Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6295/2025 24.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq müəyyən etdim: İddiaçı MMC Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 493 AZN əsas borc və faizlər üzrə 143,93 AZN cərimə borcunu, ümumilikdə isə 636.93 AZN borcun və ödənilmiş 30 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə iddiaçı-Express TTS MMC arasında 28 sentyabr 2024-cü il tarixli, TK0022-24 nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı ümumi dəyəri 1100 AZN olan 1 ədəd işlənmiş (ikinci əl) «İphone 12 Pro Max 128 GB» markalı mobil telefonunu cavabdehə satmışdır. Müqavilə üzrə ödənişlər müqavilənin 1 saylı əlavəsinə “Ödəniş cədvəlinə uyğun olaraq 36 faizə vurularaq bərabər hissələrlə 12 aya həyata keçirilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinə əsasən cavabdeh bu günə qədər əsas borcdan 407 AZN, faizlər üzrə borcundan 134 AZN, ödəniş etmişdir. Hal-hazırda, xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin kreditora 493,00 AZN əsas borcu, faizlər üzrə 143.93 AZN borcu olmaqla ümumilikdə isə 636.93 AZN borcu yaranmışdır. Dəfələrlə cavabdehdən öz öhdəliklərini lazımınca yerinə yetirilməsini və borcların vaxtlı-vaxtında ödənilməsi tələb edilsə də cavabdeh hər dəfə müxtəlif bəhanələrlə yaranmış borcunu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi və iddia ərizəsi-ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sübutlar: - Cavabdeh ilə İddiaçı MMC arasında 28 sentyabr 2024-cü il tarixli, TK0022-24 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı ümumi dəyəri 1100 AZN olan “İphone 12 Pro Max 128 GB” markalı mobil telefonu cavabdehə satmışdır. Ödəmələrin 36 faizə vurularaq bərabər hissələrlə 12 aya həyata keçiriləcəyi şərtləşdirilmişdir. - Müqavilənin 2-ci bəndinə görə ödəniş qrafik anunitet üzrə aparıldığına əsasən alıcı vaxtı-vaxtında ödəmədiyi halda əsas məbləğin üstünə cərimə faizləri hesablanır. Cərimə faizləri bu müqavilənin 5-ci maddəsində nəzərdə tutulmuş qaydada tətbiq edilir. - Müqavilənin 5-ci bəndinə əsasən bu müqavilə üzrə öz vəzifələrini həyata keçirməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir. Alıcı ödəniş cədvəlində nəzərdə tutulmuş əsas məbləğin və ona hesablanmış faizlərin bu müqavilə ilə müəyyən edilmiş qaytarılması müddətlərini pozduqda, hər bir gecikdirilmiş əsas məbləğin gündə 0,10 faiz miqdarında cərimə ödəyir. Ödəniş vaxtının gecikdirilməsi 60 günü keçdikdə satıcı qanunvericiliyə uyğun olaraq tədbirlər görmək hüququna malikdir. - Ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə ödənişlər “Ödəniş cədvəlinə” uyğun olaraq 12 ay müddətə həyata keçirilməsi nəzərdə tutulmuşdur. - 10 sentyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh ilə bağlanmış 28 sentyabr 2024-cü il tarixli, TK0022-24 nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixinə kreditor İddiaçı MMC-yə əsas məbləği 493 manat, faizlər üzrə 143,93 manat ümumilikdə isə 636,93 manat borc pul təşkil edir. - xx.xx.2025-ci il tarixli İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış borcun ödənilməsinə dair pretenziya məktubunda borc məbləğinin ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 567-ci maddəsində qeyd olunur ki, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə görə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 449.1-cü maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı MMC-dən 28 sentyabr 2024-cü il tarixli, TK0022-24 nömrəli alqı-satqı müqaviləsinə əsasən «İphone 12 Pro Max 128 GB» markalı mobil telefonu almış, lakin, cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək aldığı malın dəyərindən qalıq qalan 493 manat pulu iddiaçıya ödəməmişdir. Ona görə də iddiaçı alqı-satqı müqaviləsi üzrə qalıq qalan məbləği cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Məhkəmə eyni zamanda 143,93 manat faiz borcunun cavabdehdən tutulması barədə iddiaçının xahişinə qiymət verərək, qeyd edir ki, tərəflər arasında olan müqavilənin 2-ci bəndinə görə ödəniş qrafik anunitet üzrə aparıldığına əsasən alıcı vaxtı-vaxtında ödəmədiyi halda əsas məbləğin üstünə cərimə faizləri hesablanır. Cərimə faizləri bu müqavilənin 5-ci maddəsində nəzərdə tutulmuş qaydada tətbiq edilir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının iddia tələbində faiz kimi tələb etdiyi 149,93 manat faiz borcu kimi deyil, cərimə borcu kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə cərimə (dəbbə) pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, iddiaçı borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 143,93 (yüz qırx üç manat doxsan üç qəpik) manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 10 (on) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı MMC-nin xeyrinə Cavabdeh 493 (dörd yüz doxsan üç) manat əsas, 10 (on) manat cərimə borcu və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 533 (beş yüz otuz üç) manat tutularaq iddiaçıya qaytarılmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə 493 (dörd yüz doxsan üç) manat əsas, 10 (on) manat cərimə və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 533 (beş yüz otuz üç) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-6295/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6295/2025
24.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver