Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6249/2023 30.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılması tələbi» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(044)-2798/2014 nömrəli qətnaməsi ilə uşağın saxlanması üçün tutulması müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, xx.xx.2007-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində pul vəsaitinin və ödənilmiş mediasiya xərci olan 50 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) X.M.Əkbərov iddianı müdafiə edərək bildirdi ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(044)-2798/2014 nömrəli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında olan nikah pozulmuş, tərəflərin birgə nikahlarından xx.xx.2007-ci ildə anadan olmuş X2 İddiaçı yanında qalması müəyyən edilmiş və həmin uşağın yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 80 manat sabit pul məbləğində alimentin İddiaçı xeyirinə tutulması qət edilmişdir. Lakin hazırda həmin məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği uşağın saxlanmasına kifayət etmir. Belə ki,sözügedən qətnamənin qəbul edilməsindən hazırki tarixədək 9 il müddət keçmişdir. Tərəflərin birgə nikahından doğulmuş uşağın böyüdükcə tələbatları da artmışdır. Cavabdeh isə aliment ödənişlərindən başqa, İddiaçı hər hansı maddi yardım göstərmir. Sonda X.M.Əkbərov iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(044)-2798/2014 nömrəli qətnaməsi ilə təyin edilmiş alimenti çətinliklə ödəyir. Belə ki, o, 2016-cı ildə 2-ci dəfə nikaha girmiş və həmin nikahdan 2020-ci ildə bir uşağı anadan olmuşdur. Həmçinin öhdəliyində birinci və ikinci dərəcəli əlil ata və anası vardır. Ailənin bütün üzvlərinin maddi təminatlarını ödəmək onun üzərinə düşür. Lakin o, günəmuzd fəhlə kimi qardaşı X4 məxsus tikinti malları satılan mağazada işləyib, əldə etdiyi qazanc hesabına özünün və ailəsinin maddi təminatını çətinliklə ödəyir. Buna görə də onun Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(044)-2798/2014 nömrəli qətnaməsi ilə müəyyən edilmiş məbləğdən artıq məbləğdə aliment ödəməsi mümkünsüzdür. Sonda Cavabdeh iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini (vəkilini) və cavabdehi dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(044)-2798/2014 nömrəli qətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah pozulmuş, tərəflərin birgə nikahlarından xx.xx.2007-ci ildə anadan olmuş X2 İddiaçı yanında qalması müəyyən edilmiş və həmin uşağın yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 80 manat sabit pul məbləğində alimentin İddiaçı xeyirinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Bundan başqa, həmin Məcəllənin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə görə alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli sərəncamının 1-ci bəndinə görə minimum aylıq əmək haqqının məbləği 01 yanvar 2022-ci il tarixdən 345 manat müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2014-cü ildə yaşayış minimumu haqqında» 9 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə 2023-cü ildə ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2014-cü ildə yaşayış minimumu haqqında» 22 noyabr 2013-cü il tarixli Azərbaycan Respublikası Qanununa görə 2014-cü ildə ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 103 manat məbləğində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.3-cü bəndinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Məhkəmə tərəflərin maddi vəziyyətini, tərəflərin birgə nikahlarından doğulmuş uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətini, həmin uşağın mənafeyini və aliment qət edildikdən sonra ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun artmasını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin olunmalı, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(044)- 2798/2014 nömrəli ilə tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilərək, cavabdehdən iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə cavabdehin məhkəmə iclasında iddia tələbinə etirazının əsası kimi ikinci dəfə nikaha girməsi, həmin nikahdan uşağının doğulması və himayəsində əlillik dərəcəsi olan valideynlərinin olması ilə əlaqədar alimentin ödənilməsinə maddi imkanının olmamasına dair göstərdiyi xüsusatlara hüquqi qiymət verərək, hesab edir ki, həmin hallar iddianın rədd edilməsi üçün əsas deyildir. Belə ki, cavabdehin etirazının əsası kimi göstərdiyi qeyd olunan xüsusatlar onun İddiaçı ilə birgə nikahdan doğulmuş uşağın maddi təminatının ödənilməsində tam və ya qismən iştirakdan məhrum edilməsinə əsas hesab oluna bilməz. Məhkəmə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(044)-2798/2014 nömrəli qətnaməsindən keçən dövr ərzində ölkə üzrə yaşayış minimumundakı artım məbləğini əsas gətirərək hesab edir ki, yaşayış minimumunun artması iddiaçının maddi vəziyyətindəki dəyişiklik kimi qiymətləndirilməlidir. Belə ki, qətnamə ilə müəyyən edilmiş aliment məbləği dəyişmədiyi halda malların və xidmətlərin qiymətinin qalxması həmin aliment məbləği ilə uşağın maddi təminatının əvvəlki səviyyəsinin saxlanmasının mümkün olmadığını göstərir. Digər tərəfdən mülki işin məhkəmə iclasında müəyyən olunmuş hallarından görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(044)-2798/2014 nömrəli qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş bir uşağın saxlanılması üçün Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmiş alimentin məbləği 2014-cü ildə ölkə üzrə uşaqlar üçün yaşayış minimumu olan 103 manat məbləğində pul vəsaitinin 77,6 faizi həddində, yəni 80 manat olmuş, 2023-cü ildə ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu hazırki tarixədək ötən müddət ərzində 117 manat məbləğində artaraq, 2023-cü ildə 220 manat müəyyən edilmişdir və 220 manat məbləğində pul vəsaitinin 77,6 faiz hissəsi 170 manat 72 qəpik təşkil edir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə görə «Mediasiya prosesinin tətbiqi barədə müqavilə»də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya «mediasiya prosesinin tətbiqi barədə müqavilə»nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, ödənilmiş mediasiya xərcinin əvəzi qismində 50 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 26 dekabr 2014-cü il tarixli, 2(044)- 2798/2014 nömrəli qətnaməsi ilə uşağın saxlanması üçün tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh 27 noyabr 2007-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablansın. Ödənilmiş mediasiya xərcinin əvəzi qismində 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-6249/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6249/2023
30.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver