Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5984/2023 05.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X16 Şakir oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçı və Cavabdeh və cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 yanvar 2008-ci il təvəllüdlü X1 və 10 oktyabr 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh sabit pul məbləğində hər bir uşağın saxlanması üçün təyin edilmiş 80 (səksən) manat alimentin artırılaraq, 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat alimentin tutulub və mediasiya xidmətinə ödədiyi 55 (əlli beş) manat pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 18 yanvar 2017-ci il tarixli, 2(044)-87/2017 nömrəli qətnaməsi ilə iddia tələbi iddia həcminin azaldılması hissəsində təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 02 may 2005-ci il tarixdə 8 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. Boşanmadan sonra 02 iyul 2005-ci il təvəllüdlü X7, 24 yanvar 2008-ci il təvəllüdlü X5 və 10 oktyabr 2010-cu il təvəllüdlü X8 anaları X6 yanında saxlanılmışdır. 02 iyul 2005-ci il təvəllüdlü X7, 24 yanvar 2008-ci il təvəllüdlü X5 və 10 oktyabr 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün 30 avqust 2016-cı il tarixdən başlayaraq, hər ay sabit pul məbləğində hər bir uşaq üçün 80 manat cəmi 240 manat aliment Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh nikahları pozulduqdan sonra çıxıb-getmiş, Qəbələ rayonunun kəndinə, orada yaşayır, uşaqlarına heç-bir maddi yardım göstərmir, bir dəfə də olsun uşaqların ehtiyacları ilə maraqlanmır, uşaqları hal-hazıra kimi özü təkbaşına dolandırır, artıq uşaqlar böyümüşlər, tələbatları da artmış, böyük oğlu artıq ali məktəbə daxil olmuşdur. Digər iki uşaq hələ orta təhsil alırlar, hazırlıqlara gedirlər. O, təkbaşına uşaqlara baxmağı çatdıra bilmir, ataları isə bir dəfə də maraqlanmır, hansı ki hektarlarla torpaq sahələri, həyətyanı torpaqları var, hər cür meyvələr qoz, fındıq və başqa meyvələri satmaqla, xeyli gəlirlər əldə edir. Lakin, uşaqlarına heç cür maddi yardım göstərmir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirdi ki, Cavabdeh ilə birgə nikahlarından üç uşaqları doğulmuşdur. Uşaqlardan 02 iyul 2005-ci il təvəllüdlü Habil adlı uşaq yetkinlik yaşına çatmışdır. Lakin, ailə məktəbə ödənişli əsaslarla daxil olmuşdur. Digər 24 yanvar 2008-ci il təvəllüdlü X5 və 10 oktyabr 2010-cu il təvəllüdlü X3 isə saxlanılmasında çətinlik çəkir. Özü tibb bacısı işləməklə, aylıq 500 manat əmək haqqı alır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 18 yanvar 2017-ci il tarixli, 2(044)-87/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği onların saxlanılması üçün kifayət etmir. Uşaqların tələbatları, hazırlıq xərcləri günü-gündən artır. Cavabdeh gəlirləri barədə sübutu yoxdur. Buna baxmayaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında bildirdi ki, hal-hazırda işsizdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 18 yanvar 2017ci il tarixli, 2(044)-87/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğindən hər ay ödəniş edir. Səhhəti ilə əlaqədar olaraq işləyə bilmir. Belə ki, İ Qarabağ müharibəsində güllə yarası almış və müharibə veteranıdır. Özü baş-beyin zədələnməsindən əziyyət çəkir. Müalicəyə ehtiyacı var. Tək gəlir yeri xəstəliyinə görə verilən 328 manat pensiya və 80 manat veteran puludur. Başqa heç bir yerdən gəliri və qazancı yoxdur. Bir ata kimi uşaqlarının təminatının yaxşı olmasını istəyir, lakin nə maddi vəziyyəti, nə də səhhəti buna imkan vermir. Dərmanlarını belə almağa pul tapmır. Buna baxmayaraq hər uşaq üçün təyin olunan aliment məbləğinin 20 manat artırılmasına etiraz etmir. Odur ki, iddia tələbinin qismən təmin məhkəmədən xahiş etdi. İddia ərizəsinə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş yazılı sübutlar; AZ-İİ seriyalı, 049187 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 24 yanvar 2008-ci il tarixdə doğulmuşdur. Atası- Cavabdeh, anası – İddiaçıdır. AZ-İİİ seriyalı, 382989 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 10 oktyabr 2010-cu il tarixdə doğulmuşdur. Atası – Cavabdeh, anası – İddiaçıdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-87/2017 nömrəli, 18 yanvar 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi iddia həcminin azaldılması hissəsində təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 02 may 2005-ci il tarixdə 08 nömrə ilə qeydə alınmış nikahın pozulması, boşanmadan sonra 02 iyul 2005-ci il təvəllüdlü X7, 24 yanvar 2008-ci il təvəllüdlü X5 və 10 oktyabr 2010-cu il təvəllüdlü X2 anaları İddiaçı yanında saxlanılmaları və 02 iyul 2005-ci il təvəllüdlü X7, 24 yanvar 2008-ci il təvəllüdlü X5 və 10 oktyabr 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün 30 avqust 2016-cı il tarixdən başlayaraq Cavabdeh hər ay sabit pul məbləğində bir uşaq üçün 80 manat, cəmi 240 manat miqdarında aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə xx.xx.2023-cü il tarixli, MŞG/1-02574 nömrəli arayışdan görünür ki, bu arayış vətəndaş İddiaçı “aliment miqdarının artırılması” tələbi ilə bağlı müraciəti əsasında yeri və vaxtı barədə əvvəlcədən məlumatlandırılan qarşı tərəf Cavabdeh mübahisə üzrə 17 avqust 2023-cü il tarixdə saat 16:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməməsini təsdiq etmək üçün verilir. İddiaçı ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (50 manat ims xərci, 5 manat poçt xərci) manat məbləğində xərci tam ödəmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Hərbi-həkim Komissiyası tərəfindən verilmiş 27 nömrəli, 20 may 2009-cu il tarixli tibbi şəhadətnamə barədə arayışın surətindən görünür ki, Cavabdeh sol baldırın yumşaq toxumalarının dəlib keçən odlu silah yaralanmasından sonrakı vəziyyət diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi travma almışdır. Elektron Məhkəmə İnformasiya Sistemində (AZEMİS) İddiaçı gəlir məlumatları yoxlanılmış və müəyyən olunmuşdur ki, “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsində tibb bacısı, köməkçi heyət vəzifəsində işləməklə aylıq əmək haqqı 701,40 manat təşkil edir. 07 iyun 2013-cü il tarixli, 030980 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş vəsiqənin surətindən görünür ki, Cavabdeh müharibə veteranıdır və müharibə veteranları üçün Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. 24 sentyabr 2016-cı il tarixli, 383/2015 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnformatika və Statistika İdarəsi ambulator, stasionar xəstənin tibbi kartasından çıxarışın surətindən görünür ki, Cavabdeh baş-beynin zədələnməsi nəticəsində limbik epilepsiyanın şəxsiyyət sindromu diaqnozu qoyulmuşdur. Cavabdeh hazırki iddiaya etirazından görünür ki, İddiaçı onun keçmiş həyat yoldaşıdır. Onunla birgə nikahlarından xx.xx.2005-ci il tarixdə Habil, xx.xx.2008-ci il tarixdə Çinarə, xx.xx.2010-cu il tarixdə isə Rahib adlı uşaqları doğulmuşdur. Xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən iddiaçı ilə aralarında bağlanmış nikah pozulmuş, uşaqların hər üçü iddiaçının himayəsində qalmışdır. İddiaçının iddia tələbi ilə bağlı bildirir ki, qeyd etdiklərinin hamısı yalandır. Onun iddiaçı ilə münasibətləri rəsmi qaydada pozulduqdan sonra Qəbələ rayonuna doğulduğu Tüntül kəndinə gəlmişdir. Başqa gedəsi yeri belə olmamış, atası evinə gəlmişdir. İddiaçı iddia etmişdir ki, guya o, uşaqlarla maraqlanmamış, onlara heç bir maddi yardım göstərməmiş, uşaqların ehtiyacları ilə maraqlanmamışdır. O, xx.xx.2017-ci ildən hazıra kimi uşaqları saxlamaq üçün hər ay 240 manat olmaqla 7 il ərzində 20160 manat aliment ödənişi etmiş, iddiaçı isə iddia etmişdir ki, guya o, uşaqlar üçün heç bir maddi yardım etməmişdir. Rəqəmlər göstərir ki, onun kifayət qədər məbləğdə aliment ödənişi olmuşdur. Həmin məbləğ onun xəstəliyi əlaqədar aldığı pensiya və Qarabağ müharibəsinin veteranı kimi dövlət tərəfindən verilən 80 manat veteran pulundan tutulur. Bir manat da olsun aliment borcu yoxdur. Özü baş-beyin zədələnməsindən əziyyət çəkir, müntəzəm müalicəyə ehtiyacı vardır. Qarabağ müharibəsində güllə yarası almışdır. 1-ci Qarabağ müharibəsinin veteranıdır. Səhhəti ilə bağlı işləyə bilmir, valideynlərinin nəzarəti və himayəsi altında yaşayır. İddiaçı iddia etmişdir ki, onun torpaq sahəsi, meyvə bağları var, kifayət qədər gəlir əldə edir, ancaq uşaqlarına yardım etmir. Onun torpaq sahəsi və meyvə bağları yoxdur. Yoxlanıla bilər. Onun tək gəliri xəstəliyinə görə ona verilən 328 manat pensiyası və 80 manat veteran puludur. Həmin 408 manatın hər ay 240 manatı uşaqların alimentinə tutulur. 168 manatı isə onun müalicəsinə və gündəlik tələbatına xərclənir. Başqa heç bir yerdən gəlir və ya qazanc əldə etməyə ümidi yoxdur. Qeyd etdiklərinə baxmayaraq bir ata olaraq uşaqlarının maddi vəziyyətini yaxşılaşdırmaq məqsədilə hər uşaq üçün alimentinin 20 manat artırılmasına razıdır. Xəstəlikdən əziyyət çəkməsəydi və işləyə bilsəydi daha yüksək məbləğdə aliment ödəyərdi. Təəssüflər olsun ki, buna nə səhhəti, nə də maddi vəziyyəti imkan vermir. İddiaçının aliment məbləğinin 220 manat artırılması tələbini qəbul etmir, etiraz edir. İddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, hesab edir ki, uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün sabit pul məbləğində müəyyən edilən alimentin miqdarının artırılması hissəsində iddia qismən təmin edilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş sübutların bilavasitə tədqiqi zamanı aydın oldu ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-87/2017 nömrəli, 18 yanvar 2017-ci il tarixli qətnaməsi ilə, iddia tələbi iddia həcminin azaldılması hissəsində təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 02 may 2005-ci il tarixdə 08 nömrə ilə qeydə alınmış nikahın pozulması, boşanmadan sonra 02 iyul 2005-ci il təvəllüdlü X7, 24 yanvar 2008-ci il təvəllüdlü X5 və 10 oktyabr 2010-cu il təvəllüdlü X2 anaları İddiaçı yanında saxlanılmaları və 02 iyul 2005-ci il təvəllüdlü X7, 24 yanvar 2008-ci il təvəllüdlü X5 və 10 oktyabr 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün 30 avqust 2016-cı il tarixdən başlayaraq Cavabdeh hər ay sabit pul məbləğində bir uşaq üçün 80 manat, cəmi 240 manat miqdarında aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. Uşaqlardan 02 iyul 2005-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatmışdır. Digər uşaqlar böyüdüyü və onların xərclərinin artdığı üçün qət edilmiş hər ay hər uşaq üçün 80 sabit pul məbləğində aliment uşaqların saxlanması üçün yetərli olmadığından, İddiaçı “alimentin miqdarının artırılması” tələbinə dair mediasiya şurasına müraciət etmiş, cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, tərəflər arasında razılıq əldə olunmamış, o səbəbdən də iddiaçı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh isə iddia tələbini qismən qəbul etdiyini və iddia tələbinin qismən təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun: 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə görə isə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinin tələbinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 №-li Qərarının 8.14-cü bəndində məhkəmələrin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, alimentin miqdarının artırılması tələbi iddiaçının müəyyən etdiyi məbləğdə deyil, qismən təmin edilməlidir. Belə ki, iddiaçının cavabdehdən tələb etdiyi alimentdən təxminən 6 ildən çox vaxt keçməsi və uşaqlar böyüdükcə onların tələbatları və saxlanma xərclərinin nisbətən artması, hazırda uşaqların məktəbli yaşda olmaları, tərəflərin ailə və maddi vəziyyəti nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı cavabdehin gəlirləri barədə sübut təqdim edə bilməmişdir. Buna baxmayaraq məhkəmənin qənaəti ondan ibarətdir ki, hazırki iş üzrə alimentin məbləği artırılan zaman əvvəlki qətnamə üzrə təyin olunan alimentin məbləği ilə yeni müəyyən olunacaq alimentin məbləği arasında tənasüblük gözlənilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla iddiaçının tələbinin qismən əsaslı olmasına dəlalət edir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını, məhkəmə iclası zamanı müəyyən olunmuş halları, uşaqların maddi tələbat səviyyəsini, tərəflərin maddi və ailə vəziyyətini, cavabdehin gəlirləri barədə sübutların təqdim edilməməsini, iddiaçının aylıq gəlirinin 701,4 manat olmasını və habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşaqları saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu nəzərə alaraq, tərəflərin birgə ailə münasibətindən doğulmuş uşaqların təminatının mümkün qədər maksimal saxlanması üçün iddia tələbi qismən təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə tərəflərin faktiki ailə münasibətlərindən doğulmuş 24 yanvar 2008-ci il təvəllüdlü X1 və 10 oktyabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün Cavabdeh İddiaçı xeyrinə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-87/2017 nömrəli, 18 yanvar 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş, hər ay hər uşaq üçün 80 (səksən) manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilməlidir. İddia tələbi üzrə miqdarı dəyişdirilmiş (artırılmış) alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə hesab edir ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiya xərcini ödəmişdir. Mediasiya xərci iddiaçı tərəfindən ödənildiyindən, cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən, Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər qismində 50 (əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, İddiaçı olduğundan dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün ona hər ay cavabdeh tərəfindən ödənilməli olan alimentin artırılmış hissəsi 100 manat olmaqla, həmin məbləğin bir il ərzində məcmusu 1200 manat təşkil etdiyindən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən Cavabdeh 32 (otuz iki) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-87/2017 nömrəli, 18 yanvar 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılsın və 24 yanvar 2008-ci il təvəllüdlü X1 və 10 oktyabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilsin. Artırılmış hissədə alimentin tutulması, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər (mediasiya xərci) qismində 50 (əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh 32 (otuz iki) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-5984/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5984/2023
05.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver