Məhkəmə qərarları › İş №2(125)-5814/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5814/2023

03.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5814/2023 03.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və mal götürülən zaman zamin duran Cavabdeh2 “Nisyə alqı-satqı” müqaviləsi əsasında mağazadan götürdükləri ümumi dəyərləri 1440 (bir min dörd yüz qırx) manat olan “Hesqo” markalı soyuducunun ödənilməmiş qalan hissəsi olan 1280 (bir min iki yüz səksən) manatın, mağazaya dəymiş ziyana görə dəbbə pulu kimi müqavilədə qeyd edilmiş 200 (iki yüz) manatın və məhkəmə xərci olan tərəfindən ödənilmiş dövlət rüsumunun tutulub, onun xeyrinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən “Mebel və Elektroniks” mağazasında əşyaların satışı ilə məşğul olur. Sahibkarlıq fəaliyyətini təsdiq edən ********** saylı VÖEN-də Vergi İdarəsi tərəfindən ona verilmişdir. Mağazada malların satışını həm nağd, həmdə kredit yolu ilə həyata keçirir. İddia tələbi üzrə cavabdeh olan ünvan 1 ünvanında yaşayan Cavabdeh1 xx.xx.2022-ci il tarixdə mağazaya gələrək xalası oğlu Cavabdeh2 zamin qoyaraq mağazadan “Nisyə alqısatqı” müqaviləsinə əsasən dəyəri 1440 (min dörd yüz qırx) manat olan “HESQO” markalı soyuducunu 12 ay müddətinə ödəmək şərti ilə “Nisyə alqı-satqı” müqaviləsi bağlamaqla götürmüşdür. Lakin həmin məbləğdən bu günə kimi 160 manat ödəniş etmişdir. Qalan borcu bu günə kimi qalmaqdadır. “Nisyə alqı-satqı” müqaviləsinin şərtinə əməl etməmişdir. Tərəfindən tələb edilməsinə baxmayaraq cavabdehlər ödənişi yerinə yetirməmişlər. Mağazaya ödənilməli olan borcun ödənilməsi ilə bağlı olaraq, cavabdehlərə rəsmi qaydada xəbərdarlıq göndərilmiş, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. Belə ki, cavabdehlər müqavilənin şərtinə könüllü əməl etmək istəməmişlər. Borcu ödəmək fikirləri yoxdur. Nisyə götürülmüş mallara görə mağazanın dövriyyəsinə pul daxil olmadığından mağazaya ziyan dəymişdir. Beləliklə mağazaya cavabdehlər bu gün də ziyan vurmaqda davam edirlər. Müqavilə bağlanan zaman cavabdehlərə qeydlər bölməsinə müqavilənin şərtlərinə düzgün əməl etməyəcəyi təqdirdə 200 (iki yüz) manat dəbbə pulu ödəyəcəkləri barədə xəbərdarlıq edilmiş və bu barədə müqaviləyə imza atmışlar. Bundan başqa cavabdehlərin hərəkətləri üzündən məhkəməyə iddia tələbi ilə müraciət etməli olduğundan məhkəmə xərci də ödəməyə məcbur olmuş, həmin məbləğin də cavabdehlərdən alınıb, onun xeyrinə verilməsini istəyir. Buna görə də, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə edərək əlavə olaraq izahatında bildirdi ki, Cavabdeh1 ilə arasında 265 nömrəli, 20 noyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən o, 1440 manat dəyərində olan “Hesqo” markalı soyuducunu Cavabdeh1 satmışdır. Müqavilənin təminatı olaraq digər Cavabdeh2 ilə 265 nömrəli, 20 noyabr 2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin, cavabdehlər müqavilənin şərtlərinə əməl etməmiş və aldıqları məişət əşyasından bu günə qədər 160 manat ödəniş etmiş və qalan borcu ödəməmişlər. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh2 üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsaslanmaqla, işə digər Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, məhkəmə tərəfindən bildiriş cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına göndərilmiş və həmin orqan tərəfindən məhkəmə bildirişinin üzərində müvafiq qeydlər olunmaqla bildirişin kötüyü məhkəməyə qaytarılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş; İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 20 noyabr 2022-ci il tarixli, 265 nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 1440 manat dəyərində “Hesqo” markalı soyuducu almışdır. Cavabdeh hər dəfə ödəniş etdikdə ödənişin məbləği barədə ödəniş cədvəlində qeydiyyat aparılmış və 160 manat ödəniş edilmişdir. Müqavilənin şərtlərinə əməl edilməyəcəyi halda məhkəməyə verilən zaman 200 (iki yüz) manat dəbbə pulu ödənilməsi barədə əlavə qeyd edilmişdir. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 20 noyabr 2022-ci il tarixli, 265 nömrəli zaminlik müqaviləsindən görünür ki, bu müqavilə üzrə zaminliklə təmin edilən öhdəliyin əsası 20 noyabr 2022-ci il tarixdə bağlanmış 265 saylı Nisyə alqı-satqı müqaviləsidir. Təmin edilən müqavilənin predmeti 1440 (bir min dörd yüz qırx) manat məbləğində borc təşkil edir. Bu müqavilə ilə təmin edilmiş öhdəliyin icra müddəti “Nisyə alan” “Nisyə verən” qarşısında 20 noyabr 2022-ci il tarixdə bağlanmış 265 saylı Nisyə alqı-satqı müqaviləsi və bu müqaviləyə gələcəkdə ediləcək əlavələrdən irəli gələn bütün öhdəlikləri tam yerinə yetirəcəkdir. “Zamin” “Nisyə alanın” “Nisyə verən” qarşısında 20 noyabr 2022-ci il tarixdə bağlanmış 265 saylı Nisyə müqaviləsi üzrə “Nisyə verənə” olan kredit və ona hesablanmış faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və “Nisyə alanın” öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində “Nisyə verənə” dəyən zərərin (komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s.) əvəzinin ödənilməsi də daxil olmaqla, yaranan və yarana biləcək hər cür zərər üçün “Nisyə alanla” eyni həcimdə məsuliyyət daşıyır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdehlər borcun ödənilməsi və borc ödənilməyəcəyi təqdirdə məhkəmədə onlara qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişlər. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh1 arasında 20 noyabr 2022-ci il tarixli, 265 nömrəli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı 1440 manat dəyərində olan məişət əşyasını Cavabdeh1 satmışdır. Nisyə alqı-satqı müqaviləsinin təminatı olaraq digər Cavabdeh2 arasında 20 noyabr 2022-ci il tarixli, 265 saylı zaminlik müqaviləsi bağlanmışdır. Ödəniş cədvəlinə əsasən 160 manat ödəniş edilmişdir. Cavabdehlər müqavilədə göstərilən müddət ərzində aldıqları məişət əşyasının dəyərini İddiaçı ödəməmişlər. Müqavilə bağlanan zaman cavabdehlərə qeydlər bölməsinə müqavilənin şərtlərinə düzgün əməl etməyəcəkləri təqdirdə 200 (iki yüz) manat dəbbə pulu ödəyəcəkləri barədə xəbərdarlıq edilmişdir. Halhazırda iddiaçı cavabdehlərə qarşı məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etmədiklərindən onların iddiaya münasibətini öyrənmək mümkün olmamışdır. Məhkəmə, iddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 44-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd edir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış, satıcı öz üzərinə düşən öhdəliyini yerinə yetirmiş və məişət əşyasını cavabdehin sahibliyinə vermiş, cavabdeh isə öz üzərinə düşən öhdəliklərini yerinə yetirməyərək, aldığı məişət əşyasına görə 160 manat ödəniş etmiş, qalan ödəniş cədvəlində göstərilən müddətdə və məbləğdə pulu satıcıya ödəməmiş və nəticədə onun İddiaçı 1280 (bir min iki yüz səksən) manat əsas borcu qalmış, qalıq borca 200 (iki yüz) manat dəbbə pulu hesablanmışdır. Alqı-satqı müqaviləsinin təminat olaraq zaminlik müqaviləsi bağlanmışdır. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə cərimə (dəbbə) pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, iddiaçı borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehlərin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 200 (iki yüz) manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 2 (iki) manat məbləğində müəyyən edilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1280 (bir min iki yüz səksən) manat əsas borcdan ödənilməmiş hissə, 2 (iki) manat cərimə borcu olmaqla, cəmi 1282 (bir min iki yüz səksən iki) manat pul tutularaq İddiaçı verilməlidir. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də məhkəmə ödənilmiş 33 (otuz üç) manat dövlət rüsumunun da cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1280 (bir min iki yüz səksən) manat əsas borc, 2 (iki) manat cərimə məbləği və məhkəmə xərci qismində 33 (otuz üç) manat dövlət rüsumu olmaqla, ümumilikdə 1315 (bir min üç yüz on beş) manat pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar