Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-603/2022 12.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, Əskərova Dürdanə Museyib qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ödənilməmiş əsas borcun əvəzi qismində 85.000 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 15.700 manat və ödənilmiş dövlət dövlət rüsumunun əvəzi qismində 390 manat, cəmi 101.090 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ödənilməmiş əsas borcun əvəzi qismində 85.000 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 15.700 manat və ödənilmiş dövlət dövlət rüsumunun əvəzi qismində 390 manat, cəmi 101.090 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək, göstərdi ki, Cavabdeh ilə o, bir neçə il bundan əvvəl qohumu Bəhruz Dadaşovun vasitəsi ilə tanış olmuşlar. O, 2018-ci il tarixdə depozit olaraq, 30.000 manat məbləğində pul vəsaitini notariat qaydasında təsdiq olunmuş kredit müqaviləsinə əsasən Cavabdeh borc vermiş, Cavabdeh isə həmin pul vəsaitindən lombard fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə istifadə etmişdir. Cavabdeh onun verdiyi 30.000 manat məbləğində borc pul vəsaitinin dövriyyəsi hesabına əldə etdiyi gəlirin 2 faizini qarşılıqlı razılıq əsasında ona vermişdir. Sonradan Cavabdeh müxtəlif vaxtlarda ayrı-ayrılıqda 55.000 manat məbləğində pul vəsaitini də ondan borc istəmişdir. Onun borc olaraq verdiyi 30.000 manat məbləğində pul vəsaitindən Cavabdeh səmərəli istifadə etdiyinə və əldə etdiyi gəlirin 2 faiz məbləğində hissəsini ona vaxtlı-vaxtında borca əlavə şəklində verdiyinə görə o, 30.000 manat məbləğində pul vəsaitindən əlavə 55.000 manat məbləğində pul vəsaitini də Cavabdeh borc vermişdir. Lakin Cavabdeh sonradan ona olan 85.000 manat məbləğində borcunu müxtəlif bəhanələr gətirərək, qaytarmamış, 85.000 manat məbləğində borca görə həmin pul vəsaitinin hər ay ödənilməli olan əlavə 2 faiz hissəsini isə ödəməmişdir. Cavabdeh ona olan borcu xx.xx.2018-ci il tarixli kredit müqaviləsi və xx.xx.2021-ci il tarixli borcun etirafına dair müqavilə ilə də təsdiq olunur. Buna baxmayaraq, Cavabdeh ona olan borcunu ödəməkdən boyun qaçırır. Sonda İddiaçı iddianın təmin edilməsi, ödənilməmiş əsas borcun əvəzi qismində 85.000 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 15.700 manat və ödənilmiş dövlət dövlət rüsumunun əvəzi qismində 390 manat, cəmi 101.090 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf edərək, izahatında bildirdi ki, o, 2014-cü ildən İddiaçı 2014-cü il tarixdən tanımışdır. Belə ki, o, Bəhruz Dadaşov və Elvin İbrahimov birlikdə lombard fəaliyyəti ilə məşğul olmaq üçün İddiaçı depozit olaraq, 170.000 manat məbləğində pul vəsaitini borc almış və həmin pul vəsaitinin dövriyyəsi hesabına İddiaçı aldıqları borca görə hər ay həmin pul vəsaitinin 2 faiz hissəsini borca əlavə olaraq, İddiaçı vermişlər. 2017-ci ildə isə o, Bəhruz və Elvindən ayrılaraq, ünvan 1 ünvanının birinci mərtəbəsində yerləşən özünə məxsus qeyri-yaşayış sahəsində müstəqil qaydada lombard fəaliyyəti ilə məşğul olmağa başlamışdır. O, Q.X.X1 və Elvin İbrahimovla birlikdə borc aldıqları 170.000 manat məbləğində pul vəsaitinin ona aid olan 57.000 manat məbləğində hissəsini İddiaçı özü ödəyəcəyini bildirmişdir. Sonradan o, bir il müddətində işləyib İddiaçı olan 57.000 manat məbləğində borcunu ödəmişdir. Buna görə də İddiaçı onunla notariat qaydasında təsdiq olunmuş xx.xx.2018-ci il tarixli kredit müqaviləsi bağlayaraq, 30.000 manat məbləğində pul vəsaitini borc vermişdir. O, yenə də İddiaçı aldığı 30.000 manat məbləğində borc pul vəsaitinin dövriyyəsi hesabına əldə etdiyi qazancdan həmin pul vəsaitinin 2 faizi hissəsində əsas borc məbləğindən əlavə İddiaçı ödəniş etmişdir. Müxtəlif vaxtlarda isə o, İddiaçı müqavilə bağlamadan 30.000 manat məbləğində borc pul vəsaitindən əlavə hissə-hissə 55.000 mənləğində pul vəsaitini də borc almış, ümumilikdə onun iddiaçıya 85.000 manat məbləğində borcu yaranmışdır. O, həmin borca görə ümumi məbləğin 2 faiz hissəsində, yəni əsas borc məbləğindən başqa 1.700 manat məbləğində pul vəsaitini hər ay İddiaçı ödəmişdir. Beləliklə də o, əsas borc məbləğindən əlavə iddiaçıya ümumilikdə 200.000 manatdan artıq məbləğdə ödəniş etmişdir. Lakin o, iddiaçıya olan 85.000 manat məbləğində əsas borcunu isə qaytara bilməmişdir. Buna görə də o, iddia tələbini əsas borc məbləği olan 85.000 manat məbləğində pul tələbinə dair hissədə etiraf etsə də, qalan hissədə iddia tələbini qəbul etmir. Sonda Cavabdeh iddianı qismən etiraf edərək, 85.000 manat məbləğində pul vəsaitinin ondan alınıb iddiaçıya ödənilməsinə razı olduğunu və iddianının qismən etiraf edilməsinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirərək, iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixdə notariat qaydasında təsdiq olunmaqla, İddiaçı və Cavabdeh arasında bağlanmış kredit müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə qaytarmaq şərti ilə 30.000 manat məbləğində pul vəsaitini İddiaçı borc almışdır. İşdə olan xx.xx.2021-ci il tarixdə İddiaçı və Cavabdeh arasında bağlanmış müqavilədən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə aylıq 2 faiz əlavə ödəmək şərti ilə 85.000 manat məbləğində pul vəsaitini İddiaçı borc aldığını etiraf etmiş və həmin borcunu 12 ay müddətində qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi haqqında 12 may 2022-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsində izahat verərkən, İddiaçı 85.000 manat məbləğində borcunun olduğunu etiraf etmişdir. İşdə olan Cavabdeh tərəfindən məhkəməyə verilmiş xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh İddiaçı ona qarşı iddia tələbini qismən, yəni ödənilməmiş əsas borcun əvəzi qismində 85.000 manat məbləğində pul vəsaitinin ondan iddiaçının xeyrinə tutulması tələbinə dair hissədə etiraf etmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında müxtəlif vaxtlarda borc münasibətləri yaranmış və davam etmiş, xx.xx.2018-ci il tarixdə notariat qaydasında təsdiq olunmaqla, İddiaçı və Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh xx.xx.2021-ci il tarixdə qaytarmaq şərti ilə 30.000 manat məbləğində pul vəsaitini İddiaçı borc almışdır. Bundan sonra da, Cavabdeh İddiaçı ayrı-ayrı vaxtlarda və məbləğlərdə əlavə 55.000 manat məbləğində pul vəsaitini də borc almış və Cavabdeh İddiaçı ümumi borcu 85.000 manat təşkil etmişdir. Tərəflər arasında olan razılaşmaya uyğun olaraq, Cavabdeh həmin 85.000 manat məbləğində pul vəsaitindən əlavə olaraq, hər ay həmin məbləğin 2 faizi hissəsində İddiaçı ödənişlər etməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixdə isə tərəflər öz aralarında olan ümumi borc üzrə borcun etirafına dair müqavilə bağlamışlar. Hazırda da Cavabdeh İddiaçı ödənilməmiş əsas borc qismində 85.000 manat məbləğində borcu qalmışdır. Qeyd olunan xüsusatlar tərəflərin qəbul etdiyi mülki işin mübahisəsiz hallarıdır. Lakin Cavabdeh İddiaçı hesablanmış və ödənilməmiş faiz borcu qismində 15.700 manat məbləğində borcunun olmasını məhkəmə tədqiqi zamanı qəbul etməmiş, iddiaçıya əsas borca əlavə qismində hesablanmış ödənilməli olan faiz borcunu artıq ödəməsini öz etirazının əsası kimi göstərmiş və bununla yanaşı həmin halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Mülki işin məhkəmə tədqiqi zamanı Cavabdeh İddiaçıla aralarında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin etibarlılığını və habelə onun ayrı-ayrı şərtlərinin qanuniliyini mübahisələndirməmiş, həmçinin iddia tələbini əsas borca dair hissədə etiraf etmişdir. Cavabdeh iddia tələbini yalnız faiz borcuna dair hissədə qəbul etməməsinə və öz etirazının əsası kimi faiz borcunu artıq ödəməsini bildirməsinə baxmayaraq, həmin borcun ödənilməsini təsdiq edən sübutları (ödəniş qəbzlərini, şahid ifadələrini və s.) məhkəməyə təqdim etməməklə yanaşı, yalnız qeyd olunan məzmunda etirazlarını ifadə etməklə kifayətlənmişdir. Halbuki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədə Cavabdeh İddiaçı 85.000 manat məbləğində borcunun olduğu və həmin borca görə göstərilən məbləğin hər ay 2 faiz hissəsində Q.X.Həsənova əlavə ödənişlər etməli olduğu qeyd edilmişdir. xx.xx.2021-ci il tarixdən cari ilin sentyabr ayınadək ötən müddət isə 15 aydır və belə olan halda xx.xx.2021-ci il tarixdə tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh İddiaçı faiz borcu 25.500 manat (85.000 x 0.02 faiz x 15 ay), 2021-ci ilin oktyabr ayından hesablandıqda isə 18.700 manat (85.000 x 0.02 x 11 ay) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, R.B.İsmayılovun izahatında iddianı faiz borcuna dair hissədə qəbul etməməsinin əsası kimi göstərdiyi faiz borcunun ödənilməsi barədə xüsusatlar buna dair sübutlar məhkəməyə təqdim olunmadığına görə inandırıcı deyildir və sübutların məcmusu ilə təkzib olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinin tələbinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 529.3-cü maddəsinin tələbinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranı tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda qalması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiq təsdiqləyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Buna görə də məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, xx.xx.2021-ci il tarixli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 85.000 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 15.700 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 390 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh 24 may 2021-ci il tarixli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 85.000 (səksən beş min) manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 15.700 (on beş min yeddi yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 390 (üç yüz doxsan) manat, cəmi 101.090 (bir yüz min bir min doxsan) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-603/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-603/2022
12.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver