Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6212/2025 26.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair (Açar söz: iddia müddətləri: müqavilə tələbləri üzrə) X3 Şakir oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (Tovuz Rayon Vəkil Bürosunun vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: I. İddia tələbi: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9000 manat əsas borcun, 7500 manat faiz borcunun, 145 manat ödənilmiş dövlət rüsumunun və 350 manat vəkil xərcinin alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İİ. İddia tələbinin mahiyyəti: İddia tələbi onunla əsaslandırılmışdır ki, atası, qaynanası və anasına görə tanıdığı Cavabdeh 2010-cu il tarixdə ona xahiş etmişdir ki, ona 3-4 aylıq 10000 manat borc şəkilində pul ver, qaytaracaqdır. O da cavabdehə notarial qaydada verə biləcəyini demiş, cavabdehdə razılaşmışdır, 10 aprel 2010-cu il tarixli borc müqaviləsi bağlamış, pulu cavabdehə vermiş, ona dediyi vaxta pulu verə bilməmiş, tanışlığın xatirəsi üçün ondan əlavə vaxt istəmiş, 1-2 ildən sonra yavaş-yavaş qaytaracadığını demişdir. O da razılaşmışdır, bir iki ildən sonra tələb etmişdir ki, qaytar yenə də vaxt tələb etmişdir ki, o, cavabdehə vaxt versin ki, cavabdeh pulu qaytarsın. O, yenə də cavabdehə pulu az-az da olsa qaytarması üçün vaxt vermişdir. 3-4 ildən sonra cavabdeh 300 manat pul göndərmiş, bir müddətdən sonra 200 manat göndərmiş, axırıncı dəfə 2023-cü ildə 500 manat pul göndərdi ki, yavaş-yavaş qaytaracaqdır, 2023-cü ildən bu yana heç bir ödəniş etmir, hazırda telefonlarına cavab vermir. Belə olan halda məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdeh ona olan borcunu və müqavilə bağlanan dövrdən məhkəməyə müraciət etdiyi günədək illik 5 faiz əlavənin də, dövlət rüsumu və vəkil xərclərini ona verməlidir. Onun tələbi 9000 əsas borc, 7500 manat faiz borcu, 145 manat dövlət rüsumu. 350 manat vəkil xərcindən ibarətdir. İİİ. Məhkəmə icraatı iştirakçıları: Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (Tovuz Rayon Vəkil Bürosunun vəkili) Vəkil iddia ərizəsini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 10 aprel 2010-cu il tarixli borc müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh 10000 manat borc pul verilmişdir. 2023-cü ildə cavabdeh həmin borcundan sonuncu dəfə 500 manat ödəniş etmişdir. Həmçinin, cavabdehlə telefon vasitəsi ilə əlaqə saxladıqda iddiaçıya borcunu qaytaracağını bildirir. İddia müddətinin tətbiq edilməsi ilə razılaşmır. Bu günə cavabdehin borc müqaviləsi üzrə 9000 manat borcu qalmışdır. Müqavilə üzrə borcun ödənilməsi gecikdirildiyi üçün iddiaçı gecikdirilmiş vaxt üçün ödənilməmiş pul məbləğinin illik beş faizi məbləğində faiz borcunun da cavabdehdən tutulmasını istəyir. Qeyd edilənlərin nəzərə alınmaqla iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İV. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar; - 10 aprel 2010-cu il tarixli, 3M-419 reyestr nömrəli, Bakı şəhəri 6-cı Dövlət Notariat Kontorunda İddiaçı ilə Cavabdeh arasında bağlanmış borc müqaviləsindən görünür ki, İddiaçı 4 ay müddətinə Cavabdeh 10000 manat pulu borc vermişdir. Cavabdeh göstərilən məbləği vaxtında geri qaytarmazsa, İddiaçı bu barədə məhkəmə və digər hüquq mühafizə orqanları qarşısında iddia qaldıra bilər. - Cavabdeh məhkəməyə ünvanlandığı iddia müddətinin tətbiq edilməsi barədə ərizəsindən görünür ki, İddiaçı ona qarşı pul tələbi ilə bağlı iddia qaldırmışdır. Qeyd edilən müqavilə xx.xx.2010-cu il tarixdə 4 ay müddətinə bağlanmışdır. İddiaçı həmin müqavilədən 16 il müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı qanunla müəyyən edilmiş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia müddətini tətbiq edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. V. Məhkəmə iclasında müəyyən edilən hallar: 10 aprel 2010-cu il tarixli, 3M-419 reyestr nömrəli, Bakı şəhəri 6-cı Dövlət Notariat Kontorunda İddiaçı ilə Cavabdeh arasında bağlanmış borc müqaviləsinə əsasən İddiaçı 4 ay müddətinə Cavabdeh 10000 manat məbləğində pulu borc vermişdir. İddiaçı cavabdehin həmin puldan 1000 manat ödəniş etdikdən sonra 9000 manat borcu qalmasını əsas gətirərək məhkəmədə iddia qaldırmışdır. Həmçinin, iddiaçı cavabdeh borcu gecikdirdiyi üçün ödənilməmiş pul məbləğinin illik beş faizi məbləğində faiz ödənilməsini tələb edir. Nümayəndə vasitəsi ilə təmsil olunan iddiaçı tərəf iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasında iştirak etməmiş, lakin, iddia müddətinin tətbiq olunması barədə ərizə göndərərək, iddia müddəti tətbiq edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Vİ. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Vİİ. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən 10 aprel 2010-cu il tarixli, 3M-419 reyestr nömrəli, Bakı şəhəri 6-cı Dövlət Notariat Kontorunda bağlanmış borc müqaviləsi üzrə 9000 manat pulu tələb edir. Cavabdehin iddiaçıdan borc pul alması işin mübahisəsiz halı olmaqla, iş materiallarında olan qeyd edilən borc müqaviləsi ilə sübuta yetirilir. Lakin, iddiaçı cavabdehə qarşı hüququnun pozulduğunu bildiyi borc müqaviləsi bağlandığı 2010cu ildən bu günə qədər keçən müddət ərzində iddia qaldırmamış, xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Mülki Prosessual Məcəllədə müəyyən edilmiş müqavilə tələbləri üzrə üç illik iddia müddətini ötürmüş, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Eyni zamanda iddiaçı tərəfin cavabdehin borcundan 2023-cü ildə 500 manat ödəniş etməsini bildirməsinə baxmayaraq, bununla bağlı sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya olan borcundan 2023-cü ildə ödəniş etməsi sübut olunsa belə həmin müddət üçün də artıq iddia müddəti keçdiyindən iddia tələbi iddia müddətinin ötməsi əsasına görə rədd edilməlidir. Belə ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı borc müqaviləsi üzrə cavabdehdən ödənilməmiş pul məbləğini tələb etmək üçün qanunvericilikdə müəyyən edilmiş iddia müddətini ötürdüyündən, iddia tələbi gecikdirilmiş vaxt üçün ödənilməmiş pul məbləğinin illik beş faizi hissəsində də rədd edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası, iddia müddətinin keçməsinə görə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 145 manat dövlət rüsumu və vəkil xərci iddiaçının özünə aid edilməlidir. Vİİİ. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası, iddia müddətinin keçməsinə görə rədd edilsin. Ödənilmiş məhkəmə xərcləri (dövlət rüsumu və vəkilə etdiyi kömək üçün ödənilən xərc) iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-6212/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6212/2025
26.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver