Məhkəmə qərarları › İş №2(125)-5895/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5895/2024

22.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5895/2024 22.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılması tələbi» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)- 4769/2023 nömrəli qətnaməsi ilə uşağın saxlanması üçün tutulması müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, xx.xx.2010-cu il tarixdə anadan olmuş X5 və xx.xx.2012-ci il tarixdə andan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 235 manat, cəmi 470 manat sabit pul məbləğində alimentin və ödənilmiş mediasuya xərcinin əvəzi qismində 55 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, o, Cavabdeh ilə 2008ci il tarixində nikahlarını qeydə aldırmaqla ailə qurmuşdur. Onların birgə nikahından xx.xx.2010-cu il tarixdə anadan olmuş X9 və xx.xx.2012-ci il tarixdə andan olmuş X6 adlı iki uşaq vardır. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(044)- 1537/2014 nömrəli qətnaməsi ilə Cavabdehla aralarında olan nikah pozulmuş, birgə nikahdan anadan olmuş uşaqların onun yanında qalması müəyyən edilmiş və həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 75 manat, cəmi 150 manat sabit pul məbləğində alimentin onun xeyirinə tutulması qət edilmişdir. Lakin həmin məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin məbləği uşaqların saxlanmasına kifayət etmədiyindən təyin olunmuş aliment Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(044)-3501/2018 nömrəli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-4769/2023 nömrəli qətnamələri ilə artırılmışdır. Lakin hazırda məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği uşaqların saxlanmasına kifayət etmir. Belə ki, uşaqların yaşı artdıqca tələbatları da artmışdır. Cavabdeh yaxşı ustadır və maddi imkanı yaxşıdır. Cavabdeh maddi imkanı kifayət qədər yaxşı olduğuna görə ikinci dəfə nikaha girmişdir. Bununla belə Cavabdeh aliment ödənişlərindən başqa, ona hər hansı maddi yardım göstərməmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək izahatında göstərdi ki, Cavabdeh işsizdir. İş ilə əlaqədar məşğulluq idarəsinə müraciət etsə də səhhəti ilə əlaqədar ona uyğun iş olmamışdır. Bundan başqa, Cavabdeh ikinci dəfə nikaha daxil olmuşdur və onun ikinci evliliyindən üç azyaşlı övladı vardır. Cavabdeh maddi imkanı yaxşı olmadığından yaşlı anasının pensiyası ilə dolanır. Cavabdeh birgə nikahdan doğulmuş uşaqların saxlanılması üçün alimenti isə o özü Cavabdeh əvəzinə ödəyir. Buna görə də məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin artırılması nəinki cavabdehin həmçinin onun ailəsinin də vəziyyətini çətinləşdirəcəkdir. Sonda Nümayəndə iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)- 4769/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(044)-3501/2018 nömrəli qətnaməsi ilə tutulan alimentin məbləği artırılmış, xx.xx.2010-cu il tarixdə anadan olmuş X5 və xx.xx.2012-ci il tarixdə andan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq. hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aıliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İşdə olan AZ-İV seriyalı 261164 nömrəli, AZ-İV seriyalı 539392 nömrəli və AZ-İV seriyalı 757628 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2019-cu il tarixdə anadan olmuş X3, xx.xx.2020-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2022-ci il tarixdə anadan olmuş X8 atası Cavabdeh, anası isə X1r. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Cavabdeh məxsus «Əmək və məşğulluq» altsisteminə əmək müqaviləsi daxil edilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Bundan başqa, həmin Məcəllənin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2024-cü ildə yaşayış minimumu haqqında» 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2023-ci ildə yaşayış minimumu haqqında» 09 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə 2023-cü ildə ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.3-cü bəndinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Məhkəmə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-4769/2023 nömrəli qətnaməsindən keçən dövr ərzində ölkə üzrə yaşayış minimumundakı artım məbləğini əsas gətirərək hesab edir ki, yaşayış minimumunun artması iddiaçının maddi vəziyyətindəki dəyişiklik kimi qiymətləndirilməlidir. Belə ki, qətnamə ilə müəyyən edilmiş aliment məbləği dəyişmədiyi halda malların və xidmətlərin qiymətinin qalxması həmin aliment məbləği ilə uşağın maddi təminatının əvvəlki səviyyəsinin saxlanmasının mümkün olmadığını göstərir. Buna görə də məhkəmə tərəflərin maddi vəziyyətini, tərəflərin birgə nikahlarından doğulmuş uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətini, həmin uşağın mənafeyini və aliment qət edildikdən sonra ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun artmasını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin olunmalı, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)- 4769/2023 nömrəli qətnaməsi ilə tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilərək, cavabdehdən iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün hər ay hər uşaq üçün 190 manat, cəmi 380 manat sabit pul məbləğində aliment tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə görə «Mediasiya prosesinin tətbiqi barədə müqavilə»də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya «mediasiya prosesinin tətbiqi barədə müqavilə»nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, ödənilmiş mediasiya xərcinin əvəzi qismində 55 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-4769/2023 nömrəli qətnaməsi ilə uşağın saxlanması üçün tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2010-cu il tarixdə anadan olmuş X5 və xx.xx.2012-ci il tarixdə andan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 190 (bir yüz doxsan) manat, cəmi 380 (üç yüz səksən) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Cavabdeh ödənilmiş mediasiya xərcinin əvəzi qismində 55 (əlli beş) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar