Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-628/2022 23.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ödənilməmiş borcun əvəzi qismində 5.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 70 manat, cəmi 5.070 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı ödənilməmiş borcun əvəzi qismində 5.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 70 manat, cəmi 5.070 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı S.İddiaçı məhkəmədə iddianı müdafiə edərək, göstərdi ki, o, 2021-ci ilin yay aylarında özünə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini satmaq qərarına gəlmiş və həmin dövrdə Cavabdeh qeyd olunan evi almaq üçün onunla əlaqə saxlamışdır. Bu zaman onlar arasında əldə olunmuş razılaşmaya uyğun olaraq, o, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini cavabdehə 70.000 manat məbləğinə satmalı, cavabdeh isə həmin məbləğdə pul vəsaitini ona ödəməli idi. Lakin Cavabdeh 70.000 manat məbləğində deyil, 65.000 manat məbləğində pul vəsaiti olmuşdur. Həmçinin Cavabdeh ailə üzvlərinə və yaxın qohumlarına fərdi yaşayış evi almaq üçün 65.000 manat məbləğindən artıq vəsait sərf etdiyini və məhz evin alışına görə 5.000 manat məbləğində borcunun olduğunu bildirərsə, həmin borcun qaytarılması üçün ona heç bir maddi yardım edilməyəcəyini demişdir. Qeyd olunan səbəbdən də Cavabdeh ona məxsus evin alqı-satqısının 65.000 manat məbləğinə aparılmasına dair alqı-satqı müqaviləsinin, digər ödənilməmiş 5.000 manat məbləğində hissəyə dair borc müqaviləsinin bağlanmasını təklif etmişdir. O, Cavabdeh həmin təklifi ilə razılaşmış, beləliklə də onlar 30 iyul 2021-ci il notariat qaydasında təsdiq olunmuş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin alqısatıqısına dair və həmçinin 5.000 manat məbləğində borc müqaviləsinə dair 2 fərqli müqavilə bağlamışlar. O, öz öhdəliklərini icra etməklə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini Cavabdeh mülkiyyətinə versə də, Cavabdeh ona olan 5.000 manat məbləğində borcunu hazırki tarixədək qaytarmamışdır. Buna görə də o, Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda S.İddiaçı iddianın təmin olunması, ödənilməmiş borcun əvəzi qismində 5.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 70 manat, cəmi 5.070 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmədə iddianı qəbul etməyərək bildirdi ki, o, əvvəllər hündürmərtəbəli binada yerləşən mənzildə yaşamış, lakin nəvələrinin həmin mənzildə hündürlükdən yıxılma təhlükəsi olduğuna görə həyətyanı torpaq sahəsi olan fərdi yaşayış evində yaşamaq qərarına gəlmişdir. Bu məqsədlə də o, fərdi yaşayış evi satan şəxslərlə maraqlanmış və İddiaçı özünə məxsus fərdi yaşayış evini 70.000 manata satdığını öyrənmişdir. Həmin vaxt İddiaçı satdığı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin 0,115 hektar olduğunu dediyinə görə yaxın qohumları ilə məsləhətləşərkən həyətyanı torpaq sahəsinin geniş olması səbəbindən İddiaçı satdığı daşınmaz əmlakın qiymətinin münasib olduğunu bildirmişlər. Bundan sonra o, İddiaçıla birlikdə alqı-satqının predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə baxarkən evin əşyalarının olmadığını və ciddi təmirə ehtiyacının olduğunu bildirib, etiraz etmişdir. Bu zaman İddiaçı evi öz hesabına təmir etdirəcəyini və evdə olmayan sanitar qovşağa, mətbəxə, habelə digər otaqlara dair əşyaları verəcəyini vəd etmişdir. Bütün bunlara görə o, İddiaçı məxsus fərdi yaşayış evini almaq barədə sonuncu ilə razılaşmış və evin alqı-satqısına görə İddiaçı 65.000 manat məbləğində pul vəsaitini vermiş, digər 5.000 manat məbləğində pul vəsaitini isə aldığı evi tam təmir etdirdikdən və çatışmayan əşyalarını yerinə yerləşdirdikdən sonra ödəyəcəyini İddiaçı bildirmişdir. İddiaçı isə buna etiraz etməmişdir. Lakin bir müddət keçdikdən sonra o, İddiaçı ona satdığı evi təmir etmədiyini görmüş və bununla əlaqədar İddiaçı etiraz etdikdə, İddiaçı fərdi yaşayış evini öz hesabına təmir etdirməyi və sərf olunan xərci 5.000 manat məbləğində borcdan çıxmağı tapşırmışdır. O da İddiaçı sözlərinə inanaraq, sonuncudan aldığı evi təmir etdirmişdir. Növbəti dəfə isə ona vəd etdiyi fərdi yaşayış evinə aid əşyaları vermədiyinə və verdiyi əşyalar isə istifadəyə yararsız olduğuna, həmçinin razılaşdırılmış qaydada həyətyanı torpaq sahəsinin ölçüsü 0,115 hektar deyil, 0,03 hektar olduğuna görə o, İddiaçı olan 5.000 manat məbləğində borcunu ödəməkdən imtina etmişdir. Hətta İddiaçı ona satdığı evdə qeydiyyatdan öz razılığı əsasında çıxmadığına görə o, məcburiyyət qarşısında qalaraq, Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Onunla İddiaçı arasında heç bir borc müqaviləsi bağlanmamış, yalnız fərdi yaşayış evinin alqı-satıqısı barədə müqavilə bağlandıqdan sonra, İddiaçı notariusun yanında onun əlinə 5.000 manat məbləğində pul verib, hansısa sənədə imza etdirmiş və bundan dərhal sonra verdiyi pulu da geri almışdır. Sonda Cavabdeh iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 30 iyul 2021-ci il tarixdə notariat qaydasında təsdiq olunmuş AZ-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında yerləşən, mülkiyyətində olan 0,03 hektar torpaq sahəsini və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 221,3 kvadrat metr, yaşayış sahəsi 138,5 kvadrat metr, yardımçı sahəsi 82,8 kvadrat metr olan 7 otaqlı fərdi yaşayış evinin tam mülkiyyət üzrə özünə məxsus hissəsini Cavabdeh satmış, Cavabdeh isə həmin daşınmaz əmlakı 65.000 manat məbləğində pul vəsaitini İddiaçı ödəməklə almışdır. İşdə olan 30 iyul 2021-ci il tarixdə notariat qaydasında təsdiq olunmuş kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh 5.000 manat məbləğində pul vəsaitini borc vermiş, Cavabdeh isə həmin borcunu İddiaçı xx.xx.2021-ci il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Gəncə İnzibati Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2- 1(114)-2317/2021 saylı sərəncamından və iddia ərizəsinin surətindən görünür ki, Cavabdeh Gəncə şəhəri Baş Polis İdarəsinə qarşı (üçüncü şəxslər X6, X1, X3, X7, İddiaçı, X2, X4) üçüncü şəxslərin ünvan 2 ünvanında qeydiyyatdan çıxarılmaları tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, 30 iyul 2021-ci il tarixdə notariat qaydasında təsdiq olunmuş AZ-İ seriyalı ******* saylı alqısatqı müqaviləsi ilə İddiaçı ünvan 2 ünvanında yerləşən, mülkiyyətində olan 0,03 hektar torpaq sahəsini və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 221,3 kvadrat metr, yaşayış sahəsi 138,5 kvadrat metr, yardımçı sahəsi 82,8 kvadrat metr olan 7 otaqlı fərdi yaşayış evinin tam mülkiyyət üzrə özünə məxsus hissəsini Cavabdeh satmış, Cavabdeh isə həmin daşınmaz əmlakı 65.000 manat məbləğində pul vəsaitini İddiaçı ödəməklə almışdır. Qeyd olunan müqavilə 30 iyul 2021-ci il tarixdə 13 radələrində bağlanmış, bundan 2 saat sonra, həmin gün saat 15 radələrində tərəflər arasında yeni bir müqavilə kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə İddiaçı Cavabdeh 5.000 manat məbləğində pul vəsaitini borc vermiş, Cavabdeh isə həmin borcunu İddiaçı xx.xx.2021-ci il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə iclasında tərəflər müəyyən uyğunsuzluqlar istisna olmaqla, fərdi yaşayış evinin alqı-satqısına dair eyni məzmunlu izahat vermiş və izahatlarında ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın alqı-satqı müqaviləsinin əsl həqiqətdə 65.000 manat məbləğində deyil, 70.000 manat məbləğində bağlandığını, ilk bağlanmış alqı-satqı müqaviləsindən 2 saat sonra bağlanmış kredit müqaviləsindəki 5.000 manat məbləğində borcun alqı-satqı müqaviləsində göstərilməmiş və ödənilməmiş pul vəsaitini ehtiva etdiyini, heç bir məbləğdə pul vəsaitinin borc verilmədiyini bildirmişlər. Mülki işin məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olunmuş halları ilə də, yəni Cavabdeh 65.000 manat məbləğində ödəniş etməklə fərdi yaşayış evini İddiaçı almasından 2 saat sonra İddiaçı 5.000 manat məbləğində pul vəsaitini borc alması tərəflərin izahatlarında göstərdikləri xüsusatların ağlabatan olmasına dəlalət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 389.1 və 389.2-ci maddələrinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. «X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Tərəflərin görünüş üçün bağladıqları müqavilədə göstərilən hüquqi nəticəni əmələ gətirmək niyyətləri olmur və bu cür pərdələmə müqavilə tərəflərinin hər ikisinin qəsdi ilə əhatə olunaraq üçüncü şəxsləri aldatmaq məqsədi daşıyır. «N.Hacıyevanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 mart 2020-ci il qərarında Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; gizli bağlanan əqd və ya pərdələnən əqd tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Mülki işin məhkəmə iclasında tədqiq edilməklə müəyyən olunmuş hallarından göründüyü kimi tərəflər arasında bağlanmış və notariat qaydasında təsdiq olunmuş 30 iyul 2021-ci il tarixli kredit müqaviləsi üzrə onlar arasındakı eyni tarixli alqı-satqı müqaviləsi üzrə alıcı İ.İ.Məmmədovanın satıcı İddiaçı danışmaz əmlakın alınması üçün ödənilməmiş 5.000 manat məbləğində borcu pərdələmək məqsədi ilə bağlandığından yalan əqddir. Belə ki, tərəflər arasında borc müqaviləsindən yaranan hər hansı münasibət mövcud olmamış və həmin əqd üzrə bir tərəf (R.M.Məmmədov) digər tərəfə (Cavabdeh) hər hansı məbləğdə pul vəsaitini borc verməmişdir. Buna görə də hazırki iddia tələbinin əsaslılığı yoxlanılarkən tərəflər arasındakı 30 iyul 2021-ci il tarixli kredit müqaviləsinə həmin müqaviləyə aid olan qaydalar deyil, eyni tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinə aid qaydalar tətbiq edilməli və onun etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola bilməsi, yaxud ola bilməməsi araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə görə yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, pərdələnən müqavilədə tərəflərin həqiqi iradəsi ifadə olunduğundan, bu əqd mülki qanunvericiliklə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verdikdə, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola bilər. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 394-cü maddəsinə görə bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə görə daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsinə görə əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Qanunvericiliyin yuxarıda öyrənilən normalarının tələbindən göründüyü kimi daşınmaz əmlak barəsində müqavilə üzrə öhdəliklərin yaranmasının ilkin şərti iradə ifadəsi ilə yanaşı, belə iradə ifadəsinin notariat qaydasında təsdiq olunmuş müqavilədə ifadə olunmasıdır. Bundan başqa, istər Azərbaycan Respublikası Mülki Məcəlləsində alqı-satqı haqqında nəzərdə tutulmuş ümumi müddəaların, istərsə də daşınmaz əmlakın alqı-satqısı haqqında müddəaların tələbinə görə satılmış daşınar və daşınmaz əmlakın təhvil alındıqdan sonra ödənilməsi qanunauyğundur. Hazırki halda da tərəflər arasında 30 iyul 2021-ci ildə bağlanmış kredit müqaviləsi daşınmaz əşyaların alqı-satqısına dair müqavilənin bağlanmasına uyğun olaraq, notariat qaydasında təsdiq olunmuşdur. Həmçinin qeyd olunan kredit müqaviləsində göstərilən öhdəliyin xx.xx.2021-ci il tarixədək icra olunmasına dair müddəa alıcının daşınmaz əmlakı təhvil aldıqdan sonra xx.xx.2021-ci il tarixinədək onun dəyərinin ödənilməmiş hissəsinin ödənilməsi öhdəliyini üzərinə götürməsi kimi nəzərdən keçirilə bilər. Göründüyü kimi tərəflərin öz aralarında bağladıqları 30 iyul 2021-ci il tarixli kredit müqaviləsi əslində nəzərdə tutduqları həmin tarixli daşınmaz əmlakın alqı-satqısına aid olan qaydalara uyğundur və həmin müqavilə üzrə ödənilməmiş borcun etirafı kimi xarakterizə edilir. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını nəzərə alaraq, iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verməklə, belə nəticəyə gəlir ki, İddiaçı və Cavabdeh arasında 30 iyul 2021-ci il tarixdə bağlanmış kredit müqaviləsi yalan əqd olsa da, etibarlı əqd kimi həmin tarixdə bağlanmış AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə arzu olunan hüquqi nəticələrə səbəb olur. Bundan başqa, Cavabdeh məhkəmə iclasında iddia tələbinə etirazının əsası kimi göstərdiyi «vəd edilmiş fərdi yaşayış evinə aid əşyaları İddiaçı verməməsinə və İddiaçı verdiyi əşyalar isə istifadəyə yararsız olduğuna, həmçinin razılaşdırılmış qaydada həyətyanı torpaq sahəsinin ölçüsü 0,115 hektar deyil, 0,03 hektar olduğuna görə İddiaçı olan 5.000 manat məbləğində borcunu ödəməkdən imtina etməsinə dair» xüsusatlara hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, Cavabdeh izahatında göstərdiyi həmin hallar inandırıcı deyildir və iddianın təmin olunmamasına əsas hesab edilə bilməz. Belə ki, həyətyanı torpaq sahəsinin ölçüsü qismində 0,115 hektar və 0,03 hektar torpaq sahələri nəzərə çarpacaq dərəcədə bir-birindən fərqlənir. Buna görə də həmin torpaq sahələrinin ilk baxışda fərqləndirilməməsi, eləcə də alqı-satqı müqaviləsi bağlanarkən və buna dair sənədləşdirmə işləri aparılarkən həmin torpaq sahəsi ilə əlaqədar sənədlərin nəzərdən keçirilməməsi və qiymətləndirilməməsi ağlabatan və məntiqə uyğun deyildir. Bundan başqa, Cavabdeh İddiaçıla aralarında olan 30 iyul 2021-ci il tarixli alqı-satqı müqaviləsinin qanuniliyini heç bir halda mübahisələndirməmiş, əksinə həmin müqavilənin predmeti olan əmlak üzərində tam mülkiyyət hüquqlarının həyata keçirilməsi üçün Gəncə şəhəri Baş Polis İdarəsinə qarşı (üçüncü şəxslər X6, X1, X3, X7, İddiaçı, X2, X4) üçüncü şəxslərin ünvan 2 ünvanında qeydiyyatdan çıxarılmaları tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Bundan savayı tərəflər arasında 30 iyul 2021-ci il tarixdə bağlanmış və notariat qaydasında təsdiq olunmuş AZ-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı tərəfindən təmirinə və həmin fərdi yaşayış evinə əşyaların yerləşdirilməsinə aid hər hansı müddəa nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ödənilməmiş borcun əvəzi qismində 5.000 məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 70 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh ödənilməmiş borcun əvəzi qismində 5.000 (beş min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 70 (yetmiş) manat, cəmi 5.070 (beş min yetmiş) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-628/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-628/2022
23.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver