Məhkəmə qərarları › İş №2(125)-5831/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5831/2024

04.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5831/2024 04.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, 10-TK-3-0-3611-23 nömrəli kredit müqaviləsi üzrə 300 AZN əsas borc, 36.78 AZN faiz borcu və 2.11 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 338.89 AZN, xx.xx.2023-cü il tarixli, 10-Y-2-0- 3595-23 nömrəli kredit müqaviləsi üzrə 1089.96 AZN əsas borc, 28.35 AZN faiz borcu və 0.61 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 1118.92 AZN borcun və 35.22 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 10-Y-2-0- 3595-23 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 16.9 faizlə 24 ay müddətinə 1550 AZN kredit götürmüşdür. Cavabdeh xx.xx.2023-cü il tarixli, 10-TK-3-0- 3611-23 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 25 faizlə 48 ay müddətinə 300 AZN kredit götürmüşdür. Lakin borclu müqavilələrin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2024-cü ilin avqustun 29-dək Cavabdeh banka xx.xx.2023-cü il tarixli, 10-Y-2-0-3595-23 nömrəli kredit müqaviləsi üzrə 1089.96 AZN əsas borc, 28.35 AZN faiz borcu və 1.22 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 1119.53 AZN borcu vardır. Cavabdeh xx.xx.2023-cü il tarixli, 10-Y-2-0-3595-23 nömrəli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 1.22 AZN təşkil etməsinə baxmayaraq cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 faizi miqdarında olmaqla yəni 0.61 AZN məbləğində tələb olunur. 2024-cü ilin avqustun 29-dək Cavabdeh banka xx.xx.2023-cü il tarixli, 10-TK-3-0- 3611-23 nömrəli kredit müqaviləsi üzrə 300 AZN əsas borc, 36.78 AZN faiz borcu və 2.11 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 338.89 AZN borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 10-Y-2-0-3595-23 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh illik 16.9 faizlə 24 ay müddətinə 1550 AZN kredit verilmişdir. xx.xx.2023-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh 1550 AZN pulu imza edərək İddiaçı ASC-dən götürmüşdür. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 10-TK-3-0-3611-23 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh illik 25 faizlə 48 ay müddətinə 300 AZN kredit kredit verilmişdir. 29 avqust 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 10-TK-3-0-3611-23 nömrəli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 300 AZN əsas, 36.78 AZN faiz, 2.11 AZN cərimə borcu olmaqla, cəmi 338.89 AZN borcu vardır. 29 avqust 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 10-Y-2-0-3595-23 nömrəli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 1089.86 AZN əsas, 28.35 AZN faiz, 1.22 AZN cərimə borcu olmaqla, cəmi 1119.53 AZN borcu vardır. 29 avqust 2024-cü il tarixli xəbərdarlıqlardan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 10-Y-2-0-3595-23 nömrəli və xx.xx.2023-cü il tarixli, 10-TK-3-0-3611-23 nömrəli kredit müqavilələri üzrə borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3-cü maddəsinə əsasən borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 739.4-cü maddəsinə əsasən borcverən öz nizamnamə kapitalındakı payın (səhmin) alınması məqsədilə borc verə bilməz. Borcverən qarşısındakı borc öhdəliyinin icrasının təminatı kimi onun nizamnamə kapitalında olan pay (səhm) çıxış edə bilməz. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 740.3-cü maddəsinə əsasən borcdan istifadəyə görə faiz nəzərdə tutulubsa və müvafiq məbləğ müqavilədə müəyyənləşdirilməyibsə, həmin məbləğ bu Məcəllənin 439.3cü maddəsinə əsasən hesablanır. 740.4-cü maddəsinə əsasən faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır. 740.5-ci maddəsinə əsasən müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc müqaviləsi üzrə faizlər və (və ya) haqlar müqavilənin qüvvədə olduğu hər bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər və (və ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 740.6-cı maddəsinə əsasən borc müqaviləsi üzrə faizlər illik faiz dərəcəsinin üç yüz altmış beşə və ya borc müqaviləsində nəzərdə tutulduğu halda üç yüz altmışa bölünərək, borcun verildiyi faktiki günlərin (borcun verildiyi gün daxil, qaytarıldığı gün isə xaric olmaqla) sayına vurulmaqla hesablanır. 740.7-ci maddəsinə əsasən borc müqaviləsi üzrə borcverənin borcalandan qəbul etdiyi hər hansı ödənişin borc üzrə sonrakı günlərin birində qəbul edilmiş ödəniş kimi hesab edilməsi yolverilməzdir. 740.8-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. 740.9-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının faiz və (və ya) haqların ödənilməsinə dair müddəaları qanunda və ya borc müqaviləsində faiz və (və ya) haqların ödənilməsi nəzərdə tutulduqda tətbiq edilir. 740.10-cu maddəsinə əsasən gəlir əldə etmək məqsədilə müntəzəm olaraq, habelə qeyri-məhdud subyektlərə pul vəsaitlərinin borc verilməsi yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs tərəfindən həyata keçirilə bilər. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqavilələri bağlanmış, həmin müqavilələr ilə verilən kredit müqabilində ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, ödənişini dövri olaraq ödəməli olduğu halda kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Bununla da iddiaçının gecikdirilmiş məbləğə görə müqavilələrin şərtlərinə uyğun olaraq cərimə (dəbbə pulu) tələb etmək hüququ yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2023cü il tarixli, 10-TK-3-0-3611-23 nömrəli kredit müqaviləsi üzrə 300 AZN əsas, 36.78 AZN faiz və 2.11 AZN cərimə borcu olmaqla, cəmi 338.89 AZN və xx.xx.2023-cü il tarixli, 10-Y- 2-0-3595-23 nömrəli kredit müqaviləsi üzrə 1089.96 AZN əsas, 28.35 AZN faiz və 0.61 AZN cərimə borcu olmaqla, cəmi 1118.92 AZN alınaraq, İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 35.22 (otuz beş manat iyirmi iki qəpik) AZN dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 10-TK-3-0-3611-23 nömrəli kredit müqaviləsi üzrə 300 (üç yüz) AZN əsas, 36.78 (otuz altı manat yetmiş səkkiz qəpik) AZN faiz və 2.11 (iki manat on bir qəpik) AZN cərimə borcu olmaqla, cəmi 338.89 (üç yüz otuz səkkiz manat səksən doqquz qəpik) AZN və xx.xx.2023-cü il tarixli, 10-Y-2-0-3595-23 nömrəli kredit müqaviləsi üzrə 1089.96 (bir min səksən doqquz manat doxsan altı qəpik) AZN əsas, 28.35 (iyirmi səkkiz manat otuz beş qəpik) AZN faiz və 0.61 (altmış bir qəpik) AZN cərimə borcu olmaqla, cəmi 1118.92 (bir min yüz on səkkiz manat doxsan iki qəpik) AZN və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 35.22 (otuz beş manat iyirmi iki qəpik) AZN dövlət rüsumu tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar