Məhkəmə qərarları › İş №2(125)-6057/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6057/2023

09.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6057/2023 09.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılması tələbi» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı X2 qarşı Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-1587/2021 nömrəli qətnaməsi ilə uşağın saxlanması üçün tutulması müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi və xx.xx.2013-cü ildə anadan olmuş X4 və xx.xx.2017-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 220 manat, cəmi 440 manat sabit pul məbləğində pul vəsaitinin və ödənilmiş mediasiya xərcinin yarısı olan 25 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək bildirdi ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)- 1415/2019 nömrəli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında olan nikah pozulmuş, tərəflərin birgə nikahlarından xx.xx.2013-cü il tarixdə anadan olmuş X4 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X3 İddiaçı yanında qalması müəyyən edilmiş və həmin uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 130 manat, cəmi 260 manat sabit pul məbləğində alimentin və xx.xx.2017-ci il tarixdə anadan olmuş X3 3 yaşına çatana kimi saxlanması üçün hər ay 40 manat sabit pul məbləğində alimentin İddiaçı xeyirinə tutulması qət edilmişdir. Bundan başqa, İddiaçı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə 2021-ci ilin aprel ayında məhkəməyə müraciət etmiş və Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-1587/2021 nömrəli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, tərəflərin birgə nikahlarından doğulmuş uşaqların yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. Lakin hazırda həmin məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği uşaqların saxlanmasına kifayət etmir. Belə ki, uşaqların yaşı artdıqca onların tələbatları da artır. Tərəflərin birgə nikahlarından doğulmuş X3 müalicəyə ehtiyacı vardır, mütəmadi olaraq, həm psixoloq, həm də loqoped qəbulunda olmalıdır. Qeyd olunanlar isə böyük maddi vəsait tələb edir. Cavabdeh isə aliment ödənişlərindən başqa, L.T.Əliyevaya hər hansı maddi köməklik göstərmir. Halbuki, Cavabdeh maddi vəziyyəti kifayət qədər yaxşıdır və adına rəsmiləşdirmə işləri aparılmasa da, Gəncə şəhəri, Kəpəz Rayon İcra Hakimiyyətinin qarşısında «İlkin» adlı marketi, həmçinin bir neçə mənzili və «Range Rover» markalı avtomobili vardır. Cavabdeh maddi vəziyyəti kifayət qədər yaxşı olmasa idi ailə planlaşdırması aparmaqla 2-ci dəfə nikaha girməz və həmin nikahdan uşağın olmasına rəvac verməz, ilk nikahdan doğulmuş uşaqların maddi təminatlarının ödənilməsi barədə düşünərdi. Sonda Nümayəndə iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi İ.F.Əliyev iddianı qəbul etməyərək izahatında göstərdi ki, Cavabdeh onun oğludur və İddiaçı ilə Cavabdeh arasında olan nikah uzun müddət bundan əvvəl başa çatmışdır. Hazırda Cavabdeh maddi vəziyyəti yaxşı deyildir və Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)- 1587/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş məbləğdən artıq məbləğdə aliment ödəməsi mümkünsüzdür. Belə ki, Cavabdeh 2-ci dəfə nikaha girmiş və həmin nikahdan 18 fevral 2022-ci il tarixdə Murad adlı uşaq anadan olmuşdur. Həmin uşağın səhhəti yaxşı deyildir və mütəmadi həkim müayinəsinə ehtiyacı vardır. Qeyd olunanlarla əlaqədar Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-1587/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin yarısını onun, digər yarısı isə ailə büdcəsi hesabına ödənilir. Digər tərəfdən Cavabdeh ona məxsus mağada satıcı işləyir və hər ay 345 manat əmək haqqı alır. Cavabdeh mülkiyyətində daşınar və daşınmaz əmlak yoxdur. Sonda İ.F.Əliyev iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli 2(044)-1415/2019 nömrəli qətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah pozulmuş, tərəflərin birgə nikahlarından xx.xx.2013-cü il tarixdə anadan olmuş X4 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X3 İddiaçı yanında qalması müəyyən edilmiş və həmin uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 130 manat, cəmi 260 manat sabit pul məbləğində alimentin və xx.xx.2017-ci il tarixdə anadan olmuş X3 3 yaşına çatana kimi saxlanması üçün hər ay 40 manat sabit pul məbləğində alimentin İddiaçı xeyirinə tutulması qət edilmişdir. İşdə olan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)- 1587/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 150 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Bundan başqa, həmin Məcəllənin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə görə alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli sərəncamının 1-ci bəndinə görə minimum aylıq əmək haqqının məbləği 01 yanvar 2022-ci il tarixdən 345 manat müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2023-cü ildə yaşayış minimumu haqqında» 9 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə 2023-cü ildə ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2021-ci ildə yaşayış minimumu haqqında» 29 dekabr 2020-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə 2021-ci ildə ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.3-cü bəndinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Məhkəmə tərəflərin maddi vəziyyətini, tərəflərin birgə nikahlarından doğulmuş uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətini, həmin uşaqların mənafeyini və aliment qət edildikdən sonra ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun artmasını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin olunmalı, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)- 1587/2021 nömrəli ilə tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilərək, cavabdehdən iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün hər ay hər uşağa görə 175 manat, cəmi 350 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə cavabdehin məhkəmə iclasında iddia tələbinə etirazının əsası kimi alimentin ödənilməsinə maddi imkanının olmamasına dair göstərdiyi xüsusatlara hüquqi qiymət verərək, hesab edir ki, həmin hal iddianın rədd edilməsi üçün əsas deyildir. Belə ki, cavabdehin etirazının əsası kimi göstərdiyi qeyd olunan xüsusat onun İddiaçı ilə birgə nikahdan doğulmuş uşaqların maddi təminatının ödənilməsində tam və ya qismən iştirakdan məhrum edilməsinə əsas hesab oluna bilməz. Məhkəmə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(044)-1587/2021 nömrəli qətnaməsindən keçən dövr ərzində ölkə üzrə yaşayış minimumundakı artım məbləğini əsas gətirərək hesab edir ki, yaşayış minimumunun artması iddiaçının maddi vəziyyətindəki dəyişiklik kimi qiymətləndirilməlidir. Belə ki, qətnamə ilə müəyyən edilmiş aliment məbləği dəyişmədiyi halda malların və xidmətlərin qiymətinin qalxması həmin aliment məbləği ilə uşağın maddi təminatının əvvəlki səviyyəsinin saxlanmasının mümkün olmadığını göstərir. Digər tərəfdən mülki işin məhkəmə iclasında müəyyən olunmuş hallarından görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(044)-1587/2021 nömrəli qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş bir uşağın saxlanılması üçün Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmiş alimentin məbləği 2021-ci ildə ölkə üzrə uşaqlar üçün yaşayış minimumu olan 175 manat məbləğində pul vəsaitinin 85,71 faizi həddində, yəni 150 manat olmuş, 2023-cü ildə ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu hazırki tarixədək ötən müddət ərzində 45 manat məbləğində artaraq, 2023-cü ildə 220 manat müəyyən edilmişdir və 220 manat məbləğində pul vəsaitinin 85,71 faiz hissəsi 188 manat təşkil edir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, ödənilmiş mediasiya xərcinin bir hissəsinin əvəzi qismində 25 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(044)- 1587/2021 nömrəli qətnaməsi ilə uşaqların saxlanması üçün tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh 15 avqust 2013-cü il tarixdə anadan olmuş X4 və 08 avqust 2017-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, ödənilmiş mediasiya xərcinin bir hissəsinin əvəzi qismində 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar