Məhkəmə qərarları › İş №2(125)-5796/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5796/2023

03.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5796/2023 03.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və mal götürən zaman zamin duran Cavabdeh1 “Nisyə alqı-satqı” müqaviləsi əsasında mağazadan götürdükləri ümumi dəyərləri 1320 (bir min üç yüz iyirmi) manat olan (TV81 ekran “Yasipo” Smart model YTV- 32HSA8822B markalı televizor, 1 ədəd tumbalı stol və 6 ədəd oturacaq stollarına və 1 ədəd İran istehsalı qızdırıcıya görə) malların pulunun və mağazaya dəymiş ziyana görə dəbbə pulu kimi müqavilədə qeyd edilmiş 150 (bir yüz əlli) manatın və məhkəmə xərci olan tərəfindən ödənilmiş dövlət rüsumunun tutulub onun xeyrinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Gəncə şəhəri 3-cü mikrorayonda yerləşən “Mebel və Elektroniks” mağazasında əşyaların satışı ilə məşğul olur. Sahibkarlıq fəaliyyətini təsdiq edən ********** saylı VÖEN-də Vergi İdarəsi tərəfindən ona verilmişdir. Mağaza malların satışını həm nağd, həm də kredit yolu ilə həyata keçirir. İddia tələbi üzrə cavabdeh olan Gəncə şəhəri, Sadıllı qəsəbəsi, Ömər Faiq küçəsi, ev 33-də yaşayan Cavabdeh2 xx.xx.2023-cü il tarixdə mağazaya gələrək, əmisi Cavabdeh1 zamin qoyaraq, mağazadan “Nisyə alqı-satqı” müqaviləsinə əsasən, ümumilikdə dəyəri 1320 (min üç yüz iyirmi) manat olan 1 ədəd TV-81 ekran ”Yaşipo Smart” model 32HSA8822B (nağd qiyməti 510 manat olan) televizor, 1 ədəd tumbalı stol və 6 ədəd oturacaq stolu (nağd qiyməti 568 manat olan), 1 ədəd qiyməti 240 (iki yüz qırx) manat olan İran istilik peçini 10 ay müddətinə ödəmək şərti ilə “Nisyə alqı-satqı” müqaviləsi bağlamaqla götürmüşdür. Cavabdehlər həmin malları götürdükdən sonra bir dəfə də olsun tərtib edilmiş qrafiq üzrə ödəniş etməmişlər. Yəni, “Nisyə alqı-satqı” müqaviləsinin şərtlərinə əməl etməmişlər. Beləliklə də cavabdehlər ödənişi yerinə yetirməmişlər. Mağazaya ödənilməli olan borcun ödənilməsi ilə bağlı olaraq, cavabdehlərə rəsmi qaydada xəbərdarlıq göndərilmiş, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. Belə ki, cavabdehlər müqavilənin şərtlərinə könüllü əməl etmək istəməmişlər. Mağazaya olan borcu ödəmək fikirləri yoxdur. Nisyə götürülmüş mallara görə mağazanın dövriyyəsinə pul daxil olmadığından mağazaya ziyan dəymişdir. Beləliklə, mağazaya cavabdehlər bu günə kimi ziyan vurmaqda davam edirlər. Müqavilə bağlanan zaman cavabdehlərə qeydlər bölməsinə müqavilənin şərtlərinə düzgün əməl etməyəcəkləri təqdirdə 150 (bir yüz əlli) manat dəbbə pulu ödəyəcəkləri barədə xəbərdarlıq edilmiş və bu barədə müqaviləyə imza atılmışdır. Bundan başqa cavabdehlərin hərəkətləri üzündən məhkəməyə iddia tələbi ilə müraciət edilməli olduğundan, məhkəmə xərci də ödəməyə məcbur olmuşdur. Həmin məbləğin də cavabdehlərdən alınıb, onun xeyrinə verilməsini istəyir. Buna görə də, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə edərək əlavə olaraq izahatında bildirdi ki, Cavabdeh2 ilə onun arasında 23 mart 2023-cü il tarixli, 212 nömrəli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən o, 1320 manat dəyərində olan TV81 ekran “Yasipo” Smart modelli, YTV-32HSA8822B markalı televizor, 1 ədəd tumbalı stol və 6 ədəd oturacaq stolları və 1 ədəd İran istehsalı qızdırıcını Cavabdeh2 satmışdır. Müqavilənin təminatı olaraq Cavabdeh2 əmisi olan digər Cavabdeh1 ilə 212 nömrəli, 23 mart 2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin, cavabdehlər müqavilənin şərtlərinə əməl etməmiş və məişət əşyalarının dəyərini ödəməmişlər. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini etiraf edərək izahatında bildirdi ki, İddiaçı ilə onun arasında bağlanmış 23 mart 2023-cü il tarixli, 212 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən 1320 manat dəyərində olan TV81 ekran “Yasipo” Smart model YTV- 32HSA8822B markalı televizor, 1 ədəd tumbalı stol və 6 ədəd oturacaq stolları və 1 ədəd İran istehsalı qızdırıcı almışdır. Digər cavabdeh olan Cavabdeh1 onun əmisi olmaqla, aldığı məişət əşyalarına görə İddiaçı ilə onun arasında zaminlik müqaviləsi bağlanmışdır. Maddi vəziyyəti olmadığı üçün iddiaçıdan aldığı məişət əşyalarına görə borcunu ödəyə bilməmişdir. İddiaçı olan borcunu ödəyəcəkdir və iddia tələbinin təmin edilməsinə etiraz etmir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, digər Cavabdeh1 üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş; İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 23 mart 2023-cü il tarixli, 212 nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 1320 manat dəyərində TV81 ekran “Yasipo” Smart model YTV-32HSA8822B markalı televizor, 1 ədəd tumbalı stol və 6 ədəd oturacaq stolları və 1 ədəd İran istehsalı qızdırıcı almışdır. Cavabdeh hər dəfə ödəniş etdikdə ödənişin məbləği barədə ödəniş cədvəlində qeydiyyat aparılmışdır. Müqavilənin şərtlərinə əməl edilməyəcəyi halda məhkəməyə verilən zaman 150 (bir yüz əlli) manat dəbbə pulu ödənilməsi barədə əlavə qeyd edilmişdir. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 23 mart 2023-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, bu müqavilə üzrə zaminliklə təmin edilən öhdəliyin əsası 23 mart 2023-cü il tarixdə bağlanmış 212 saylı nisyə alqı-satqı müqaviləsidir. Təmin edilən müqavilənin predmeti 1320 (bir min üç yüz iyirmi) manat məbləğində borc təşkil edir. Bu müqavilə ilə təmin edilmiş öhdəliyin icra müddəti “Nisyə alan” “Nisyə verən” qarşısında 23 mart 2023-cü il tarixdə bağlanmış 212 saylı nisyə alqı-satqı müqaviləsi və bu müqaviləyə gələcəkdə ediləcək əlavələrdən irəli gələn bütün öhdəlikləri tam yerinə yetirəcəkdir. “Zamin” “Nisyə alanın” “Nisyə verən” qarşısında 23 mart 2023-cü il tarixdə bağlanmış 212 saylı Nisyə müqaviləsi üzrə “Nisyə verənə” olan kredit və ona hesablanmış faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və”Nisyə alanın” öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində “Nisyə verənə” dəyən zərərin (komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s.) əvəzinin ödənilməsi də daxil olmaqla, yaranan və yarana biləcək hər cür zərər üçün “Nisyə alanla” eyni həcimdə məsuliyyət daşıyır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdehlər borcun ödənilməsi və borc ödənilməyəcəyi təqdirdə məhkəmədə onlara qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişlər. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh2 arasında 23 mart 2023-cü il tarixli, 212 nömrəli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı 1320 manat dəyərində olan məişət əşyalarını Cavabdeh2 satmışdır. Nisyə alqı-satqı müqaviləsinin təminatı olaraq digər Cavabdeh1 arasında 23 mart 2023-cü il tarixli, 212 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər müqavilədə göstərilən müddət ərzində aldıqları məişət əşyalarının dəyərini İddiaçı ödəməmişlər. Müqavilə bağlanan zaman cavabdehlərə qeydlər bölməsinə müqavilənin şərtlərinə düzgün əməl etməyəcəkləri təqdirdə 150 (bir yüz əlli) manat dəbbə pulu ödəyəcəkləri barədə xəbərdarlıq edilmişdir. Hal-hazırda iddiaçı cavabdehlərə qarşı məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 iddia tələbini etiraf etmişdir. Digər Cavabdeh1 isə məhkəmə iclasında iştirak etmədiyindən onun iddiaya münasibətini öyrənmək mümkün olmamışdır. Məhkəmə, cavabdehin iddia tələbini etiraf etməsi ilə bağlı zəruri olan prosessual hüquq normalarını qeyd etməyi lazım bilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi işin faktiki halları ilə uzlaşmaqla qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalıdır. Məhkəmə, iddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 44-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd edir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış, satıcı öz üzərinə düşən öhdəliyini yerinə yetirmiş və məişət əşyalarını cavabdehin sahibliyinə vermiş, cavabdeh isə öz üzərinə düşən öhdəliklərini yerinə yetirməyərək, ödəniş cədvəllərində göstərilən müddətdə və məbləğdə pulu satıcıya ödəməmiş və nəticədə onun İddiaçı 1320 (bir min üç yüz iyirmi) manat əsas borcu qalmış, qalıq borca 150 (bir yüz əlli) manat dəbbə pulu hesablanmışdır. Alqı-satqı müqaviləsinin təminat olaraq zaminlik müqaviləsi bağlanmışdır. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə cərimə (dəbbə) pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, iddiaçı borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehlərin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 150 (bir yüz əli) manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 1 (bir) manat məbləğində müəyyən edilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1320 (bir min üç yüz iyirmi) manat əsas borcdan ödənilməmiş hissə, 1 (bir) manat cərimə borcu olmaqla, cəmi 1321 (bir min üç yüz iyirmi bir) manat pul tutularaq İddiaçı verilməlidir. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də məhkəmə ödənilmiş 34 (otuz dörd) manat dövlət rüsumunun da cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1320 (bir min üç yüz iyirmi) manat əsas borc, 1 (bir) manat cərimə məbləği və məhkəmə xərci qismində 34 (otuz dörd) manat dövlət rüsumu olmaqla, ümumilikdə 1355 (bir min üç yüz əlli beş) manat pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar