Məhkəmə qərarları › İş №2(125)-6255/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6255/2023

13.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6255/2023 13.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərdən müştərək qaydada 2.800 manat məbləğində pul vasaitinin və ödənilmiş 48 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi əsasında Gəncə şəhəri, F.Məlikov küçəsində yerləşən 12 nömrəli yerləşən fərdi yaşayış evini vərəsəlik yolu ilə əldə etmişdir. Bundan sonra o, həmin əmlakı 2009-cu il tarixdə qızının 35.000 ABŞ dolları məbləğində toy məsrəflərini ödəmək məqsədi ilə Cavabdeh1 20.000 ABŞ dollarına satmışdır. Daha sonra isə cavabdehlərlə aralarında anlaşılmazlıq yaranmış və 2014-cü il tarixdə cavabdehlərdən satdığı evi geri tələb etmişdir. 2014-cü ildə Cavabdeh1 ilə aralarında olan razılığa görə o, ilkin olaraq 1.000 manat məbləğində ödəniş etməli, evdə yaşaya-yaşaya evin alış qiymətinin digər hissəsini hissə-hissə qaytarmalı idi. Bununla yanaşı, o, evdə yaşadığına görə hər ay 150 manat miqdarında kirayə haqqı ödəməli idi. Beləliklə o, 2014-cü ilin sonunda 1.000 manat, 2016-cı ilin fevral ayının ortasında 1.500 manat, sonunda isə 300 manat, cəmi 2.800 manat cavabdehlərə pul ödəmişdir. Həmin pulların kirayə müqaviləsinə heç bir aiddiyatı olmamışdır. Daha sonra aralarında olan sövdələşmə əsasında hissə-hissə evin dəyərinə görə ödəyəcəyi pulu ödəyə bilməyəcəyini anlamış, 2016-ci ilin iyun ayında evi tərk etmişdir. Bu səbəbdən evin alqı-satqısı ilə əlaqədar ödədiyi pulları cavabdehlərdən tələb etsə də cavabdehlər bundan imtina etmişdir. Buna görə də o, hazırki iddia ərizısi ilə məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, o və A.Cavabdeh1 İddiaçı tərəfindən satılan Gəncə şəhəri, F.Məlikov küçəsində yerləşən 12 nömrəli yerləşən 2009-cu ildə 23.000 ABŞ dollarına fərdi yaşayış evini almış, bununla da həmin evi mülkiyyət hüququ əldə etmişlər. Bundan sonra İddiaçı onlardan satılmış mənzili geri tələb edən zaman o, yalnız mənzilin dəyərini birdəfəlik ödəmək şərtilə mənzili geri qaytaracağını bildirmişdir. İddiaçı onunla razılaşmışdır. Lakin İddiaçı yaşamaq üçün başqa evinin olmadığını bildirmiş və həmin evi onun özünə kirayəyə verməyi onlardan xahiş etmişdir. Buna görə də onlar İddiaçı aldıqları mənzili onun özünə kirayəyə vermişlər. Cavabdeh2 İddiaçı ilə notarial qaydada hər ay 100 manat kirayə haqqı ödəmək şərtilə kirayə müqaviləsi bağlamışdır. İddiaçı 2014-cü ilin sentyabr ayından 2016-cı ilin iyun ayınadək həmin evdə kirayəçi kimi yaşamış və kirayə haqqını ödəmişdir. İddiaçı tərəfindən ona verilmiş pul vəsaiti isə yalnız kirayə haqqı olaraq, ödənilmişdir. İddiaçı satılmış mənzilin ona geri qaytarılması ilə bağlı hər hansı beh, yaxud avans ödəməmişdir. Digər tərəfdən İddiaçı tərəfindən məhkəmədə hüquq münasibətinin başa çatmasından 9 il sonra iddia qaldırılmış və iddia müddəti ötürülmüşdür. Sonda Cavabdeh1 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, Cavabdeh1 onun əridir və Cavabdeh1 onun mülkiyyətində olan mənzilin kirayəyə verilməsi ilə əlaqədar ödənişləri məhz onun icazəsi əsasında İddiaçı almışdır. İddiaçı mənzilin kirayə haqqından əlavə heç bir ödəniş etməmiş, onlara satdığı mənzili geri almaq istədiyini bildirsə də, mənzilin dəyərini onlara geri ödəməmişdir. Buna görə də İddiaçı iddiası əsassızdır. Digər tərəfdən İddiaçı iddia müddətini ötürməklə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlar isə İddiaçı iddiasının əsassız olduğunu göstərir. Sonda Cavabdeh2 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını, cavabdehləri və şahidləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, İddiaçı qonşusu olmuşdur. Belə ki, o, Gəncə şəhəri, F.Məlikov küçəsində yerləşən qaynanasına məxsus evə gəlin köçmüş və 1996-cı ilə qədər orada yaşamışdır. İddiaçı ilə də münasibətləri həmin vaxt başlamışdır. O, yaşamaq üçün başqa ünvana köçdükdən sonra da İddiaçı ilə münasibətləri davam etmişdir. O, İddiaçı evi ilə əlaqədar çətinliyi olduğunu, satdığı evdə 2014-cü ildən 2016-cı ilin yay ayına qədər kirayəçi kimi yaşadığını bilmişdir. Bununla yanaşı iddiaçı ona satdığı evini geri alacağını, bununla əlaqədar 2.000 manat ödəniş etdiyini bildirmişdir. O, İddiaçı Cavabdeh1, yaxud başqa şəxslərə mənzilin geri qaytarılması ilə əlaqədar hər hansı ödəniş edilərkən yanında olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, onunla İddiaçı arasında uzun müddət əvvəl dostluq münasibətləri yaranmış, A.Cavabdeh1 və Cavabdeh2 isə heç vaxt görməmiş və tanımamışdır. O, İddiaçı bir dəfə nağd olaraq 2.000 manat, müxtəlif vaxtlarda isə 150 manat, 200 manat, 300 manat və digər məbləğlərdə pul vəsaitini borc vermişdir. İddiaçı ondan 2.000 manat məbləğində pul vəsaitini borc alarkən, əvvəllər öz mülkiyyətində olmuş mənzili geri almaq üçün mənzilin yeni sahiblərinə ilkin ödəniş edəcəyini, digər məbləğləri isə kirayə haqqı olaraq ödəyəcəyini demişdir. Lakin İddiaçı sonradan mənzili satdığı şəxslərdən mənzilin dəyərinin ona ödənilməmiş hissəsi ilə əlaqədar alacağının olduğunu, həmin pulu aldıqdan sonra onun borclarını ödəyəcəyini bildirmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, **********63-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsusdur. İşdə olan Gəncə şəhəri 2 saylı Notariat Ofisində xx.xx.2014-cü il tarixli, 3M-296 reyestr nömrəli kirayə müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 ünvan 1 ünvanında yerləşən evi 1 il müddətinə aya 100 manat ödəmək şərtilə İddiaçı kirayəyə vermişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixdə bağlanmış və notariat qaydasında təsdiqlənmiş ev kirayə müqaviləsindən, habelə həmin müqavilənin üzərində edilmiş əlavə qeydlərdən görünür ki, Cavabdeh1 1.500 manat pulu İddiaçı almış, 300 manat fevral ayında ödəmək şərti ilə tərəflər 2016-cı ili oktyabr ayının 1-dək kirayə müqaviləsi ilə bağlı razılığa gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki işin iddiaçının vəsatəti əsasında məhkəmədə şahid qismində dindirilmiş X1 və X2 ifadələrində qeyd olunan xüsusatları digər sübutların məcmusu ilə birlikdə tədqiq edərək, məhkəmə hesab edir ki, həmin şahid ifadələri işin halların müəyyənləşdirilməsində sübut əhəmiyyətinə malik deyildir. Belə ki, X1 və X2 hər birnin ifadəsində ziddiyətli məqamlar mövcuddur, həmin ifadələr özü-özünü təkzib edir. Z.Q.Məmmədova məhkəmə iclasında şahid qismində dindirilərkən ifadəsində İddiaçı ondan 2.000 manat məbləğində pul vəsaitini borc alarkən, İddiaçı əvvəllər öz mülkiyyətində olmuş mənzili geri almaq üçün mənzilin yeni sahiblərinə ilkin ödəniş edəcəyini deməsini bildirsə də, ifadəsinin davamı olaraq, İddiaçı sonradan mənzili satdığı şəxslərdən mənzilin dəyərinin ona ödənilməmiş hissəsi ilə əlaqədar alacağının olduğunu, həmin pulu aldıqdan sonra onun borclarını ödəyəcəyini bildirməsini göstərmişdir. Göründüyü kimi Z.Q.Məmmədova əvvəlcə İddiaçı mənzili geri qaytarmaq üçün ondan borc aldığını qeyd etsə də, sonradan öz-özünü inkar edərək İddiaçı həmin borcunu qaytarmaq üçün mənzili aldığı şəxslərdən alacağının olduğunu bildirmişdir. Digər şahid N.Q.Cəfərova isə ifadəsində İddiaçı Cavabdeh1 və Cavabdeh2 hansısa məbləğdə pul vəsaiti verdiyini görmədiklərini qeyd etmiş, yalnız İddiaçı onunla söhbətlərinə istinad etməklə kifayətlənmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayə verənə kirayə haqqı ödməyi öhdəsinə götürür. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Cavabdeh2 satdığı mənzilin ona geri qaytarılması üçün hər hansı ödənişin aparılmasına dair sübut məhkəməyə təqdim edilməmişdir. Bunun əksinə tərəflər arasında kirayə müqaviləsindən irəli gələn hüquq münasibləri mövcud olmuş, həmin hal digər sübutlarla yanaşı, iddiaçının özü tərəfindən məhkəməyə sübut qismində təqdim edilən xx.xx.2014-cü il tarixdə bağlanmış ev kirayə müqaviləsi ilə də təsdiqlənmiş, İddiaçı tərəfindən Cavabdeh2 və Cavabdeh1 edilmiş bütün ödənişlər məhz həmin kirayə müqaviləsindən irəli gələn öhdəliklərlə əlaqədar olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbi barədə iddiası əsassızdır. Bundan başqa, Cavabdeh1 və Cavabdeh2 iddia müddətinin tətbiq edilməsi ilə əlaqədar məhkəməyə ərizə ilə müraciət etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. «Viktor Ozerovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 02 iyul 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 aprel 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm faktordur. Avropa İnsan Hüquqları Məhkəməsi «Stanyo Belçikaya qarşı» işi üzrə 07 iyul 2009cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunmuş iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 382-ci maddəsinə görə iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddianın təmin edilməsinə hər hansı faktiki və hüquqi əsas müəyyən edilmədiyinə, habelə iddiaçı iddia müddətini üzrlü səbəblərdən ötürülməsinə dair məhkəməyə heç bir mötəbər sübut təqdim etmədiyinə görə iddia tələbinə iddia müddəti tətbiq edilməklə, İddiaçı iddiası rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia rədd edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbi barədə iddiası rədd edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar