Məhkəmə qərarları › İş №2(125)-6210/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6210/2025

23.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6210/2025 23.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi zərərin ödənilməsi» tələbinə dair (Açar söz: iddia müddətləri: ümumi iddia müddəti) X7 Şakir oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: I. İddia tələbi: İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumilikdə 12928,50 (on iki min doqquz yüz iyirmi səkkiz manat əlli qəpik) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İİ. İddia tələbinin mahiyyəti: İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2,178.2.3,178.2.4 və 32.5,313-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hökmlə ona dəymiş maddi ziyanla bağlı məhkəməyə mülki iddia ərizəsi təqdim etmədiyindən həmin dəymiş maddi ziyanla əlaqədar gələcəkdə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Məhkəmənin hökmü ilə müəyyən olunmuşdur ki, Cavabdeh özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı İddiaçı etibarından sui-istifadə edərək onun qızı Gültəm Nəsirlinin Azərbaycan Müəllimlər institutunun Qazax filialının tarix və coğrafiya fakültəsinə qəbul etdirəcəyinə yalandan vəd verib yaşadığı ünvan 1 ünvanında 4000 manat, bundan başqa təhsil haqqı və dərslərdə, eləcə də imtahan və sessiyalarda iştirak etmədiyi halda akademik ili uğurla başa çatdıracağını təmin etdirəcəyi adı ilə aldadaraq 3500 manat alaraq vahid niyyət ilə əhatə olunan qəsdlə 2009-2013-cü illərdə olan müddət ərzində Gəncə şəhərinin müxtəlif yerlərində ümumilikdə 7500 manat pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxs olan ona xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Gəncə Şəhər Məhkəməsinin 1(044)-66/2019 nömrəli, 24 oktyabr 2019-cu il tarixli hökmü ilə cavabdehin təqsiri sübuta yetirilərək barəsində ittiham hökmü çıxarılmışdır. Qeyd edir ki, məhkəmənin hökmündə cavabdehin 2009-2013-cü illərdə ondan aldığı 7500 manat hazırki vaxtdakı məbləğlə eyni deyildir. Belə ki, manat devalvasiyaya uğradığından və manatın məzənnəsi ABŞ dollarına münasibətdə xeyli aşağı düşdüyündən 7500 manatın 2009-2013-cü illərdə 5850 ABŞ dolları təşkil etməsi nəzərə alınmalıdır. Beləliklə, cavabdehin qanuna zidd hərəkəti nəticəsində mənə dəymiş zərər 9945 manat (5850 ABŞ dolları x 1.7 manat=9945 manat) həmçinin də Milli Bankın uçot dərəcəsi 5% olmaqla illik 497.25 manat təşkil edir. Bu isə o deməkdir milli bankın uçot dərəcəsi 2983,50 manat (6 il x 497.25 manat =2983.50 manat) olmaqla cəmi 12928.50 manat (9945.0+2983,50 = 12928.50) manat cavabdehdən alınaraq ona ödənilməlidir. İİİ. Məhkəmə icraatı iştirakçıları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, 2009-cu ildə qızının X1 tarix fakültəsinə qəbul olması ilə bağlı Cavabdeh müraciət etmişdir. Cavabdehi başqa bir tanışı vasitəsi ilə tanımışdır. Cavabdehin evinə gəlmiş, çayını içmiş, istədiyi məbləğdə pulu da orada cavabdehə vermişdir. Cavabdeh də onu arxayın salmışdır. Sonuncu dəfə 2013-cü ildə cavabdehə pul vermiş və ümumilikdə cavabdehə verilən məbləğ 7500 manat təşkil edir. Hazırda şəkər xəstəsi olmaqla, səhhətində yaranan problemlərə görə, eyni zamanda anası və atası ardarda vəfat etdiyi üçün başı qarışıq olmuş və vaxtında məhkəməyə müraciət edə bilməmişdir. Eyni zamanda məhkəmənin hökmü 2019-cu ildə çıxdığına görə hesab edir ki, 10 illik iddia müddətini keçirməmişdir. Odur ki, qeyd edilənlərin nəzərə alınmaqla iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, məhkəməyə ünvanlandığı iddia müddətinin tətbiq edilməsi barədə ərizəsini müdafiə edərək izahatında bildirdi ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)-66/2019 nömrəli, 24 oktyabr 2019-cu il tarixli hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hökmə əsasən onun iddiaçıdan 2009-2013-cü illərdə ümumilikdə 7500 aldığı qeyd olunmuşdir. Yəni onun iddiaçıya qarşı etmiş olduğu dələduzluq əməli 2009-2013-cü illərdə baş versə də, iddiaçı nə həmin illərdə, nə hökm çıxarılan vaxt, nə də ondan sonra məhkəməyə müraciət etməmişdir. Bununla da iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Odur ki, iddia müddətinin keçməsini nəzərə alaraq, hazırki iddianın rədd edilməsini məhkəmədən xahiş edir. İV. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar; - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)-66/2019 nömrəli, 24 oktyabr 2019-cu il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 32.5, 178.2.3-cü maddələri ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh məhkəməyədək icraat zamanı tutulduğu 3 gün müddət, həbsdə saxlanılmanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 il 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılmış və iş üzrə zərərçəkmiş şəxslərə onlara vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəmədə mülki iddia qaldırmaq hüququ izah olunmuşdur. - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)-66/2019 nömrəli, 24 oktyabr 2019-cu il tarixli hökmünün “müəyyən etdi” hissəsindən görünür ki, Cavabdeh təkrarən həmin vəzifədə işləyərkən X4 və qeyriləri ilə əlbir olub cinayət əlaqəsinə girərək qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını vahid qəsdlə ələ keçirmək məqsədi ilə, 2009-cu ildə dəqiq tarixini xatırlamadığı vaxtda tanışı X2 Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının tarix və coğrafiya fakültəsinə qəbul etdirəcəyinə yalandan vəd verib, Gültəm Nəsirlinin atası İddiaçı 4000 manat pulu həmin tarixdə yaşadığı ünvan 1-də olan mənzilində alaraq, sonuncudan təhsil haqqı, dərslərdə, eləcə də imtahan və sessiyalarda iştirak etmədiyi halda, akademik ili uğurla başa çatdıracağını təmin etmək adı ilə 2009-2013-cü illərdə Qazax rayonu, Gəncə şəhəri ərazisində müxtəlif yerlərdə cəmi 3500 manat olmaqla, ümumilikdə 7500 manat pulu vahid qəsdlə alıb, pul vəsaitini cinayətkar qrupun digər üzvləri olan Veyisov və qeyriləri ilə öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək qabaqcadan əlbir olduğu bir qrup şəxslə özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək qulluq mövqeyindən istifadə edərək təkrarən dələduzluq etmişdir. V. Məhkəmə iclasında müəyyən edilən hallar: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)-66/2019 nömrəli, 24 oktyabr 2019-cu il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 32.5, 178.2.3-cü maddələri ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi və qəti olaraq 02 il 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası hökm edilmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, 2009-2013-cü illərdə Cavabdeh İddiaçı məxsus ümumilikdə 7500 manat məbləğində pulu ələ keçirərək dələduzluq etmişdir. Həmin hökmlə müəyyən olunan hallar (hadisənin (münasibətin-faktın) olub-olmaması) hissəsində hazırkı mülki iş üzrə preyudisial əhəmiyyətə malikdir. İddiaçı cavabdehə 2009-2013-cü illərdə 7500 manat məbləğində pul verməsinə baxmayaraq xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmiş, cavabdeh isə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək rədd edilməsini xahiş etmişdir. Vİ. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün yalnız hadisənin və təqsirləndirilən şəxsin ona aidiyyəti olub-olmaması hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. 142.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. 142.2-ci maddəsinə əsasən Mülki iş, inzibati və ya iqtisadi mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız hadisənin yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir və təqsirləndirilən şəxsin təqsirli olub-olmaması nəticəsini əvvəlcədən həll etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Vİİ. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən 2009-2013-cü illərdə vermiş olduğu ümumilikdə 7500 manat pulu tələb edir. Həmin tələbin hüquqi əsasını delikt təşkil etməklə yanaşı cavabdehin iddiaçının etibarından həmin illərdə sui-istifadə etməklə dələduzluq etməsi işin mübahisəsiz halıdır. Lakin iddiaçı hüququnun pozulduğunu bildiyi 2013-cü ildən etibarən iddiaçıya qarşı 10 il ərzində iddia qaldırmalı olduğu halda həmin müddəti ötürmüş, cavabdeh isə məhkəmə iclasında iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Belə olan halda iddia tələbi iddia müddətinin ötməsi əsasına görə rədd edilməlidir. Belə ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi zərərin ödənilməsi» tələbinə dair iddiası, iddia müddətinin keçməsinə görə rədd edilməlidir. Vİİİ. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi zərərin ödənilməsi» tələbinə dair iddiası, iddia müddətinin keçməsinə görə rədd edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar