Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-6166/2025 17.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlu İddiaçı Cavabdehnə qarşı «inzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğv edilməsi, maddi xərclərin qiymətləndirilməsi və ödənilməsi, əmlak hüquqlarının qorunması və bərpası» tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarın qanunsuz hesab edilərək ləğv edilməsi, tətbiq olunmuş 500 manat məbləğində inzibati cərimənin götürülməsi, torpaq sahəsinin mühafizəsi məqsədilə başlamış olduğu hasar işlərinin yarımçıq qalması nəticəsində çəkdiyi maddi xərclərin (kubik daş,sement, işçi qüvvəsi və digər materialların dəyərinin) dəymiş ziyan kimi qiymətləndirilməsi, ödənilməsi, əmlak hüquqlarının qorunması və bərpası tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı barəsində 500 manat cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğv edilməsinə, torpaq sahəsinin mühafizəsi məqsədilə başlamış olduğu hasar işlərinin yarımçıq qalması nəticəsində çəkdiyi maddi xərclərin (kubik daş,sement, işçi qüvvəsi və digər materialların dəyərinin) dəymiş ziyan kimi qiymətləndirilməsi, ödənilməsi, əmlak hüquqlarının qorunması və bərpası tələbinə dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər Yuxarıda qeyd olunanları, habelə mübahisə tərəflərinin hüquqi vəziyyətini və onların arasındakı mübahisənin inzibati xəta haqqında iş üzrə icraat qaydasında həll edilməli olduğunu nəzərə alaraq, ərizəyə «xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi» mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati icraat qaydasında baxılır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarının 5.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 7.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, inzibati orqanların ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərin icrasından doğan qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Yuxarıda qeyd olunanları, habelə mübahisə tərəflərinin hüquqi vəziyyətini və onların arasındakı mübahisənin inzibati xəta haqqında iş üzrə icraat və inzibati icraat qaydasında həll edilməli olduğunu nəzərə alaraq, hesab edirəm ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı «inzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğv edilməsi, maddi xərclərin qiymətləndirilməsi və ödənilməsi, əmlak hüquqlarının qorunması və bərpası» tələbi barədə iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-6166/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-6166/2025
17.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver