissəsinə mütənasib olaraq, ödənilməli dövlət rüsumunun əvəzi qismində 42 manat 77 qəpik məbləğində pul vəsaiti Cavabdeh Azərbaycan Respublikası dövlət büdcəsi nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi qismində 2.277 (iki min iki yüz yetmiş yeddi) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ödənilsin. Cavabdeh ödənilməli dövlət rüsumunun əvəzi qismində 42 (qırx iki) manat 77 (yetmiş yeddi) qəpik məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi nəfinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-5723/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5723/2024
15.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver