Məhkəmə qərarları › İş №2(125)-5823/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5823/2023

01.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5823/2023 01.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ödənilməmiş əsas borcun əvəzi qismində 1.000 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, Kəlbəcər rayonu, Ağcakənd kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri, Yeni qəsəbə 1500, bina 3, mənzil 16-da məskunlaşmışdır. Cavabdeh qonşusu Mübarizin kürəkəni kimi tanımışdır. Q.T.Qəribazdə ilə münasibətləri əvvəllər normal olmuş, xx.xx.2023-cü il tarixində Cavabdeh yeni doğulmuş uşağının müalicəsi üçün qısa müddətdə qaytarmaq şərti ilə ondan borc olaraq 1.000 manat pul istəmiş və o, həmin məbləğdə pul vəsaitini Cavabdeh vermişdir. Lakin Cavabdeh ona olan 1.000 manat məbləğində borcunu qaytarmamış, borcun qaytarılmasına dair onun tələblərinin icrasında isə müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Hətta bununla əlaqədar o, Kəlbəcər Rayon Polis Şöbəsinə müraciət etmiş və aparılmış araşdırma zamanı Cavabdeh ona olan 1.000 manat məbləğində borcunu etiraf edərək, qısa müddət həmin borcu qaytaracağını bildirmişdir. Lakin Cavabdeh əməlində cinayət tərkibi olmadığına görə Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquq ona izah edilmişdir. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsinə göstərdi ki, İddiaçı onun ərinin xalası qızıdır. Cavabdeh Ruslan adı ilə tanınır. Cavabdeh iki il bundan əvvəl onların yaşadığı Gəncə şəhəri, Yeni qəsəbə qonşuları olan və tibb bacısı kimi işləyən Reyhanın qızı Şəhla ilə nikaha girmiş, həmin tarixdən də o, Cavabdeh tanımışdır. Cavabdeh 2023-cü ilin mart ayında yeni doğulmuş uşağı xəstə olduğuna görə həmin uşağı müalicə etdirmək üçün İddiaçı borc olaraq 1.000 manat almışdır. Daha sonra Cavabdeh həmin pulu iddiaçıya geri qaytarmamışdır. O, özü bu barədə şəxsən Cavabdeh qaynanası Reyhana demiş və İddiaçı ilə birlikdə Cavabdeh valideyinlərinə məlumat vermək üçün sonuncunun valideyinlərinin yaşadığı evə getmişdir. Sonradan o, Cavabdeh yalnız İddiaçı deyil, digər şəxslərdən də borc alıb, qaytarmadığını eşitmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən Kələbəcər rayon polis şöbəsinə verdiyi xx.xx.2023-cü il tarixli izahatın surətindən görünür ki, Cavabdeh İddiaçı 2023-cü ilin mart ayında 1.000 manat pul aldığını, lakin maddi imkanı olmadığından borcunu ödəyə bilmədiyini bildirmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh İddiaçı tərəflər arasında şifahi olaraq bağlanmış borc müqaviləsinə əsasən 1.000 manat məbləğində pul vəsaitini borc almış, lakin Cavabdeh həmin borcu İddiaçı qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh ödənilməmiş əsas borcun əvəzi qismində 1.000 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq, dövlət gəlirlərinə alınır. İş materiallarında olan AA seriyalı 361529 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı məcburi köçkündür. Buna görə də məhkəmə İddiaçı dövlət rüsumu ödənilməsindən azad edilməsini və bununla əlaqədar məhkəmədə iddia qaldırılarkən dövlət rüsumu ödənilməməsini nəzərə alaraq hesab edir ki, ödənilməli olan dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti Cavabdeh dövlət büdcəsi nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh ödənilməmiş əsas borcun əvəzi qismində 1.000 (bir min) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Cavabdeh iş üzrə ödənilməli olan dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti dövlət büdcəsi nəfinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar