Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-612/2023 10.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı xx.xx.2021-ci il tarixli 10811 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2.294 manat, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 1.192 manat 88 qəpik, dəbbə qismində 915 manat 30 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ona müraciət edərək, 53,75 qram qızıl-zinət əşyalarını «YK Kredo» lombardına girov qoymaqla xx.xx.2021-ci il tarixli 10811 saylı kredit müqaviləsinin prinsiplərini və şərtlərini qəbul edərək, 5.400 manat məbləğində vəsaiti kredit götürmüşdür. Beləliklə, onunla («YK Kredo» lombard) Cavabdeh arasında bağlanmış kredit müqaviləsi aşağıdakı kimidir: 53,75 qram qızıl-zinət əşyalarını «YK Kredo» lombardına girov qoymaqla xx.xx.2021-ci il tarixli, 10811 saylı kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh 24 ay müddətinə kreditdən istifadəyə görə illik 48 faiz ödənilməsi şərti ilə 5.400 manat məbləğində kredit verilmişdir. Cavabdeh 10811 saylı kredit müqaviləsinin qrafik cədvəlinin şərtlərinə görə hər ayın 16-da 354 manat 17 qəpik olmaqla ödəniş etməlidir. 10811 saylı kredit müqaviləsinə əsasən girov qoyulmuş qızıl-zinət əşyalarının müştərinin öz razılığı əsasında satılaraq əldə edilmiş vəsaitdən 2.960 manat olmaqla əsas borca və nəqd olaraq 782 manat faiz borcuna ödənişlər edilmişdir. Lakin bu günə kimi cavabdeh yuxarıda göstərilən ödənişlərdən başqa qalıq ödənişləri etməmişdir və etmək fikri də yoxdur. Odur ki, o, cavabdehin ona olan borcunu məhkəmədən kənar qaydada heç cür ala bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda İddiaçı xx.xx.2021-ci il tarixli 10811 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2.294 manat, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 1.192 manat 88 qəpik, dəbbə qismində 915 manat 30 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, bildirdi ki, cavabdehlə tanışlıq əlaqələri olduğundan girov məbləğində yüksək pul vermiş, girova qoyulmuş qızıl-zinət əşyaları kreditin ümumi məbləğindən az olduğundan, yəni cavabdehin borcunu qarşılamadığından hazırda həmin borcu tələb edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş fiziki şəxs İddiaçı (lombard) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 10811 nömrəli kredit müqaviləsindən görünür ki, İsmayılov X1 Güllər Alim qızı 24 ay müddətinə illik 48 faiz dərəcəsi ilə 5.400 manat məbləğində anutet qrafik əsasında kredit vermişdir. Müqavilənin 2.4-cü bəndinə əsasən borcalan kreditə hesablanmış faizləri və ya krediti vaxtında lombarda ödəmədiyi halda əvvəlcədən xəbərdarlıq etməklə 10 günədək vaxt verir, əlavə olaraq gecikdirilmiş məbləğə 8 faiz cərimə hesablanır. Əlavə verilmiş vaxt (30 gün) müddətində kredit qaytarılmazsa girov lombardın mülkiyyətinə keçir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, 5.400 manat məbləğində kreditin 24 ay müddətində - xx.xx.2021-ci il tarixdən xx.xx.2023cü il tarixədək aylıq 354 manat 17 qəpik məbləğində ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan lombarda girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil aktından görünür ki, 1 ədəd çəkisi 53,75 qram olan 583 əyyarlı boyunbağının likvid dəyəri 1.612 manat 50 qəpik dəyərində qiymətləndirilmişdir. İş materiallarına əlavə olunmuş lombarda girov qoyulmuş qiymətlilərin və dəyərlilərin yenidən qiymətləndirilərək satılması haqqında xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh öz istəyi və iştirakı ilə Cavabdeh borcunun təminatı kimi xx.xx.2021ci il tarixli 10811 saylı kredit (borc) və girov müqaviləsi üzrə xx.xx.2021-ci il tarixli qızıl-zinət əşyalarını xx.xx.2021-ci il tarixdə qiymətləndirici X2 yenidən qiymətləndirdi və satın aldı. Satışdan əldə olunan vəsait 2.960 manat (xx.xx.2021-ci il tarixə borc 5.254 manat kredit borcunun bir qisminin ödənilməsinə yönəldildi və yerdə qalan qalıq borc Cavabdeh diqqətinə çatdırıldı. Cavabdeh yerdə qalan qalıq 2.294 manat faizsiz (3.431 manat faizlə birlikdə) borcunun yenidən 21 aylıq qrafiklə ödəyəcəyini öhdəliyinə götürdü. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh kredit borcunun ödənilməsi barədə xəbərdar olunmuşdur. «Elektron məhkəmə» informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı (VÖEN **********) fəaliyyət istiqaməti lombard fəaliyyətidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, lombard fəaliyyəti ilə məşğul olan fərdi sahibkar İddiaçı ilə cavabdeh arasında lombard girovu müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh özünə məxsus olan qızıl-zinət əşyalarını lombardda girova qoymaqla iddiaçıdan 5.400 manat kredit almışdır. Cavabdeh kredit borcunun qaytarılması üzrə öz öhdəliyini icra etmədiyindən girov əşyalara tutma yönəldilmiş və əşyaların satılmasından əldə edilmiş vəsait hesabına kredit borcunun bir qismi ödənilmiş, 2.294 manat əsas borc, 1.192 manat 88 qəpik faiz borcu isə qalıq qalmışdır. İddiaçı hazırda həmin borcu tələb edir. Buna baxmayaraq qanunvericilikdə lombard girovu ilə təmin edilmiş öhdəliklərlə bağlı xüsusi qaydalar müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 302.1-ci maddəsinə əsasən şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər; 302.3-cü maddəsinə əsasən saxlanca qoyulan əşyalar lombarda verilir; 302.4-cü maddəsinə əsasən lombard girov götürdüyü əşyanı onun girova qəbul olunduğu anda eyni növlü və keyfiyyətli əşyanın bazar qiymətinə uyğun müəyyənləşdirilən qiymətinin tam məbləğində girov qoyanın xeyrinə sığorta etdirməlidir; 302.7-ci maddəsinə əsasən əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir. Göründüyü kimi lombard girovu ilə təmin edilmiş öhdəlikdə kreditorun tələb hüququ girov qoyulmuş əşyaların satılmasından əldə edilmiş vəsaitlə məhdudlaşır və bu vəsait borcun ödənilməsinə kifayət etmədikdə belə kreditorun tələbləri ləğv olunur. Buna görə də iddia əsasız olduğu üçün təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-612/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-612/2023
10.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver