Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6103/2023 11.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, İddiaçı, etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə Məmmədəli oğlunun və Cavabdeh etibarnamə üzrə nümayəndəsi və (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5155 manat pulun və və ödənilmiş 80 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X3 iddianı müdafiə edib izahatında göstərdi ki, 2022-ci ilin noyabr ayında öyrənmişdir ki, gəc zavoduna gedən yolda 4 sot həyətyanı torpaq sahəsi satılır. Telefon nömrəsinə zəng etmiş, Cavabdehla görüşmüşdür. Həmin vaxt Marifin yanında Vasif adlı şəxs olmuş, Vasif özünü torpaq sahəsinin sahibi Həqiqətin həyat yoldaşı kimi təqdim etmişdir. Sonradan öyrənmişdir ki, Həqiqət Marifin tanışı, sinif yoldaşıdır. Torpaq sahəsinin qiyməti 11000 manata danışılmışdır. Özü, atası, Marif və Marifin atası 05-in kruqunda 4 nəfərin iştirakı ilə manat və dollarla Marifə 9000 manat pul vermiş, həmçinin sənədləşmə üçün də 252 manat pul vermişdir. Qalan 2000 manat pulu çıxarış alandan sonra ödəyəcəyini demişdir. Torpağın pulunu Marifə vermişdir. Pulu verəndə bu barədə akt tərtib olunmuşdur. Sonra torpağın sənədlərini aparıb çıxarış almaq istəyəndə Nizami Rayon Bələdiyyəsində həmin torpaq sahəsinin yola aid olduğu müəyyən olunmuşdur. Verdiyi pulu dəfələrlə Marifdən tələb etsə də, Marif onun pulunu qaytarmamışdır. Torpağı Marifdən alarkən akt tərtib olunmuş, sonra isə Həqiqət adlı şəxs notariusda onun adına etibarnamə vermişdir. Həmin etibarnaməni Həqiqət ona verəndən sonra Marif aktın əslini sənədlərin içərisindən çıxarıb cıraraq «səninlə qurtardıq demişdir.» Atası Marifin atasına demişdir ki, “pulu ödəmək üçün söz vermişdiniz”, atası isə cavab olaraq “ o oğlum, o da siz, gedin alın pulunuzu demişdir.” Marif ona demişdir ki, “məhkəməyə vermə qırıq-qırıq ödəyəcəm. Torpağı satan Marif olmuşdur. Onlar torpağı Həqiqətin özündən almaq istəmişlər ki, sonradan qız onun adından torpağın satıldığını deyib, alqı-satqını mübahisələndirməsin. Marifin atası pul verilən zaman orada olmuşdur. Pulu Marif alıb, Həqiqətə verməmişdir ki, lombard borcunu bağlasın. Sonradan pulunu Marifdən tələb etdikdə Marif ona satdığı torpağı başqasına sataraq onun pulunu qaytaracağına söz versə də həmin torpağı başqa şəxsə sataraq pulunun 4250 manatını versə də, yerdə qalan pulunu qaytarmamışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Məmmədəli oğlu iddiaçı ilə eyni məzmunda çıxış edib, əlavə olaraq göstərdi ki, aktda göstərilən imzalar eynidir. Marif özü akta imza edərək pulu qəbul edib, sonradan aktın kserosurət olduğunu mübahisələndirərək, Marifin Rusiyada olduğunu deyirlər. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X6 iddianı qəbul etməyərək izahatında göstərdi ki, hüquqlarını müdafiə etdiyi şəxsin bu işlə heç bir əlaqəsi yoxdur. Cavabdeh heç bir pul vəsaiti qəbul etməmişdir. Aktdan və onun cırılmasından xəbəri yoxdur. İddiaçı bunu iddia edirsə, sübut təqdim etməlidir, “yaxud da niyə bununla bağlı polisə müraciət etməmişdir?” Akt isə kserosurət olmaqla, sənədin əsli deyildir. İddiaçı Marifə inamı olmadığı üçün torpağı Həqiqətdən aldığını deyir, bu isə onu ehtiva edir ki, torpağı Həqiqət satmışdır. İddia əsassız olduğundan rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X5 ifadəsində göstərdi ki, akt tərtib edilən zaman o, da iştirak etmişdir. Marif, oğlu Rövşən, Marifin atası və başqa bir qadın olmuşdur yanlarında. Qadının adını bilmir. Torpaqla bağlı akta qol çəkmişdir, oxuya bilməmişdir. Torpaq qadının adına olmuşdur, ancaq Marif satmışdır. Qadın qol çəkib getmişdir. Torpağın onun olduğunu dediyinə görə 11000 manat pulu Marifə vermişdirlər. Aktdakı imza öz imzasıdır, aktın doğruluğunu təsdiq edir. Marif pulu qaytaracağını desə də, hamsını qaytarmamışdır. Pul Marifin atasının yanında Marifə verilmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Cavabdeh, X1, İddiaçı və X2 iştirakları ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, Cavabdeh X1 nümayəndəsi kimi Gəncə şəhəri, Ş.İ.Xətai prospektindən gəc zavoduna gedən yolun sol tərəfində yerləşən 400 kv/m torpaq sahəsini boş olaraq İddiaçı 11000 manata satmış, göstərilən məbləğ alıcı tərəfindən Cavabdeh tam ödənilmişdir. Göründüyü kimi tərəflər arasında torpaq sahəsinin alqı-satqısı ilə bağlı razılaşma olmuş, cavabdeh iddiaçıdan 400 kvm torpaq sahəsinə görə ilkin olaraq 9000 manat məbləğində pul almışdır. Lakin tərəflər arasında olan razılaşma üzrə alqı-satqı müqaviləsi baş tutmadığından iddiaçı cavabdehə verdiyi pulu geri tələb etmiş, cavabdeh isə aldığı pulun 4250 manatını qaytararaq qalan 4750 manat pulu qaytarmadığı üçün iddiaçı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının izahatını, şahid ifadəsini dinləyib iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sübuta hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, cavabdeh tərəf tərəflər arasında tərtib olunmuş aktın kserosurət olmasını və bunun heç bir mötəbər sübuta söykənmədiyini iddia etsə də, aktın tətibində iştirak etmiş və məhkəmə iclasında dindirilmiş şahid də həqiqətən aktın onlar tərəfindən tərtib olunduğunu təsdiq etmişdir. Digər tərəfdən pulun bir qisminin məhz cavabdeh tərəfindən qaytarılması onu da dəlalət edir ki, iddiaçıdan pulu cavabdeh almışdır. Bunla yanaşı məhkəmə hesab edir ki, tərəflər arasında 2021-ci il tarixdə torpağın alqı-satqısına dair bağlanmış müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni notarial formada bağlanmadığından onlar arasında bağlanmış razılaşma etibarsızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Bununla belə tərəflər arasında torpağın alqı-satqısına dair bağlanmış şifahi müqavilə üzrə iddiaçı tərəfindən 9000 manat pulun cavabdehə verilməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapır. Bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmış hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. MM-in 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla iddiaçı tərəfindən torpaq sahəsinin alınmasına görə cavabdehə 9000 manat pul verilməsi faktı öz təsdiqini tapmışdır. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, iddiaçı cavabdehdən əsassız varlanmış şəxs kimi ona verdiyi pul məbləğini tələb etməkdə haqlıdır. İddia tələbinin 250 manat sənədləşmə üçün və 55 manat borcun qaytarılmasına gəldikdə isə iddiaçı bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etmədiyi üçün məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 217.3cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunaraq 4750 manat pul cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 67,50 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 4750 (dörd min yeddi yüz əlli) manat pul və 67,50 (altmış yeddi manat 50 qəpik) manat dövlət rüsumu alınıb İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə”informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə Gəncə Şəhər Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-6103/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6103/2023
11.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver