Məhkəmə qərarları › İş №2(125)-5922/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5922/2024

04.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5922/2024 04.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi ilə, İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6636,88 manat əsas, 27,72 manat faiz, 2,6 manat cərimə olmaqla, cəmi 6667,20 manat borcun, 0,40 manat xidmət haqqının və dövlət rüsumu olaraq ödənilmiş 86,73 manat məbləğində vəsaitin "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 25% ödəmək şərtilə 6882 manat məbləğində kredit verilmişdir. Kreditin məqsədi təyinatı xx.xx.2023-cü il tarixli, 544sKPZb/23 nömrəli kredit müqaviləsi üzrə 610,3 manat borcun və xx.xx.2023-cü il tarixli, 12243nkKPZb/22 nömrəli kredit müqaviləsi üzrə 6270,92 manat borcun bağlanılması məqsədilə verilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə 6636,88 manat əsas, 27,72 manat faiz, 2,6 manat cərimə olmaqla, cəmi 6667,20 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək, borcunu vaxtı-vaxtında hər ay 230-240 manat ödədiyini, son 3 ayda ödəmədiyinə görə məhkəməyə verdiklərini göstərmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2023-cü il tarixli, 441nkKPZ/23 nömrəli kredit müqaviləsindən görünür ki, cavabdehə xx.xx.2023-cü il tarixli, 544sKPZb/23 nömrəli kredit müqaviləsi üzrə 610,3 manat borcun və xx.xx.2023-cü il tarixli, 12243nkKPZb/22 nömrəli kredit müqaviləsi üzrə 6270,92 manat borcun bağlanılması məqsədilə xx.xx.2028-ci il tarixədək, illik 25% ödəmək şərtilə 6882 manat məbləğində kredit verilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" KB ASC-yə 6636,88 manat əsas borcu qalmış, 27,72 manat faiz və 2,6 manat cərimə hesablanmışdır. xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2023-cü il tarixli, 441nkKPZ/23 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı "xxxx" KB ASC tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli, 544sKPZb/23 nömrəli kredit müqaviləsi üzrə 610,3 manat borcun və xx.xx.2023-cü il tarixli, 12243nkKPZb/22 nömrəli kredit müqaviləsi üzrə 6270,92 manat borcun bağlanılması məqsədilə xx.xx.2028-ci il tarixədək illik 25% ödəmək şərtilə 6882 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi tərəflər arasında müqavilə bağlanmış və tərəflər müqavilə üzrə üzərlərinə öhdəlik götürmüşlər. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, xx.xx.2023-cü il tarixli, 361nkKPZ/23 nömrəli kredit müqaviləsi üzrə 6636,88 manat əsas, 27,72 manat faiz, 2,6 manat cərimə olmaqla, cəmi 6667,20 manat pul Cavabdeh alınaraq iddiaçı "xxxx" KB ASC-yə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən 86,73 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 441nkKPZ/23 nömrəli kredit müqaviləsi üzrə 6636,88 manat əsas, 27,72 manat faiz, 2,6 manat cərimə olmaqla, cəmi 6667,20 (altı min altı yüz altmış yeddi manat 20 qəpik) manat pul, 86,73 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı alınaraq "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar