Məhkəmə qərarları › İş №2(125)-614/2025

Gəncə Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(125)-614/2025

06.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-614/2025 06.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 4830 manat pulun və 81 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, cavabdehlər Cavabdeh1 və onun anası Cavabdeh2 ilə yaxın münasibətlərimiz olmuş, belə ki Cavabdeh1 ilə birgə “Sabina Perfumery & Cosmetics” mağazasında bir yerdə işləmişlər, həm iş yoldaşı, həm rəfiqəsi olmuşdur. Anası Cavabdeh2 ilə isə münasibətləri rəfiqəsi Cavabdeh1 vasitəsi ilə onun ad gününü onların evində qeyd edərkən yaranmışdır. Cavabdeh1 və onun anası Cavabdeh2 onlara pul lazım olduğunu bildirərək, ondan 6000 manat pul məbləğində pul istəmişlər. O, xx.xx.2021-ci il tarixdə rəfiqəsi Cavabdeh1 və onun anası Cavabdeh2 onda olan 3000 manat Azərbaycan Beynəlxalq Bankının “Tam Kart”-ı və əlavə olaraq Azərbaycan Beynəlxalq Bankından xx.xx.2022-ci il tarixdə kredit olaraq götürdüyü 3000 manat məbləğində pulu vermişdir. Onlar həmin ona məxsus “Tam Kart”-dan çəkdikləri 3000 manat məbləğində pulu qaytaracaqlarına, həmçinin Azərbaycan Beynəlxalq Bankından xx.xx.2022-ci il tarixdə kredit olaraq götürdüyü 3000 manat məbləğində pulu 10 iyun 2024cü ilədək ödəyəcəklərini bildirsələr də, bu günədək verdıkəri sözə əməl etməmişlər. Bu barədə Cavabdeh1 tərəfindən öz imzası ilə təsdiq etdiyi əl yazısı, həmçinin onun anası Cavabdeh2 ilə “whatsap” yazışmaları da vardır. Dəfələrlə, o, cavabdehlərə onlara verdiyi 6000 manat məbləğində pulu tələb etməyinə, tələbi üzrə qaytaracaqlarını söz versələr də, bu günədək hissə-hissə cəmi 1440 manat məbləğində pul qaytarmışlar. Həmin puldan isə, o, bankdan götürdüyü kreditə faizləri ilə birgə ödəmişdir. Bu gün cavabdehlər öz üzərlərinə götürdükləri öhdəliklərini icra etmədiklərindən, yəni ondan aldıqları pulu ona geri qaytarmadıqlarından onun banka faizlər ilə birlikdə 4830 manat məbləğində borcu yaranmışdır və həmin borcu da, o, ödəməli olur. Bu səbəbdən də, o, məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı məhkəməyə yazılı ərizə təqdim edərək, iddianın təmin olunması və qiyabi qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçı tərəfi dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan Cavabdeh1 tərəfindən verilmiş qəbzdən görünür ki, o, İddiaçı götürüb ona verdiyi xx.xx.2021-ci il tarixdə “Tam Kart” verib olan 3000 manat tam kart, xx.xx.2022-ci il tarixdə 3000 manat “ABB”-yə ödədiyi ödənişləri çıxmaq şərtiylə bütün məsuliyyəti öz üzərinə götürmüşdür, xx.xx.2024-cü il tarixə kimi ödəyəcəyini öz imzasıyla tsədiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (maddə 739). Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (740). Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir (882.1). Hazırkı iş üzrə iddiaçı qaytarılması şərtiylə cavabdeh tərəfin mülkiyyətinə verdiyi pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının tələbi borcun etirafı barədə qəbzlə təsdiq olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq lazımi qaydada məlumatlandırılmış cavabdehlər isə tələbi təkzib edən hər hansı dəlil təqdim etməmişdirlər. Belə olan halda, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1 və 106.2-ci maddələrinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Bundan başqa, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4830 (dörd min səkkiz yüz otuz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 81 (səksən bir) manat pul müştərək qaydada alınaraq İddiaçı verilsin. Cavabdehlər qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Gəncə Şəhər Məhkəməsinə ərizə verə bilərlər. Qiyabi qətnamədən qiyabi qətnamənin ləğvi üçün ərizənin verilməsi və həmin ərizəyə baxılması müddəti bitdikdən sonra qətnamənin rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar