Məhkəmə qərarları › İş №2(125)-5949/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5949/2023

31.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5949/2023 31.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı «X2» Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra-"xxxx" ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 909,5 ABŞ dolları borcun, 0,40 manat xidmət haqqı və 35,47 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC ilə cavabdeh X3 qızı arasında bağlanmış xx.xx.2015-ci il tarixli əsas kredit müqaviləsi üzrə 20000 manat 60 ay müddətinə kredit xətti ayrılmış və xx.xx.2015-ci il tarixli əlavə kredit müqaviləsi üzrə cavabdehə 18 ay müddətinə, illik 29% ödəmək şərtilə 2000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit xətti müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh1 və Cavabdeh2 ilə aralarında bağlanmış zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən zamin əlavə kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürüb. Lakin cavabdeh zamin müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduqları kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdirlər. X1 Məmməd qızı xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Elektron xidmətlər barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi vərəsəlik işlərinin açılması barədə portalda qeyd edilən iş üzrə vərəsəlik işinin açılıb-açılmaması yoxlanılmış və vərəsəlik işi açılmadığı müəyyən edilmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmışdır, lakin bu danışıqlar heç bir fayda verməmişdir. Kreditor "xxxx" ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə iddiaçı "xxxx" KB ASC-yə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında Cavabdeh1 işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Məhkçmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək, izahatında göstərdi ki, "xxxx" ASC ilə xalası X3 qızı arasında xx.xx.2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış, həmin müqavilə üzrə xalası X3 qızına 18 ay müddətinə 2000 ABŞ dolları kredit verilmişdir. Onunla digər Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Xalası Validə 2015-ci ildə vəfat etmişdir. Ondan heç bir miras qalmamışdır, 1 qızı var, o da bazarda göy satır. Hesab edir ki, zaminlik müqaviləsinin müddəti bitdiyi üçün iddia rədd olunmalıdır. İddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- "xxxx" ASC ilə X1 Məmməd qızı, zaminlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli, 618micKPZ/15 nömrəli əsas kredit, bank hesabı və zaminlik müqaviləsindən görünür ki, iddiaçı tərəfindən X1 Məmməd qızına 60 ay müddətinə 20000 manat məbləğində kredit xətti ayrılmış, kreditin verilməsi həmin müqavilə çərçivəsində əlavə kredit müqaviləsi bağlanılması ilə şərtləndirilmiş, zaminlər Cavabdeh1 və Cavabdeh2 həmin müqavilə çərçivəsində bağlanılacaq əlavə kredit müqaviləsi üzrə öhdəliyi öz üzərlərinə götürmüşlər. "xxxx" ASC ilə X1 Məmməd qızı arasında bağlanılmış xx.xx.2015-ci il tarixli, 618micKPZ/15 nömrəli əlavə kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən X1 Məmməd qızına 18 ay müddətinə, illik 29% ödəmək şərtilə 2000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli, 618micKPZ/15 nömrəli əlavə kredit müqaviləsinə əlavə edilən ödəniş cədvəlindən görünür ki, X3 qızı krediti hər ay 139 manat, sonuncu ayda isə 127,48 manat olmaqla hissə-hissə ödəmək şərti ilə xx.xx.2016-cı il tarixədək ödəməyi öz öhdəsinə götürmüşdür. AZ-İ 724468 nömrəli, xx.xx.2015-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 qızı xx.xx.2015-ci ildə ölmüşdür. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X3 qızının xx.xx.2015-ci il tarixli, 618micKPZ/15 nömrəli kredit müqaviləsi üzrə 909,50 ABŞ dolları məbləğində borcu qalmışdır. xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" ASC ilə X1 Məmməd qızı və zaminlər Cavabdeh1, Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixli, 618micKPZ/15 nömrəli əsas kredit, bank hesabı və zaminlik müqaviləsi bağlanaraq iddiaçı tərəfindən X1 Məmməd qızına 60 ay müddətinə 20000 manat məbləğində kredit xətti ayrılmış, kreditin verilməsi həmin müqavilə çərçivəsində əlavə kredit müqaviləsi bağlanılması ilə şərtləndirilmişdir. Zaminlər Cavabdeh1 və Cavabdeh2 həmin müqavilə çərçivəsində bağlanılması nəzərdə tutulan əlavə kredit müqaviləsi üzrə öhdəliyi öz üzərlərinə götürmüşlər. X1 Məmməd qızı xx.xx.2015-ci il tarixdə öldüyü üçün iddiaçı kredit müqaviləsi üzrə borcun ödənilməsini zaminlər Cavabdeh1 və Cavabdeh2 tələb etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, mülki işə əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kredit müqaviləsi üzrə öhdəliyin icrasının son müddəti xx.xx.2016-cı il tarix olmuşdur. Həmin tarixdən iddianın verildiyi vaxtadək bir ildən artıq müddət ötmüşdür. Müddətin anlayışı Mülki Məcəllənin 367-ci maddəsində verilmişdir. Həmin maddəyə əsasən: 367.1. Müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. 367.2. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. 367.3. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində iddiaçı tərəfindən iddia irəli sürülmədiyi üçün onların zaminliyinə xitam verildiyindən iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-in cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin olunmasın. MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı "xxxx" ASC-in cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə Gəncə Şəhər Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar