Məhkəmə qərarları › İş №2(125)-5776/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5776/2024

10.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5776/2024 10.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ilk iddia üzrə İddiaçı, Cavabdeh1, onun nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh2 iştirakı ilə, ilk iddia üzrə İddiaçı cavabdehlər Səmədova (Məmmədova) Səma Firdusi qızına və Cavabdeh2 qarşı “pul” tələbinə dair ilk iddiası və Səmədova (Məmmədova) Səma Firdusi qızının İddiaçı qarşı “avtomobil və ya onun dəyəri” tələbinə dair qarşılıqlı iddiası barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada avtomobil üçün ödədiyi 5700 manat, avtomobilin təmirinə xərclədiyi 1300 manat olmaqla, cəmi 7000 (yeddi min) manat pulun və dövlət rüsumu olaraq ödədiyi 70 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, maşın almaq istəmiş, cavabdehləri də bu vasitə ilə tanımışdır. Maşın almaq məqsədi ilə Cavabdeh2 ilə görüşmüş, maşına baxmış, bəyənmişdir. Cavabdeh2 ona bildirmişdir ki, maşın həyat yoldaşının, yəni digər Cavabdeh1 adınadır. Hər iki cavabdehlə görüşüb maşının dəyərini 6000 manata razılaşmışlar. Sözügedən maşın **-FB-*** nömrəli, VAZ 2107 markalı, ağ rəngli maşın idi. Maşın saz vəziyyətdə deyildi, təmirə ehtiyac vardı. Öz aralarında razılaşmışlar ki, o, 5700 manatı nağd şəkildə cavabdehlərə versin, maşının dəyərindən çıxılan 300 manata isə təmir olunacaq hissəni təmir etdirsin. O cavabdehlərə 5700 manatı razılaşdıqları kimi nağd şəkildə vermişdir. Amma təmirə 300 manatdan çox, yəni 1300 manat xərci çıxmışdır. Maddi vəziyyəti aşağı olduğundan həmin ərəfədə alğı-satqı edə bilməmişdir. Cavabdehlərlə birlikdə notariat ofisinə yaxınlaşmış və Cavabdeh1 xx.xx.2024-cü il tarixdə etibarnamə əsasında maşını onun istifadəsinə vermişdir. Öz aralarında razılaşmışlar ki, bir müddət sonra maşını onun adına rəsmiləşdirərlər. Lakin sonra ona məlum olmuşdur ki, Cavabdeh1 ona verdiyi etibarnaməni ləğv etdirib, aralarında olan razılaşmanın şərtlərini pozmuşlar. Göründüyü kimi cavabdehlər ondan aldıqları 5700 manat məbləğində pulu və maşının təmiri üçün xərclədiyi 1300 manatı ona qaytardıqdan əsassız olaraq imtina edirlər. Ona görə də məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Bundan başqa, Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus “VAZ 2107” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı (BAN XTA **********0459 nömrəli, ******* mühərrik nömrəli, 2005-ci il buraxılışlı) avtomobilin natura şəkildə və ya onun dəyəri olan 6500 manat pulun və iddia ərizəsi üçün ödədiyi 85 manat dövlət rüsumunun əvəzinin İddiaçı alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddiaçının qeyd etdiyi hər şey cəfəngiyyatdır. İşin halları əslində belə olmuşdur: 2023-cü il iyul ayının 25-də o "xxxx"dan maşın almaq üçün 6500 manat miqdarında kredit götürmüşdür. Bundan sonra, yəni 31 iyul 2023-cü il tarixdə Cavabdeh2la nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Ailə qurduqdan sonra ərinin köməyi ilə o özünə mübahisə edilən avtomobili 6500 manata almışdır. Sürücülük vəsiqəsi olmadığından həmin avtomobili sürə bilmədiyindən həyat yoldaşı sürülmədiyi halda avtomobilin mühərrikinin və transmissiyasının yağının xarab olduğunu bildirirək avtomobili müvəqqəti sürmək üçün qohumu İddiaçı vermək istədiyini bildirmişdir. O həyat yoldaşı ilə razılaşmışdır və xx.xx.2024-cü il tarixdə həyat yoldaşı onu işdən çağıraraq notariat ofisinə gəlməyini istəmişdir. O işdən 30 dəqiqəlik icazə alaraq 5 saylı notariat ofisinə getmiş və orada İddiaçı avtomobilə dair etibarnamə vermişdir. O, zaman heç bir alqı-satqıdan söhbət getmirdi və orada İddiaçı heç kimə pul verməmişdir. O hesab etmişdir ki, İddiaçı avtomobillə öz işlərini aşırandan sonra avtomobili geri qaytaracaqdır. Lakin cavabdeh avtomobilə yaxşı qulluq etmədiyindən və avtomobili qaytarmadığından həyat yoldaşından avtomobilin İddiaçı geri alınmasını tələb etmişdir. Həyat yoldaşı avtomobili geri almadığından o, xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri 1 saylı Notariat ofisinə müraciət edərək İddiaçı verdiyi etibarnaməni ləğv etmiş və bundan sonra DYPŞ-nə müraciət edərək avtomobilin axtarılması barədə ərizə vermişdir. Yalnız bundan sonra İddiaçı ona və həyat yoldaşı Cavabdeh2 qarşı iddia qaldıraraq guya avtomobili onlardan aldığını, avtomobilin nasaz olduğunu bildirərək onlardan pul tələb edir. İddiaçı iddiası yalandır, ona məxsus avtomobillə bağlı heç bir alqı-satqı razılaşması olmamışdır. İddiaçı avtomobili qaytarmaq istəmədiyindən belə qondarma iddia fikirləşmişdir. Hazırda ona məxsus VAZ 2107 markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçıdır. O, həmin avtomobili qanunsuz olaraq özündə saxlamışdır. Bu səbəbdən də o avtomobili İddiaçı tələb etməyə məcbur qalmışdır. Məhkəmənin iclaslarında iştirak edən iddiaçı ilk iddia tələbinin təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi və izahatında bildirdi ki, oğlu məktəbi qurtardığı üçün ona avtomobil almaq istəmişdir. Cavabdeh Nailin qohumu olan usta ilə birlikdə bazardan gələndə binanın qabağında cavabdeh Naili görmüş, cavabdeh Naillə sözügedən avtomobili əvvəlcə 6000 manata razılaşsalar da, avtomobilin təmirə ehtiyacı olduğundan təmir xərcini öz üzərinə götürmüş, həmin təmir xərci avtomobilin dəyərindən çıxılmışdır. Sonda usta Ramilin də yanında cavabdeh Naillə avtomobilin dəyərini 5700 manata razılaşmışlar. Bu zaman cavabdeh Nail həyat yoldaşı olan digər cavabdeh Səmaya zəng edərək avtomobili 5700 manata satdığını bildirmişdir. Cavabdeh Nail avtomobilin digər cavabdeh Səmanın adına olduğunu bildirdiyindən o, Nail və Ramil adlı usta ilə birlikdə cavabdeh Səmanı da iş yerindən götürərək notariusa getmişlər. Onun özündə 5000 manat olsa da, qalan 700 manat məbləğində pulu cavabdeh Nailin qohumu olan dayısıoğlundan borca götürmüşdür. O notariusda cavabdeh Nailə 700 manat pul vermiş, notariusda cavabdeh Səma ona etibarnamə verdikdən sonra həmin avtomobillə qayıtmışlar. Həmin avtomobildə onu idarə edən Nail, onun yanında qabaq əyləcdə cavabdeh Səma, arxa əyləclərdə isə o və usta oturmuşdu. O avtomobildə olarkən 5000 manat məbləğində pulu sayaraq təsadüfi şəkildə cavabdeh Səmaya vermişdir. Etibarnamənin verilməsi ilə pulun verilməsi eyni gündə olmuşdur. O cavabdehlərin rəsmi nikahda olmalarını bilərək 700 manat məbləğində pulu cavabdeh Nailə vermişdir. Cavabdeh Nail polis olduğu və cavabdehlər ailə olduğu üçün onlara inanmış, həmçinin maddi imkanı aşağı olduğundan avtomobili rəsmi qaydada alqı-satqı etməmişdir. Bundan 6 ay keçdikdən sonra cavabdeh Nail ona bildirmişdir ki, avtomobili öz adına keçirtsin. O notariat ofisinə müraciət etdikdə avtomobili onun adına keçirtmək üçün avtomobilin mülkiyyətçisinin iştirak etməli olduğunu bildirmişlər. Cavabdeh Nail digər cavabdeh Səmanın nömrəsini ona vermiş, Səma ilə danışdıqda Səma ona avtomobili ona qaytarmalı olduğunu bildirmişdir. Avtomobil bu ilin fevral ayının 18-dən onda olmuşdur. Hazırda avtomobil ondadır, avtomobilin texpasportu da daxil olmaqla bütün sənədləri, həmçinin açarı da onun özündədir. Heç onun ağlına gəlməzdi ki, belə halla qarşılaşar. Cavabdehlər pulunu qaytardığı təqdirdə avtomobili qaytarmağa razıdır. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili ilkin iddia tələbinin rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və izahatında bildirdi ki, cavabdeh Səmanın dediyinə görə o həmin avtomobili digər cavabdeh Naillə nikaha daxil olmamışdan qabaq bankdan kredit götürərək əldə etmiş, lakin sürücülük vəsiqəsi olmadığından avtomobili idarə edə bilməmişdir. Avtomobilin idarə edilməməsi nəticəsində sıradan çıxdığını görən cavabdeh Səmanın həyat yoldaşı, yəni digər cavabdeh Nail ona avtomobili Sahil adlı qohumuna, yəni iddiaçıya müvəqqəti istifadə üçün verməyi təklif etmişdir ki, Sahil həmin avtomobillə işlərini görəndən sonra, avtomobili onlara qaytarsın. Cavabdeh Səma da bu təkliflə razılaşmışdır. Cavabdeh Səma “Gəncə Mall” ticarət mərkəzində mühafizəçi işləyir. Digər cavabdeh Nail ona bir gün zəng edərək Gəncə şəhəri 1 saylı notariat ofisinə yaxınlaşmasını bildirdikdən sonra Səma həmin gün notariat ofisinə gedərək iddiaçıya etibarnamə vermişdir. Etibarnamə verilərkən avtomobilin alqı-satqısından və ya puldan söhbət getməmişdir. Cavabdeh Səma avtomobilin ona geri qaytarılmasını tələb etsə də, avtomobil ona qaytarılmadığı üçün etibarnaməni ləğv etməli, həmçinin avtomobilin axtarışı ilə bağlı polis orqanlarına müraciət etməli olmuşdur. Yalnız bundan sonra, yəni etibarnamə ləğv olunduqdan sonra iddiaçı hazırkı iddianı qaldırmışdır. Pul məsələsinə gəldikdə isə onunla iddiaçı arasında heç bir pul məsələsi olmamışdır, lakin cavabdeh Səma digər cavabdeh Naillə iddiaçı arasında pul söhbətinin olub-olmamasını bilmir. İddiaçı kimə pulu veribsə, ondan da tələb etməlidir. Səma ilə Nailin arasında olan mesajlaşmalar da onu təsdiq edir ki, tərəflər arasında heç bir alqı-satqıdan söhbət getməyib. Həmçinin avtomobilin satıldıqdan əvvəl və satıldıqdan sonrakı şəkilləri də sübut edir ki, iddiaçının avtomobilə düzgün qulluq etməməsi nəticəsində avtomobilin xarici görünüşündə qüsurlar yaranıb. Avtomobilin əsl açarı cavabdeh Səmadadır, açarın bir kopyası isə cavabdeh Naildə olmuşdur. Əgər niyyət həqiqətən avtomobil alqı-satqısı olsaydı, avtomobilin əsl açarı iddiaçının özündə olardı. İddiaçı iddia qaldıranda 2024-cü ilin sentyabr ayı olmuş, cavabdeh Səma isə etibarnaməni 2023-cü ilin noyabr ayında vermişdir. Məsələ odur ki, təxminən 11 ay keçdikdən sonra iddiaçı cavabdehdən həm avtomobili, həm də onun əvəzini tələb edir. Əgər iddiaçı həqiqətən avtomobilə bu qədər xərc çəkibsə və öz adına rəsmiləşdirmək istəyirdisə, bunun üçün cavabdeh Səmanın etibarnaməni ləğv etdirməsini gözləməli deyildi, bundan əvvəl məhkəməyə iddia ilə müraciət etməli idi. Cavabdeh Naillə iddiaçı arasında hər hansı şifahi razılaşma olubsa, bu razılaşma əsasında iddiaçının cavabdeh Naildən pulunu tələb etməsinə etirazı yoxdur. Avtomobil cavabdeh Səma tərəfindən 11 dekabr 2023-cü ildə əldə olunmuş, tərəflər birgə nikaha 31 iyul 2023-cü ildə daxil olmuşlar. Cavabdehlər olan Səma və Nailin də münasibətləri məhz bu maşına görə pozulub. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 ilkin iddia tələbinin rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və izahatında bildirdi ki, mülkiyyətçi kimi öz avtomobilini Sahildən tələb edir. Təxminən keçən ilin noyabr ayında həyat yoldaşı, hazırkı iş üzrə digər cavabdeh Nail avtomobilin binanın qarşısında qalıb işlənməməsi nəticəsində akkumlyatorunun xarab olduğunu, avtomobilin getdikcə sıradan çıxdığını bildirərək onu Sahilə müvəqqəti istifadə üçün verməyi təklif etmiş, o da cavabdeh Naillə razılaşmışdır. Nail ona iddiaçının onun qohumu - bibisiqızının həyat yoldaşının qardaşı olduğunu bildirmişdir. Bunun nəticəsində iddiaçı Sahilə notariusda etibarnamə vermişdir. Dəfələrlə cavabdeh Naildən iddiaçı Sahilin avtomobili geri qaytarmasını tələb etsə də, buna nail ola bilməmişdir. Bunu təsdiq edən digər cavabdeh Naillə olan mesajlaşmalar var. Notariusa cavabdeh Nail, iddiaçı Sahil və digər bir tanımadığı şəxslə bərabər getmişdir. Həmin avtomobillə də qayıtmış, o yolda düşüb işə qayıtmışdır. İddiaçının bildirdikləri tamamilə yalandır. Ona heç bir pul verilməmişdir, cavabdeh Naillə iddiaçı arasında pul söhbətinin olub-olmamasından xəbəri yoxdur. Sentyabr ayının 26-da iddiaçıya zəng edərək ondan avtomobilini tələb etsə də, iddiaçı avtomobili ona verməyəcəyini, benzin töküb avtomobilini yandıracağını bildirmişdir. Həmçinin avtomobil iddiaçıya verilərkən saz vəziyyətdə olmuşdur. Bundan başqa bildirmişdir ki, şahid qismində dindirilmiş Ramili ümumiyyətlə tanımır, ilk dəfədir ki, məhkəmə iclasında görür. Həmçinin, əlavə etdi ki, mexaniki nəqliyyat vasitəsini hazırda da idarə edə bilmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 ilkin iddia və qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etdi və izahatında bildirdi ki, təxminən bir ildir ki, digər cavabdeh Səma ilə rəsmi nikahdadır, sözügedən avtomobili isə rəsmi nikaha daxil olduqdan sonra almışdır. Hazırda da cavabdeh Səma ilə rəsmi nikahdadır. Avtomobili öz adına rəsmiləşdirə bilmədiyi üçün məcbur olaraq avtomobili digər cavabdeh Səmanın adına rəsmiləşdirmişdir. Həmin avtomobil birgə nikah dövründə alınmışdır. Bibisioğlu ona iddiaçının avtomobil axtardığını bildirmiş, iddiaçıya avtomobili göstərdikdən sonra əvvəlcə qiymətini 6000 manata razılaşsalar da, sonradan avtomobilin çatışmayan cəhətləri olduğundan 300 manat təmir xərcinə çıxmış, nəticədə avtomobilin 5700 manat müqabilində alqı-satqısına razılaşmışlar. Notariusda digər cavabdeh Səma iddiaçıya etibarnamə vermişdir. İddiaçı ona notariusda 700 manat məbləğində, digər cavabdeh Səmaya isə maşının içərisində 5000 manat məbləğində pul vermişdir. Cavabdeh Səma ilə 4 aydır ki, faktiki ayrı yaşayırlar, münasibətləri korlanıbdır. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində bildirdi ki, bu ilin fevral ayında tanışı olan iddiaçı ilə birlikdə avtomobil bazarında tanışı Naillə rastlaşanda Nailə avtomobil axtardıqlarını bildirmiş, o isə cavabında elə öz avtomobilini satdığını bildirmişdir. Naili tanıdığından həmin avtomobili iddiaçıya məsləhət görmüşdür. Asif, Emil, o və iddiaçı gedəndə görmüşlər ki, avtomobil binanın qabağındadır, avtomobilə baxış keçirib, təmir xərcini çıxdıqdan sonra 5700 manata razılaşmışlar. Notariusa o, iddiaçı, cavabdeh Nail və cavabdeh Səma birlikdə getmişlər. İddiaçı 700 manat məbləğində pulu notariusa daxil olanda cavabdeh Nailə verdikdən sonra, qalan 5000 manat məbləğində pulu notariusun qarşısında olan avtomobilin içərisində özü sayaraq iddiaçıya vermiş, iddiaçı isə həmin pulu digər cavabdeh Səmaya təqdim etmişdir. Bundan sonra həmin avtomobillə kəndə qayıtmışlar, qayıdanda isə cavabdeh Səma “Gəncə Mall” ticarət mərkəzinin qarşısında düşmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində bildirdi ki, iddiaçı onun tanışı, cavabdeh Nail isə dayısıoğludur. Naillə birlikdə avtomobil bazarında olarkən iddiaçı ilə qarşılaşmışlar, iddiaçı onlara avtomobil axtardığını, Nail isə avtomobil satdığını bildirmişdir. Avtomobilə binanın qarşısında baxdıqdan sonra iddiaçı Sahil ilə cavabdeh Nail avtomobilin alqı-satqısı barədə razılaşmışlar. Bundan sonra Nail həyat yoldaşı Səmanı da işdən götürüb Sahil və Ramillə birlikdə notariusa getmişlər. Bundan əvvəl binanın qarşısında iddiaçı Sahil ondan 700 manat məbləğində borc pul almışdır. Məhkəmə, tərəflərin izahatlarını, şahid ifadələrini dinləyib, mülki işin materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan, nikah haqqında şəhadətnamədən görünür ki, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış nikah Gəncə şəhər Qeydiyyat şöbəsində 155 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Cavabdeh1 adına xx.xx.2023-cü il tarixdə, 2005-ci il buraxılışlı, ağ rəngli, “Vaz 21074” minik markalı, **-FB- *** dövlət qeydiyyat nişanlı avtomobil (mübahisəli avtomobil) qeydiyyata alınmışdır. Gəncə şəhər 5 saylı notariat ofisi tərəfindən reyestrdə 7E-4689 nömrəsi ilə qeydə alınmış xx.xx.2024-cü il tarixli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən görünür ki, “Vaz 21074” minik markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçi Cavabdeh1 tərəfindən İddiaçı 1 il müddətinə (xx.xx.2025-ci il tarixinədək) etibar edilmişdir. İş materiallarına əlavə edilmiş, Cavabdeh1 tərəfindən Gəncə şəhər 1 saylı notariat ofisində reyestrdə 8İ-9118 nömrəsi ilə qeydə alınmış xx.xx.2024-cü il tarixli, **********118 nömrəli ərizədən görünür ki, o, xx.xx.2024-cü il tarixdə Gəncə şəhər 5 saylı notariat ofisində İddiaçı verdiyi reyestrdə 7E-4689 nömrə ilə qeyd olunmuş etibarnamənin qüvvəsinə xitam verilməsi barədə “Elektron notariat” informasiya sisteminə qeyd yazılmasını və etibarnamə başqa notariat ofisində təsdiq edilibsə, ərizənin dərhal sistem vasitəsilə etibarnaməni təsdiq etmiş notariusa göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin Cavabdeh1 ünvanlanmış 3-13-57-5/2-5-27968/24 nömrəli, xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, etibarnaməsinin müddəti bitmiş və qanunsuz idarə olunan “Vaz 2107” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması barədə şöbənin şəxsi heyəti məlumatlandırılmış, onun xətdə saxlanılmasını təmin etmək məqsədilə, Gəncə şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidmətinə rəsmi məktub göndərilmiş, lakin həmin avtomobili xətdə müəyyən etmək mümkün olmamışdır. İş materillarına video görüntü əks etdirilən 1 ədəd disk əlavə edilmişdir. İş materiallarına Cavabdeh1 GNNPU-04452/4 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə "xxxx" ASC-dən kredit verilməsini təsdiq edən ödəniş cədvəli əlavə edilmişdir. İş materillarına “Vaz 21074” minik markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilin xarici və daxili görünüşünü əks etdirən 5 ədəd fotoşəkil, həmçinin həmin avtomobilin açarının görüntüsünü əks etdirən 1 ədəd fotoşəkil əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh2 məxsus olduğu qeyd edilən “*** *** ** **” mobil telefon nömrəsi ilə Cavabdeh1 arasında Whatsapp sosial şəbəkə platformasında aparılan yazışmalardan görünür ki, cavabdeh Səma digər cavabdeh Naildən barışmaq istəyirsə, avtomobili Sahildən alıb ona gətirməli olduğunu bildirmiş, cavabdeh Nail isə cavabında Sahilə avtomobili gətirməli olmasını deyəcəyini qeyd etmişdir. Təqdim edilmiş bir ədəd disk məhkəmə iclasında tədqiq edilmiş və müəyyən edilmişdir ki, video görüntü ilkin iddia üzrə iddiaçı ilə Cavabdeh2 arasında onların məhkəmə iclasında verdikləri izahatı ilə eyni məzmunlu danışıqlarını əks etdirir. İddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur (maddə 144.1, 144.2). Mülki Məcəlləyə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir (646). Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir (648.1). Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir (maddə 650). Azərbaycan Respublikası Prezidentinin 564 saylı, xx.xx.2007-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının Siyahısı”na əsasən, hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub santimetr və daha çox, konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən aparılan daşınar əmlakın rəsmi reyestrində qeydiyyata alınmalıdır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnaməyə əsasən bütün fiziki və hüquqi şəxslər mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində Dövlət qeydiyyatından keçirməlidirlər (bənd 1.2). Nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar (dövlət yol polisi) nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı, həmçinin nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini həyata keçirirlər (bənd 1.6). Qeyd olunan qərarla nəqliyyat vasitələrinin dövlət yol polisi orqanında alqı-satqısı və dəyişdirilməsi müqavilələrinin forması təsdiq edilmişdir. Hazırda Azərbaycan Respublikasında yuxarıda qeyd olunan nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin istinad olunan qərarına müvafiq olaraq dövlət yol polisi orqanında həyata keçirilir. Mülki Məcəlləyə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (337.1). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir (337.2). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (337.3). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (337.4). Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (337.5). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Həmin Qərarda göstərilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Həmin Qərarda göstərilmişdir ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Hazırkı iş üzrə həm ilkin, həm də qarşılıqlı iddia tələblərinə birgə qiymət verərək məhkəmə qeyd edir ki, ilkin iddia üzrə iddiaçı mübahisəli avtomobilin alğı-satqısı üzrə cavabdehlərdən onlara ödədiyi 5700 manat, habelə avtomobilin təmirinə çəkdiyi 1300 manat pul vəsaitinin tutulmasını, qarşılılqı iddia üzrə iddiaçı isə avtomobilini natura şəklində və ya onun dəyərini ilkin iddiaçıdan tələb edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 xx.xx.2023-cü il tarixdən rəsmi nikahdadırlar. Mübahisəli avtomobil - 2005-ci il buraxılışlı, ağ rəngli, “Vaz 21074” minik markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 adına xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış, həmin avtomobil Gəncə şəhər 5 saylı notariat ofisi tərəfindən reyestrdə 7E-4689 nömrəsi ilə qeydə alınmış xx.xx.2024-cü il tarixli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə əsasında mülkiyyətçi Cavabdeh1 tərəfindən İddiaçı 1 il müddətinə (xx.xx.2025-ci il tarixinədək) etibar edilmişdir. Cavabdeh1 tərəfindən verilmiş və Gəncə şəhər 1 saylı notariat ofisində reyestrdə 8İ-9118 nömrəsi ilə qeydə alınmış xx.xx.2024-cü il tarixli, **********118 nömrəli ərizə əsasında sözügedən etibarnamənin qüvvəsinə xitam verilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, 2024-cü ilin fevral ayında iddiaçı ilə cavabdehlər 5700 manata avtomobilin alqı-satqısı barədə razılaşmışlar. İddiaçı 700 manat məbləğində pulu notariusa daxil olanda Cavabdeh2 verdikdən sonra, qalan 5000 manat məbləğində pulu notariusun qarşısında olan avtomobilin içərisində digər Cavabdeh1 təqdim etmişdir. İşin bu halları ilkin iddia üzrə iddiaçının, Cavabdeh2 izahatları və şahidlərin ifadələri ilə sübuta yetirilir. Başqa sözlə, məhkəmə iclasında onlar bir-birini təsdiq edən izahat və ifadə vermişlər. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 işin bu hallarının mövcudluğunu inkar etsə də, avtomobili İddiaçı satmaq niyyətində olmadığını təsdiq edən hər hansı mötəbər dəlilə istinad etməmişdir. Cavabdeh1 avtomobili iddiaçıya verməyə razılığını avtomobilin binanın qarşısında qalıb işlənməməsi, nəticədə akkumlyatorunun və mühərrikinin xarab olacağından ehtiyat etməsi ilə əlaqələndirmişdir. Məhkəmə bu arqumenti əsaslı və inandırıcı saymır ona görə ki, Cavabdeh1 mülkiyyətində olan avtomobil barədə İddiaçı yalnız onu idarə etmə barədə etibarnamə verə bilərdi. Lakin işin materiallarından da göründüyü kimi, Cavabdeh1 sözügedən avtomobil barədə İddiaçı məhz nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə vermişdir. Digər tərəfdən, avtomobil 6 ayadək müddətdə İddiaçı sərəncamında və istifadəsində olmuş, mülkiyyətçi Cavabdeh1 buna etiraz etməmiş, avtomobilin qaytarılması barədə hər hansı orqana müraciət etməsi barədə iş materiallarına hər hansı sübut təqdim etməmişdir. Bu da onu göstərir ki, avtomobil faktiki olaraq İddiaçı sərəncamına verilmişdir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, mübahisəli avtomobilin mülkiyyət hüququnun iddiaçıya keçməsi və (ya) həmin avtomobilin alğı-satqısının dövlət qeydiyyatına alınması məhkəmə tədqiqatı zamanı müəyyən edilməmişdir. Halbuki, avtomobil qanunvericiliyə əsasən rəsmi reyestrdə qeydə alınması tələb edilən daşınar əşyadır və onun alqı-satqısına daşınmaz əmlakın alqı-satqısına dair qaydalar tətbiq edildiyindən mülkiyyət hüququnun keçirilməsi qanunvericiliklə müəyyən edilmiş müqavilə qaydasında təsdiqlənməli və dövlət qeydiyyatına alınmalı idi. Beləliklə, tərəflər arasında mübahisəli avtomobilə dair müqavilə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığından etibarsızdır. Bu səbəbdən, əqd etibarsız olduğundan və Mülki Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığından, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır. Yəni mübahisəli avtomobil və onun dəyərinə görə ödənilmiş pul əvvəlki vəziyyətinə qayıtmalıdır. Bununla yanaşı, qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış müqavilə etibarsız olduğundan sözügedən avtomobilin müqabilində Cavabdeh1 5000 manat, digər Cavabdeh2 isə 700 manat pulu əldə etməkdə haqlı olmamışlar. Belə ki, mülkiyyətçi Cavabdeh1 məxsus avtomobili cavabdehlərin etibarnamə əsasında iddiaçıya verməsi, iddiaçının həmin avtomobilə görə Cavabdeh1 5000 manat, digər Cavabdeh2 isə 700 manat məbləğində pul verməsi iş materiallarında olan sübutlarla, izahat və ifadələrlə öz təsdiqini tapır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Qeyd edilən xüsusatlara əsasən, məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, Səmədova (Məmmədova) Səma Firdusi qızından 5000 manat, Cavabdeh2 700 manat alınıb İddiaçı verilməli, qarşılıqlı iddia qismən təmin edilərək “VAZ 2107” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı (BAN XTA **********0459 nömrəli, ******* mühərrik nömrəli, 2005-ci il buraxılışlı) avtomobil naturada, bu mümkün olmadıqda onun dəyəri olan 5700 manat pul İddiaçı alınıb Səmədova (Məmmədova) Səma Firdusi qızına verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ilk iddia avtomobilin təmirinə görə 1300 manat tələbi hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı bu hissədə tələbinin əsasını təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, avtomobilin dəyərinin 6500 manat olması barədə qarşılıqlı iddia üzrə iddiaçı hər hansı dəlilə istinad etməmişdir. Məhkəmə sözügedən avtomobilin dəyərinin 5700 manat olması qənaətinə gəlir. Belə ki, bu faktı ilk iddiaçı izahatında təsdiq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, qarşılıqlı iddia qismən təmin edilməli, avtomobil naturada, bu mümkün olmadıqda isə onun dəyəri olan 5700 manat qarşılıqlı iddia üzrə cavabdehdən alınmalıdır. Belə ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Mülki Prosessual Məcəllənin 76.1 və 76.2-ci maddələri). Qeyd olunan müddəalardan da göründüyü kimi, sübutlar işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Məhkəmədə mülki işin başlaması üçün fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etməsi kifayətdir (MPM-nin 5.1-ci maddəsi). Lakin mülki işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi sübutlarsız mümkün deyil. İddianı irəli sürən, yaxud iddiaya qarşı etiraz edən edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur (MPM-nin 77.1-ci maddəsi). MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İş üzrə məhkəmə xərci ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumlarından ibarətdir. İlkin və qarşılıqlı iddia tələbləri qismən təmin olunduğundan, MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumları müvafiq tərəflərin özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İlk iddia qismən təmin edilsin. Səmədova (Məmmədova) Səma Firdusi qızından 5000 (beş min) manat, Cavabdeh2 700 (yeddi yüz) manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilsin. İlk iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. “VAZ 2107” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı (BAN XTA **********0459 nömrəli, ******* mühərrik nömrəli, 2005-ci il buraxılışlı) avtomobil naturada, bu mümkün olmadıqda onun dəyəri olan 5700 (beş min yeddi yüz) manat pul vəsaiti İddiaçı alınıb Səmədova (Məmmədova) Səma Firdusi qızına verilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Hər iki tələb üzrə pulun tutulması və avtomobilin qaytarılması eyni vaxtda icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar