Məhkəmə qərarları › İş №2(125)-5795/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5795/2023

25.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5795/2023 25.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş əsas borcun əvəzi qismində 850 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aralarında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş əsas borcun əvəzi qismində 850 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında bildirdi ki, o, mobil telefonların onlayn alqı-satqısı ilə məşğul olur. 03 dekabr 2022-ci il tarixdə Cavabdeh ona yaxınlaşaraq «Samsung A53» markalı mobil telefonu almaq istədiyini ancaq müəyyən ödəniş etdikdən sonra pulun qalan məbləğini hissə-hissə vermək istədiyini bildirmişdir. Onlar arasındakı razılaşmaya uyğun olaraq, cavabdeh öz şəxsiyyət vəsiqəsinin ksero surətinə ilkin olaraq 200 manat ödədiyini və qalan borcunu 12 ay müddətində hər ay 85 manat ödəmək şərti ilə ödəyəcəyini bildirərək, həmin kserosurətin altına öz imzasını çəkmişdir. O, sözügedən mobil telefonu cavabdehə nisyə alqı-satqı yolu ilə satmışdır. Cavabdehin ona 1.020 manat borcu qalmışdır. Belə ki, Cavabdeh ona ümumilikdə iki ay hər ay 85 manat olmaq şərti ilə cəmi 170 manat ödəniş etmişdir. Cavabdeh qalan 10 ayın ödənişini ödəməmiş və nəticədə 850 manat məbləğində ödənilməmiş borcu qalmışdır. O, cavabdehdən borcun ödənilməsini tələb etdikdə isə cavabdeh müxtəlif bəhanələrlə borcun ödənilməsindən boyun qaçırmışdır. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən verilmiş 03 dekabr 2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh **********54087 İMEİ kodlu «Samsung A53» markalı mobil telefonu 200 manat ilkin ödəniş etmək, qalan məbləği isə hər ay 85 manat olmaqla, 12 ay ərzində hissə-hissə ödəmək şərti ilə cəmi 1.220 manata İddiaçı nisyə almışdır. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, 03 dekabr 2022-ci il tarixli müqavilə üzrə Cavabdeh öhdəliklərini icra etməmişdir. Bununla əlaqədar Cavabdeh 03 dekabr 2022-ci il tarixli müqavilə üzrə İddiaçı 850 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinin tələbinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əçyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, öhdəliyin icrasını sübuta yetirmək vəzifəsi borclunun üzərinə düşsə də, borclu öhdəliyin icra edilməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, Cavabdeh 02 dekabr 2022ci il tarixli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 850 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh 03 dekabr 2022-ci il tarixli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 850 (səkkiz yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat, cəmi 880 (səkkiz yüz səksən) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar