Məhkəmə qərarları › İş №2(125)-6123/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6123/2024

27.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6123/2024 27.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılması» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı birgə nikahdan xx.xx.2009-cu il tarixdə anadan olmuş X1 üçün Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-2663/2022 nömrəli qətnaməsi ilə tutulan alimentin miqdarının dəyişdirilməsi, hər ay Cavabdeh 800 manat sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, o və Cavabdeh aralarında olan nikahı 2005-ci ildə qeydə aldırmış, onların birgə nikahlarından xx.xx.2006cı il tarixdə X4 və xx.xx.2009-cu il tarixdə X5 adlı iki uşaq anadan olmuşdur. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-2663/2022 nömrəli qətnaməsi ilə xx.xx.2006cı il tarixdə anadan olmuş X2 və xx.xx.2009-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 400 manat, cəmi 800 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulub ona ödənilməsi qət edilmişdir. Bundan başqa aralarında olan nikah 2024-cü il tarixdə pozulmuşdur. Hazırda 2006-cı il təvəllüdlü Ləman yetkinlik yaşına çatdığından onun saxlanması üçün aliment ödənilmir. Ona yalnız 400 manat sabit pul məbləğində aliment ödənilir. Həmin məbləğ isə uşaqların maddi xərclərinin ödənilməsinə kifayət etmir. Belə ki, Ləman universitet tələbəsidir, Əhməd isə orta məktəbdə təhsil alır, repititor hazırlıqlarına, dərnəklərə gedir və özünü inkişaf üçün digər proqramlara qoşulur. Cavabdeh isə məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentdən əlavə ona heç bir maddi yardım göstərməmişdir. Halbuki cavabdehin maddi imkanı və aldığı pensiya təminatı olduqca yaxşıdır. Məcbur olub məhkəməyə alimentin miqdarının dəyişdirilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bundan başqa xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsində Cavabdeh iddianı qəbul etdiyini bildirmiş və iddianın təmin olunmasına dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işdə olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)- 2663/2022 nömrəli qətnaməsindən görünür ki, xx.xx.2006-cı il tarixdə anadan olmuş X2 və xx.xx.2009-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 400 manat, cəmi 800 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulub İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 838011 nömrəli və AZ-İİ seriyalı, 288753 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2006-cı il tarixdə anadan olmuş X2 və xx.xx.2009-cu il tarixdə anadan olmuş X3 atası Cavabdeh, anası isə İddiaçıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Həmin Məcəllənin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2022-ci ildə yaşayış minimumu haqqında» 03 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə 2022-ci ildə ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 193 məbləğində müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2024-cü ildə yaşayış minimumu haqqında» 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Bununla əlaqədar məhkəmə tərəflərin maddi vəziyyətini və aliment qət edildikdən sonra ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun artmasını, cavabdehin hər ay 800 manat sabit pul məbləğində aliment ödəməyə razılığını nəzərə alaraq, hesab edir ki, iddia təmin olunmalı, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-2663/2022 nömrəli qətnaməsi ilə tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilərək, cavabdehdən iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay 800 manat sabit pul məbləğində aliment tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-2663/2022 nömrəli qətnaməsi ilə uşağın saxlanması üçün tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2009-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 800 (səkkiz yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar