Məhkəmə qərarları › İş №2(125)-616/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-616/2025

12.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-616/2025 12.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X12 Şakir oğlunun sədrliyi, X5 iclas katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7000 (yeddi min) manatın alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə tanışlıqlarına əsasən bir sıra ev əşyalarının satışı ilə razılaşmışlar. Onların tanışı cavabdehin əmisi qızı X8 vasitəsi ilə həyata keçirilmişdir. Bu minvanla cavabdehlə aralarında olan şifahi səyyari ticarət nəticəsində cavabdeh ondan 18000 manat məbləğində ev əşyaları aparmış və həmin əşyaları tam olaraq satmış və 18000 manatdan cavabdeh ona hissə-hissə 5000 manat ödəniş etmişdir. Bundan sonra o, cavabdehə qarşı Gəncə şəhər Kəpəz Rayon Məhkəməsində iddia qaldırmış, iddia qaldırdıqdan sonra cavabdeh ona pulu ödəyəcəyini, iddiasını geri götürməsini bildirmişdir. Lakin cavabdeh iddia ərizəsini baxılmamış saxlatdıqdan sonra ona 0.06 ha torpaq sahəsini aralarında qiymətləndirərək 6000 manata razılaş və yerdə qalan 7000 manat pulu ödəyəcəyini bildirsə də, yenə də yerdə qalıq pulunu ödəməmişdir. Bu baxımdan məcburiyyət qarşısında qalarq məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi Nümayəndə1 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verib əlavə olaraq bildirdi ki, cavabdehə əşyalar 2018-ci ildə satılmışdır. Hazırda ümumi satılan məbləğdən bu gün üçün 7000 manat qalmışdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb göstərməyərək məhkəmə baxışında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək, mübahisəyə tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Gəncə şəhər Nizami rayon Polis İdarəsinin Polis Bölməsinin rəisi Məcid Məmmədovun İddiaçı ünvanlandığı 16 mart 2022-ci il tarixli məktubun surətindən görünür ki, bölmədə onun müraciətinə baxılmış, lakin müraciətində göstərilən xüsusatlar mülki xarakterli olduğundan aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Samux Rayon Polis X4 25 iyun 2022-ci il tarixli qərarının surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə Samux rayonu, Əhmədbəyli kəndində yerləşən 0,06 ha torpaq sahəsinə X2 mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmışdır. 14 iyun 2024-cü il tarixli, AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin surətindən görünür ki, X1 rayonu, Əhmədbəyli kəndində yerləşən 0,06 torpaq sahəsini Nümayəndə1 6000 manata satmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə Samux rayonu, Əhmədbəyli kəndində yerləşən 0,06 ha torpaq sahəsinə Nümayəndə1 mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı cavabdehə 2018-ci ildə nisyə qaydada 18000 manat dəyərində mal satdığını, hazırda cavabdehin ona 7000 manat borcu qaldığını bildirmiş, məhkəmə iclasında iddiasını müdafiə etmiş, lakin iddiasını əsasını təşkil edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh tərəf isə məhkəmə iclaslarında iştirak etmədiyindən onun iddia tələbinə qarşı münasibətini öyrənmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 567-ci maddəsinə görə Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3-cü maddəsinə görə satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə görə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə ümumilikdə 18000 manat məbləğində 2018-ci ildə nisyə qaydada mal satdığını, həmin malın pulundan hazırda 7000 manat ödənilmədiyini iddia etsə də, sübutetmə vəzifəsinin bölgüsü baxımından iddiaçının qeyd edilən məbləğdə cavabdehə nisyə qaydada mal satmasını, həmin malların dəyəri, malların nədən ibarət olması, satılan maldan cavabdehin iddiaçıya hazırkı vaxta 7000 manat borcunun qalmasını sübut etmək yükü qanunla iddiaçının üzərinə düşür. Lakin, iddiaçı qeyd edilən xüsusatları təsdiq edən sübutları iddia ərizəsinə əlavə etməmiş, məhkəmə baxışı zamanı iddianı təsdiq edə biləcək sübutları təqdim etməsi məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq, iddiaçı bu sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə, həmçinin, iddiaçının təqdim etdiyi səs yazısına və görüntüyə də münasibət bildirərək qeyd edir ki, səs yazısının kimə məxsus olmasını müəyyən etmək mümkün olmadığından həmin səsin məhz cavabdeh tərəfindən bildirilməsi qənaətinə gəlmək də düzgün olmazdı. Eyni zamanda video görüntüdə yaşlı bir şəxsin nə isə barədə ümumi məlumat verməsi hələ bu iş üzrə tərəflər arasında olan münasibəti və cavabdehin iddiaçıya olan borcunu təsdiq etmir. Həmin şəxsin kimliyini də məhkəmə iclasında müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, iddiaçı məhkəmə iclasında cavabdehin ona olan borcunun 6000 manatının əvəzi kimi Samux rayonu, Əhmədbəyli kəndində yerləşən 0,06 ha torpaq sahəsi verməsini bildirib, bu barədə məhkəməyə sənədlər təqdim etsə də həmin sənədlər məhkəmə tərəfindən tədqiq edildikdə müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən belə bir torpağın iddiaçıya verilməsi faktı öz əksini tapmır, əksinə iş üzrə tərəf olmayan Aytəkin Vəliyeva adlı şəxsin cavabdehin qızı olan Nümayəndə1 0,06 ha torpaq sahəsi satmışdır. Başqa sözlə iddiaçı iddiasının əsasını birbaşa deyil, dolayı yollarla təsdiq etməyə çalışsa da həmin hallar məhkəmə tərəfindən iddianın təmin olunması üçün yetərli olmamışdır. Məhkəmə həmçinin, qeyd edir ki, Samux Rayon Polis X4 25 iyun 2022-ci il tarixli qərarının surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işi başlanması rədd edilmişdir. Qeyd edilən qərarın mətnində İddiaçı Cavabdeh nisyə qaydada hər hansı əşya satılması ilə bağlı məlumat yoxdur. Əksinə İddiaçı Samux Rayon Polis Şöbəsinə şikayət edərək Jalə adlı şəxsin ondan nisyə qaydada mal aldığını, hazırda 4000 manat borcu qaldığını bildirmişdir. Gəncə şəhər Nizami rayon Polis İdarəsinin Polis Bölməsinin rəisi Məcid Məmmədovun İddiaçı ünvanlandığı 16 mart 2022-ci il tarixli məktubundan isə İddiaçı kimin barəsində nə ilə bağlı polisə şikayət etməsi müəyyən edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “7000 manat pul” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 90 (doxsan) manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı “7000 manat pul” tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 90 (doxsan) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar