Məhkəmə qərarları › İş №2(125)-5982/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5982/2025

24.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5982/2025 24.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh Məhəmməd oğlunu çoxdan tanıyır. Qonşu kimi mehriban münasibətləri olmuşdur. O, Gəncə şəhərində qeydiyyatda olmasına baxmayaraq Mingəçevir şəhərində yaşayır. Bir neçə müddət bundan əvvəl gəlib ona demişdir ki, “İşə düşmüşəm, təcili pula ehtiyacım var.” Ondan borc olaraq 1000 manat pul istəmiş, bildirmişdir ki, 20 gün müddətinə qaytaracaqdır. Bir qonşu kimi ona inanaraq 1000 manat pulu borc vermişdir. Bu günə kimi dəfələrlə xəbərdar etməsinə baxmayaraq borcu müxtəlif bəhanələrlə qaytarmaqdan imtina etmişdir. Hətta evinə belə gedərək pulunu qaytarmasını xahiş etmişdir. Maddi vəziyyəti çox ağırdır. Qeyd edilən pula çox ehtiyacı vardır. Bununla bağlı Mingəçevir Şəhər Polis Şöbəsinə də müraciət etmiş, lakin imtina məktubu verilərək bildirilmişdir ki, mülki xarakterli məsələ olduğuna görə məhkəməyə müraciət etməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, cavabdehin borcundan 80 manat və 65 manat pulu yoldaşı Güllüyə məxsus kart hesabına göndərərək ödəniş etdiyini, lakin əlbəəl başqa heç bir ödəniş etmədiyini göstərərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, iddiaçıdan 1000 manat borc almış, hissə-hissə olmaqla cəmi 465 manat pul ödəmişdir. 80 manat və 65 manat pulu iddiaçının yoldaşı Güllü xanımın kart hesabına göndərmiş, qalan məbləği isə əlbəəl ödəmişdir. İddianın qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, Güllü A. adlı şəxsə məxsus kart hesabına 80 manat və 65 manat olmaqla, cəmi 145 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə tərəflərin izahatını, iş üçün əhəmiyyətli olan halları, işdə olan sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında borc pulun verilməsi ilə bağlı razılaşma olmuş, cavabdeh iddiaçıdan 1000 manat məbləğində borc almış, borcundan 145 manat ödəsə də, qalan məbləği ödəmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Cavabdeh borcundan 465 manat ödədiyini, bundan bir qismini, 145 manatını kart vasitəsi ilə qalanını isə əlbəəl ödədiyini iddia etsə də, bununla bağlı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 77.1ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 855 (səkkiz yüz əlli beş) manat pul alınaraq İddiaçı verilməlidir. Dövlət rüsumu haqqında Qanunun 9-cu maddəsinə əsasən qaçqınlar və məcburi köçkünlər dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İş üzrə iddiaçı məcburi köçkün olduğu üçün dövlət rüsumunu ödəməkdən azad edildiyindən ödənilməmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 855 (səkkiz yüz əlli beş) manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət rüsumu hesabına 30 manat alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar