Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5922/2025 29.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdeh, etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, qonşusu olan Jalənin vasitəsi ilə cavabdehi tanımışdır. Jalə Fəridi tanıdığını, etibarlı adam olduğunu, ona borc pul vermələrini, 1 həftə-10 günə qaytaracağını demişdir. 2023-cü ilin axırlarında 4000 manat borc pulu Fəridin özünə vermiş, heç bir sənəd imzalatmamışdır. Üstündən xeyli müddət keçməsinə baxmayaraq Fərid ona olan borcunu qaytarmamış, hər dəfə müxtəlif bəhanələr demişdir. Yoldaşı Fəridgilin evinə getmiş, atasını çağırmasını, onunla söhbət edəcəyini dedikdə, Fərid atasının şəkər xəstəsi olduğunu, narahat olmamasını, borcunu ödəyəcəyini demişdir. Cavabdehin borcunu ödəməsi ilə bağlı dedikləri yalandır. Bacısı Sahiləyə də Fəridin borcu olmuşdur, bacısının Fəridə borcu nə vaxt verdiyini və nə qədər verdiyini bilmir, ancaq Fəridin onun oğlu Ülfətin kartına atdığı pullar bacısına olan borcunun ödənişləridir. Bacısının oğlu əsəbi uşaq olduğuna görə anasının borc verdiyini bilməməsi üçün Fərid pulları onun oğlu Ülfətin kartına atmış, hər dəfə göndərdikcə də bacısına çatdırmışdır. Fərid bacısına olan borcunu qaytarmış, 150 manat borcu qalmışdır. Ancaq onun verdiyi 4000 manatdan heç bir ödəniş etməmişdir. İkinci dəfə Fərid bacısından pul istəyəndə bacısı verməmiş, Jalə ondan xahiş etmiş, Jalənin xətrinə Fəridə borc vermişdir. Jalə ilə Fərid ikisi əlbirdir. Jalənin də bacısına 1000 manat borcu qalmış, bacısına zəng edib təhdid etmişlər ki, şahid kimi gəlib ifadə verməsin, yoxsa ona olan 1000 manat borcunu qaytarmayacaqdır. Oğlu da bilmiş, bacısı Sahilənin telefonunu qırıq-qırıq etmişdir. Bacısı yeni əməliyyat olunmuşdur, təhdid etdiklərinə görə də məhkəmə iclasına gəlməmişdir. 4000 manat pulu Fəridə 2023-cü ilin axırlarında vermiş, bir il gözləmişdir, qaytarmadığına görə 2024-cü ilin dekabrın 31-i günü evlərinə getmiş, Fəridin anası da demişdir ki, Fəridin borclarına görə torpaq satmışdırlar, ödəyəcəkdirlər. Əgər həqiqətən də oğlu Ülfətin kartına atdığı pullar ona olan borcunun ödənişləri idisə, nəyə görə sonradan yenə də borcu ödəməsini dedikdə narahat olmamalarını, borcunu ödəyəcəyini demişdir? Bu barədə səs yazısı da vardır. Cavabdehin ona olan 4000 manat borcunu qaytarmadığını göstərərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında göstərdi ki, Samirə xanımı cəmi 2 dəfə, bir dəfə polis idarəsində, daha sonra isə burda görmüşdür. Polisə isə özü şikayət etmişdir, onu tez-tez narahat etdikləri üçün. Samirə xanımdan ümumiyyətlə pul almamışdır. 2023-cü ildə başqasının vasitəsilə sələm götürmüş, həmin vasutəçinin əli ilə ayda 800 manat ödəniş etmişdir. Samirə xanımın özü ilə də telefonla danışıb pulunun çatıb-çatmadığını soruşmuş, o isə çatdığını demişdir. 2023-cü ildə borc almış, 2024-cü ildə də hamısını qaytarmışdır. Ödəniş etdiyi kart nömrəsini ona Samirə xanım özü atmışdır ki, pulları ora göndərsin. Həmin kart nömrəsinə ödədiyi pulların qəbzləri də durur. Tapdığı çeklərin bir qismini məhkəməyə təqdim etmişdir. 4000 manat pula 10000 manata yaxın pul ödəmişdir. Həm kart nömrəsinə atmışdır, həm də Jalədən göndərmişdir. Samirə xanımın bacısını isə tanımır. Borcunu ödəməsinə baxmayaraq, iddiaçı onu gah qonşuların içində narahat etmiş, gah da iş yerinə gəlmişdir. Buna görə də polisə vermiş, iddiaçı polisdə izahat verərkən sələm verdiyini etiraf etmişdir. İddiaçı ona zəng etmişdir ki, “Yoldaşım gələcək, sələm verdiyimi bilmir, evin puludur. Ödədiyin pullar sələmin üstüdü, özü durur.” O isə məcbur qalıb yoldaşı gəlib ondan soruşanda ödəyəcəyini demiş, həmin vaxt da səsini yazmışdırlar. Həmin səs yazması borc ödənilməmişdən əvvəl olduğunu göstərərək, iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə cavabdehlə eyni məzmunda çıxış edərək, iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işin mareriallarında olan, cavabdeh tərəfindən təqdim edilmiş:- xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, UL*** AL******* MU***** oğluna məxsus kart nömrəsinə 670 manat, 1400 manat, 1000 manat, 500 manat, 200 manat və 200 manat olmaqla, cəmi 3970 manat pul köçürülmüşdür. İddiaçı tərəfindən təqdim olunmuş səs yazılarını əks etdirən CD diskə məhkəmə iclas zalında qulaq asılarkən iddiaçının əri ilə cavabdeh arasında olan danışıqlardan müəyyən olundu ki, cavabdeh iddiaçıya 4000 manat borcu olduğunu etiraf edərək, ayın onunadək 1000 manatını ödəyəcəyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında şifahi razılaşma əsasında iddiaçı tərəfindən cavabdehə 4000 manat borc verilmişdir. İddiaçı iddia etmişdir ki, cavabdeh ondan aldığı borcu xeyli müddət keçməsinə baxmayaraq ona qaytarmamışdır. Cavabdeh tərəf isə iddia tələbinə qarşı etiraz edərək, iddiaçıdan başqasının vasitəsilə 4000 manat məbləğində sələmlə borc aldığını və borcunu artıqlaması ilə qaytardığını bildirmişdir. Cavabdeh öz etirazının əsası kimi iddiaçının ona göndərdiyi kart hesabına ödənişlər etdiyini göstərmişdir. İddiaçı isə həmin kart hesabının həqiqətən də oğlu Ülfətə məxsus olduğunu, lakin cavabdeh onun bacısı Sahilədən də borc aldığına görə həmin ödənişləri məhz Sahiləyə olan borcunu ödəmək məqsədilə oğlu Ülfətə məxsus karta göndərdiyini göstərmişdir. Bundan başqa iddiaçı bacısına çatmalı olan ödənişlərin nəyə görə onun oğluna məxsus kart hesabına göndərilməsi məsələsinə aydınlıq gətirərkən, bacısı oğlunun əsəbi olduğunu və anasının borc verdiyini bilməməsi üçün belə etdiklərini, bacısının yeni əməliyyat olunduğunu və onu təhdid etdiklərinə görə də məhkəmə iclasına gəlmədiyini göstərmişdir. Məhkəmə iddiaçının göstərdiyi dəlilləri işin hallarına uyğun hesab etməyərək qeyd edir ki, iddiaçı oğlunun kart hesabına ödənilmiş məbləğlərin onun bacısı Sahilədən aldığı borca görə ödənildiyini göstərsə də, bununla bağlı sübut təqdim etməmişdir. İddiaçı göstərdiyi halların sübutu kimi səs yazılarını əks etdirən CD disk təqdim etmiş, həmin diskdə qeydə alınmış səs yazısında cavabdehin iddiaçıdan 4000 manat borc aldığı, 1000 manatını isə ayın onunadək ödəyəcəyi qeyd olunsa da, həmin danışıqların hansı tarixdə aparılması dəqiq göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Məcələsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında 4000 manat borc pulun verilməsinə dair müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından onlar arasında bağlanmış razılaşma etibarsızdır. Belə ki, Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Tərəflər arasında şifahi razılaşma üzrə iddiaçı tərəfindən cavabdehə 4000 manat borc pulun verilməsi iş materiallarında olan sübutlarla və tərəflərin izahatları ilə öz təsdiqini tapır. Cavabdeh bu halda hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmış hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, iddiaçı cavabdehə verdiyi borc pulun ona qaytarılmamasını iddia etsə də, məhkəmə araşdırması nəticəsində cavabdeh tərəfindən iddiaçıya olan borcundan 3970 manat pulun qaytarıldığı müəyyən olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 30 manat pul alınaraq İddiaçı ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 30 manat pul və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-5922/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5922/2025
29.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver