Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6153/2023 25.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əİirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, tərəflərin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehdən sabit pul məbləğində tutulan alimentin miqdarının artırılaraq hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməsi və ödənilmiş mediasiya xərcinin əvəzi qismində 60 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki hallarına görə tərəflər rəsmi nikahda olmuş, nikahdan bir uşaq – xx.xx.2007-ci il təvəllüdlü X2 doğulmuşdur. Uşaq hazırda iddiaçı ilə birgə yaşayır. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2033/2010 nömrəli, 30 dekabr 2010-cu il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, uşaq anasının yanında saxlanılmışdır. Həmin qətnamə ilə birgə nikahdan doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2010-cu il tarixdən başlayaraq, Cavabdeh hər ay 50 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 13 mart 2013-cü il tarixli qətnaməsi ilə İddiaçı iddiasının qismən təmin edilməsi, tərəflərin birgə nikahından olan 22 fevral 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay sabit pul şəklində 93 manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-722/2013 nömrəli, 29 may 2013-cü il tarixli qətnaməsi ilə, Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 13 mart 2013-cü il tarixli qətnaməsi dəyişdirilərək, 13 fevral 2013-cü il tarixdən başlayaraq tərəflərin birgə nikahından olan 22 fevral 2007-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay sabit pul şəklində 93 manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, cavabdeh Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(044)-2033/2010 nömrəli qətnaməsi ilə təyin olunmuş alimenti ödəyir. Lakin qətnamə çıxandan bəri 13 ilə yaxın müddət keçmiş, artıq övladı böyüyüb və ona görə onun tələbatı artır. Uşaqların yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüquqları var, onun isə maddi imkanı çox aşağıdır, ona görə tək başına uşaqlarının hüquqlarının təmin olunmasında əziyyət çəkir, övladının yaxşı yaşaması üçün əlindən gələn hər şeyi edir. Lakin övladının günü-gündən tələbatı artır. Uşağının minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Övladının saxlanılmasında ana olduğu üçün üzərinə daha çox yük düşür. Xüsusilə qeyd edir ki, övladı barədə o və cavabdeh bərabər hüquq və vəzifələrə malikdir. Cavabdehin ona nisbətən maddi imkanının yaxşı olması övladının saxlanılmasında nəzərə alınmalıdır. Cavabdeh bir ata kimi övladının hüquqlarına hörmətlə yanaşmağa, uşağın cəmiyyət üçün layiqli vətəndaş kimi formalaşmasında üzərinə düşən vəzifələri yerinə yeriməyə borcludur. Cavabdehin uşağı saxlamaq həm qanunla müəyyən edilmiş vəzifəsi, həm də mənəvi borcudur. Cavabdeh məhkəmənin hazırlıq iclasında ərizə verərək, iddia tələbini qismən qəbul etdiyini bildirdi və oğlu Eşqinin saxlanması üçün 200 manat aliment ödəmək imkanının olduğunu əlavə etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında xəstəliyi olduğunu qeyd etdi və hər ay 200 manat aliment ödəmək imkanının olduğunu bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iddianın dəlillərini, cavabdehin ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından anadan olmuş yetkinlik yaşına çatmamış uşağının saxlanılması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilsə də, hazırda həmin məbləğ uşağın maddi tələbatlarının ödənilməsi üçün yetərli olmadığından, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, qanunla valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşağın saxlanması üçün yetərli olmadığından, müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin uşağını saxlamalı olmasına dair qanunla müəyyən edilmiş vəzifəsinin icrasını tam əhatə etmir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Həmçinin, “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2 №-li qərarının 8.2-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Şərh edilənlərə əsasən məhkəmə iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olduğu qənaətinə gəlsə də, hesab edir ki, aliment təyin edilərkən, eyni zamanda cavabdehin də maddi vəziyyəti və digər hallar nəzərə alınmalıdır. İddiaçı tərəf məhkəməyə cavabdehin rəsmi gəliri barədə, o cümlədən onun maddi vəziyyətində dəyişikliyin baş verməsi barədə hər hansı sübut təqdim etməmişdir. Ailə Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə qeyd edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə aliment müəyyən edildikdən sonra, tərəflərin maddi və ya ailə vəziyyətində hər hansı dəyişikliyin baş verməsi iş materiallarından görünmür. Lakin məhkəmə qətnaməsi ilə aliment müəyyən edilməsindən sonra uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləği dəyişmişdir. Belə ki, Azərbaycan Respublikasında 2023-cü il üçün uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edildiyi halda, 2013-cü il üçün bu məbləğ 93 manat həddində müəyyən edilmişdir. Tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını, habelə cavabdehin qazancının stabil olması barədə hər hansı sübutun olmamasını, cavabdehin tələb edilən miqdarda alimenti ödəməyə qismən razılığını, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, cavabdehdən tutulacaq alimentin məbləği ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğinin artmış hissəsinə mütənasib olaraq qismən artırılmalı və hər ay 200 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə alimentin tutulma müddəti barədə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, hazırki alimentin tutulma müddəti hazırki məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Belə ki, yuxarıda qeyd olunan, Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2 №-li qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə ilkin mediasiya sessiyasında cavabdeh iştirak etmiş, lakin barışıq əldə olunmadığından mediasiya sessiyası davam etdirilə bilməmişdir. Belə halda iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci tərəflər arasında bərabər şəkildə bölünməli, 30 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda — bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-722/2013 nömrəli, 29 may 2013-cü il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq, xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş mediasiya xərcinin əvəzi kimi 30 (otuz) manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 32,84 (otuz iki manat səksən dörd qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-6153/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6153/2023
25.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver