Məhkəmə qərarları › İş №2(125)-5825/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5825/2023

26.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5825/2023 26.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Quliyev Camal Yusifəli oğlu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: 16 avqust 2023-cü il tarixdə "xxxx" MMC Cavabdeh qarşı 10 oktyabr 2019-cu il tarixli, ******* nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2.332 manat, cərimə qismində 233 manat 20 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 45 manat 65 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin ünvanına göndərilmiş 17 avqust 2023-cü il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehə izah edilmiş, lakin iddia tələbinə cavabdeh tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan 10 oktyabr 2019-cu il tarixli, ******* nömrəli müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı həmin müqaviləyə əsasən 1.272 manat məbləğində «Berger» markalı kombi və 1.260 manat məbləğində «Seru» markalı radiatoru "xxxx" MMC-dən almışdır. Həmin əşyalar 10 oktyabr 2019-cu il tarixdə Cavabdeh təhvil verilmişdir. İşdə olan 10 oktyabr 2019-cu il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinə əlavə edilən ödəniş cədvəlindən görünür ki, cavabdeh "xxxx" MMC-dən ümumilikdə 2.332 manat məbləğinə aldığı məişət avadanlıqlarına görə 12 ay ərzində hər ay 194 manat 33 qəpik ödəməyi öhdəsinə götürmüşdür. Mülki işdə olan Cavabdeh "xxxx" MMC-yə borcu barədə 24 iyun 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 24 iyun 2023-cü il tarixə iddiaçıya olan borcu 10 oktyabr 2019-cu il tarixli, ******* nömrəli müqavilə üzrə ödənilməmiş əsas borc qismində 2.332 manat, cərimə qismində 233 manat 20 qəpik təşkil edir. İş materiallarında olan 22 iyun 2023-cü il tarixli pretenziyadan görünür ki, "xxxx" MMC cavabdehi borcu könüllü ödəməsi barədə xəbərdar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə uyğun olaraq, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, 233 manat 20 qəpik təşkil edən cərimə məbləğinin 30 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, 10 oktyabr 2019-cu il tarixli, ******* nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2.332 manat, cərimə qismində 30 manat, cəmi 2.362 məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 43 manat 62 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 10 oktyabr 2019-cu il tarixli, ******* nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2.332 (iki min üç yüz otuz iki) manat, cərimə qismində 30 (otuz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 43 (qırx üç) manat 62 (altmış iki) qəpik, cəmi 2.405 (iki min dörd yüz beş) manat 62 (altmış iki) qəpik məbləğində pul vəsaiti tutulsun. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar