Məhkəmə qərarları › İş №2(125)-590/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-590/2023

06.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-590/2023 06.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı etibarnamə üzrə nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 16 avqust 2019cu il tarixli 2(043)-2640/2019 saylı qətnaməsi əsasında tutulan alimentin məbləğinin dəyişdirilərək, xx.xx.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 193 manat sabit pul məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X6 izahatında göstərmişdir ki, iddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X7 adlı bir uşaq anadan olmuşdur. Cavabdehlə iddiaçının ailə münasibətləri pozulduğundan uzun müddətdir ki, ayrılmışlar. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 16 avqust 2019-cu il tarixli 2(043)-2640/2019 saylı qətnaməsinə əsasən Cavabdeh bir uşağa ayda 140 manat sabit pul məbləğində aliment pulunun tutulub İddiaçı verilməsi qət edilmişdir. Hazırda 140 manat miqdarda aliment pulu uşağın saxlanması üçün yetərli deyil. Cavabdehin kifayət qədər gəliri vardır. Maddi cəhətdən uşağına yardım göstərəcək iqtidarında olsa da, özü könüllü olaraq uşağına əlavə heç bir maddi yardım göstərmir. Odur ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 16 avqust 2019-cu il tarixli 2(043)-2640/2019 saylı qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək, xx.xx.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 193 manat sabit pul məbləğində alimentin Cavabdeh İddiaçı xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini, iddia tələbində qeyd olunmuş 193 manat alimenti ödəməyə imkanının olmadığını, həmçinin ikinci ailəsindən iki övladının olduğunu bildirmiş, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ- İİ № 569919 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.2006-cı il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X4r. İşdə olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 16 avqust 2019-cu il tarixli 2(043)-2640/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, 03 iyun 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarının artırılması, 03 iyun 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləği ilə alimentin Cavabdeh tutularaq, İddiaçı ödənilməsi, artırılmış aliment məbləğinin qətnamə qanuni qüvvəyə mindiyi tarixdən tutulması, Cavabdeh 15 (on beş) manat məbləğində dövlət rüsumunun tutularaq, dövlət büdcəsinə keçirilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 16 avqust 2019-cu il tarixli 2(043)-2640/2019 saylı qətnaməsi ilə tərəflərin birgə nikahlarından olan xx.xx.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 140 manat sabit pul məbləğində alimentin tutularaq X5 ödənilməsi qət edilmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının hər ay bir uşağa görə 193 manat sabit pul məbləğində aliment təyin edilməsinə dair tələbi tam təmin edilə bilməz. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin, iddiaçının ərizəsində göstərdiyi miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur və iddiaçı tərəfindən məhkəməyə cavabdehin aylıq qazancı, əmək haqqı və ya digər gəlirləri barədə hər hansı sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olmasının məhkəmə iclasında öz təsdiqini tapmadığını nəzərə alır və hesab edir ki, iddia tələbinin tam həcmdə təmin olunması cavabdehin mənafeyinə uyğun deyildir. Məhkəmə qeyd edir ki, uşağın saxlanması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşağın saxlanmasına kömək göstərmək və uşağa qayğı göstərmək Cavabdeh valideynlik borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında» Qanuna əsasən 2022-ci ilin yaşayış minumumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olmasının məhkəmə iclasında öz təsdiqini tapmadığını nəzərə alır və hesab edir ki, hazırda cavabdehdən hər ay bir uşağa görə 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin tutulması tərəflərin həqiqi vəziyyətinə uyğundur. Bu baxımdan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X7 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 16 avqust 2019-cu il tarixli 2(043)-2640/2019 saylı qətnaməsi ilə hər ay bir uşaq üçün müəyyən edilmiş 140 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay bir uşağa görə 160 manat məbləğində müəyyən edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia qismən təmin edildiyindən mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini və tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat xərcin 25 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X7 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 16 avqust 2019-cu il tarixli 2(043)- 2640/2019 saylı qətnaməsi ilə hər ay bir uşaq üçün müəyyən edilmiş 140 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay bir uşağa görə 160 (bir yüz altmış) manat məbləğində müəyyən edilsin. Qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X7 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay bir uşağa görə 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat xərcin 25 manatı cavabdehdən İddiaçı xeyrinə tutulsun. Qətnamə qanuni qüvvəyə mindiyi gündən icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar