Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5865/2025 08.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «pul» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «pul» qarşı iddia qaldıraraq satılmış əşyaların dəyəri olan 12765 manat və borc olaraq verilmiş 400 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 129,5 mnat pul vəsaitinin cavabdehdən iddiaçıların xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, həyat yoldaşı ilə birlikdə 2023-cü ilin fevral ayından başlayaraq ticarətlə məşğul olur. Belə ki, Sədərək Ticarət Mərkəzindən müxtəlif çeşidli əşyalar, məsələn, geyim əşyaları, süfrə, yataq dəsti, qab-qacaq, yataq örtüyü, kiçik məişət texnikası və.s. gətirərək “online” satışını həyata keçirir. O, həmin əşyaların satışını “whatsapp” mobil tətbiqində öz tanışları, qohumlar, qonşular arasında həmin əşyaların fotoşəklini paylaşmaqla həyata keçirir. Cavabdeh ilə qonşusu Səbinə vasitəsilə tanış olmuşdur. Cavabdeh qismində cəlb etdiyi Cavabdeh 2024- cü ilin iyun ayında 500 manat dəyərində geyim əşyaları almış, həmin gün ondan 20 manat ödəniş etmiş və hər ay pensiya aldıqda ödəyəcəyini bildirmişdir. Daha sonra cavabdeh qızı üçün cehiz əşyaları almaq istədiyini bildirmişdir. O, 2025-ci ilin yanvar ayında bankdan kredit götürüb verəcəyi adı ilə onlardan 2024-cü ilin iyun ayından 2024-cü ilin dekabr ayınadək ümumi dəyəri 13200 manat olan müxtəlif əşyalar-geyim əşyası, kiçik məişət texnikası, qab-qacaq, süfrə, yataq örtüyü, yataq dəsti və .s almışdır. 2025-ci ilin yanvar ayında isə ona bank tərəfindən kredit verilmədiyini bildirmişdir. Daha sonra 2025-ci ilin mart ayında aralarında yaranmış borcu hər ay 300-400 manat olaraq ödəyəcəyinə dair razılıq əldə edilmişdir. Lakin yenə də müxtəlif bəhanələr ilə ödəniş etməkdən yayınmışdır. 2025-ci ilin may ayında isə özü borcu etiraf edərək, yazılı şəkildə qəbz təqdim edərək yaranmış 13200 manat borcu iyun ayından başlayaraq ödəniş etməyi öhdəsinə götürmüşdür. 2025-ci ilin iyun ayında 200 manat, iyul ayında 300 manat olmaqla, ümumi borcdan 500 manat ödəniş etmişdir. Daha sonra isə müxtəlif bəhanələr ödəniş etməkdən yayınmışdır. Dəfələrlə telefon əlaqəsi saxlamalarına baxmayaraq ilk əvvəl ödəniş edəcəyini bildirsə də, sonradan telefon zənglərinə cavab verməmişdir. Cavabdehə ödəyə bilmədiyi üçün satılan əşyaların geri qaytarılması təklif edilsə də, həmin zaman cehiz olaraq aldığını bildirərək qaytarmaqdan imtina etmiş, dəyərini ödəyəcəyini bildirmişdir. 2025-ci ilin mart ayında pula ehtiyacı olduğunu bildirərək qısa müddətdə qaytarmaq şərtilə 300 manat, aprel ayında isə 100 manat pul borc almışdır. Həmin pulun cavabdehin kart hesabına atmaları barədə qəbz və yazımalar var. Cavabdehin onlara borcu olması barədə yazılı etirafı da mövcuddur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq digər İddiaçı2 məhkəmə baxış iclasında iştirak etməmişdir. Məhkəmə İddiaçı2 iştirakı olmadan mülki işin baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh tələbini qəbul edərək bildirdi ki, iddiaçılardan nisyə qaydada müxtəlif növ əşyalar almış, lakin maddi imkanı zəif olduğundan ödəniş edə bilməmişdir. Həmçinin, iddiaçılardan borc olaraq 400 manat pul aldığını da etiraf edir. Maddi imkanı yaxşılacağı təqdirdə borcunu geri qaytaracaqdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. 01 avqust 2025-ci il tarixli Cavabdeh ünvanlanmış pretenziya məktubunundan görünür ki, o, ümumi borc məbləğindən 500 manat ödəniş etmiş, hazırda satın alınmış əşyalar üzrə qalıq borc 12765 manat təşkil edir.Həmçinin, 2025-ci ilin mart ayında 300 manat, aprel ayında isə 100 manat məbləğində almış olduğu pulu qaytarmalı olduğu, əks təqdirdə məhkəməyə müraciət olunacağı bilinmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, ona qarşı irəli sürülmüş iddianı tam qəbul edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında müxtəlif çeşidli məhsullarln alğı-satqısına dair şifahi alğı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən alınmış malların dəyərini ödəmək şərti ilə İddiaçı1 və X1 tərəfindən əşyalar Cavabdeh satılmışdır. İddiaçılar üzərinə düşən öhdəlikləri icra etsələrdə cavabdeh öz üzərinə düşən öhdəliyi icra etməmişdir. Bu səbdəndə iddiaılar qeyd edilən tələblə məhkəməyə müraciət etmişlər. Hazırda Cavabdeh iddia tələbini qəbul edərərk, iddiaçılara alğı-satqı müqaviləsi üzrə 12765 manat, borc müqaviləsi üzrə 400 manat borcunun olduğunu etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinin tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əçyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etirafı qanuna zidd olmadığı və ya hər hansı başqa şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün məhkəmə tərəfindən qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, Cavabdeh alğı-satqı müqaviləsi üzrə 12765 manat, borc qismində 400 manat məbləğində pul vəsaiti İddiaçı1 və İddiaçı2l qızının xeyrinə tutulmalıdır. Bundan əlavə iş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iş üzrə məhkəmə xərci iddiaçılar tərəfindən ödənilmiş 129,50 manat dövlət rüsumundan ibarətdir. İddiaçının iddia tələbi tam təmin edildiyindən ödənilmiş 129,50 manat pul cavabdehdən alınaraq iddiaçılara verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddiası təmin edilsin. Cavabdeh alğı-satqı müqaviləsi üzrə 12765 manat, borc müqaviləsi üzrə 400 manat olmaqla ümumilikdə 13165 (on üç min yüz altmış beş) manat məbləğində pul və dövlət rüsumu qismində ödənilmiş 129,50 manat məbləğində pul İddiaçı1 və İddiaçı2l qızının xeyrinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Orxan Dəmirli
Məhkəmə qərarları › İş №2(125)-5865/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5865/2025
08.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver